QHT sədri İradə Həsənova iqlim dəyişikliyinin fəsadları barədə xəbərdarlıq etdi

Son bir neçə il ərzində biz iqlim dəyişikliyinin bir çox təsirlərinin geri dönməz olduğunu öyrəndik. İqlim dəyişikliyinin təsirlərinə şirin su ehtiyatlarının azalması, qida istehsalı şəraitində ümumi dəyişikliklər, daşqınlar, tufanlar, istilik dalğaları və quraqlıqlar nəticəsində ölüm hallarının artması daxildir. Yaşayış yerlərindəki sürətli dəyişikliklərə uyğunlaşa bilməyən bir çox bitki və heyvan növləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

Bu sözləri “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova YeniMedia.net portalina açıqlamasında bildirib. Onun sözlərinə görə, bundan başqa iqlim dəyişikliyi qlobal istiləşməyə də səbəb olub. Qlobal istiləşmə nəticəsində buzlaqlar əritdikcə dəniz səviyyəsi hər il daha sürətlə yüksəlir. Dünyada baş verən iqlim dəyişiklikləri “Yer kürəsi su altında qala bilərmi?” sualını daha aktual edib:

“İnsanlıq tarixi boyu dünyanın sonu, Qiyamət günü və təbiətdə baş verəcək böyük dəyişikliklər haqqında düşünmüşdür. Müxtəlif dinlərdə Qiyamət günü ilə bağlı mövzular yer alır. Belə ki, həmin mövzularda təbiət hadisələrinin- zəlzələlərin, daşqınların, dənizlərin daşmasının xüsusi yeri vardır.Son illərdə iqlim dəyişiklikləri, buzların əriməsi və dəniz səviyyəsinin qalxması fonunda “Yer kürəsini su basa biərmi?” sualı həm dini, həm də elmi baxımdan daha çox müzakirə olunur”.

QHT sədri həmçinin bildirib ki, Qurani-Kərimdə və hədislərdə təbiət nizamının pozulacağı, dağların yerindən oynayacağı, dənizlərin bir-birinə qaışacağı bidirilir. Bu baxımdan, Yer kürəsinin su altında qalması ideyası birbaşa texniki mövzu olmasa da,Qiyamət günü təbiətdə baş verəcək fövqaladə hadisələrin məcazi və ya həqiqi göstəricisi kimi qəbul edilir:

“Elm isə bu mövzuya daha konkret faktlarla yanaşır. Alimlərin fikrincə, Yer kürəsinin tamamilə su altında qalması real deyil. Qlobal istiləşmə nəticəsində qütb buzlaqları sürətlə əriyir, dünya ökeanlarının səviyyəsi yüksəlir, sahilyanı ərazilərdə daşqın və su basma riski artır. Alimlərin hesablamalarına görə, əgər temperatur artımı bu templə davam edərsə, növbəti onilliklərdə bir çox ada dövlətləri və sahil şəhərləri qismən və ya tamamilə su altında qala bilər. Bu, Yer kürəsinin bütövlükdə su ilə örtülməsi demək olmasa da, insan yaşayışı üçün ciddi təhlükə yaradır. Bu proses milyonlarla insanın yaşayış yerini dəyişməsinə, kənd təsərrüfatının və eko sistemlərin zərər görməsinə səbəb ola bilər”.

İqlim böhranı insanlığı məsuliyyətə çağırır

“Hazırda qlobal miqyasda təxminən 200.000 buzlaq var və hər il təxminən 750 buzlaq yoxa çıxır. Bununla belə, araşdırmalar göstərir ki, yanan qalıq yanacaqlardan emissiyalar atmosferə buraxılmağa davam etdikcə bu sürət sürətlə artacaq. Qeyd edə ki, buz şəklində olan suyun miqdarı çox vacibdir. Qrenlandiyada buzlar ərisə, dünyanın dəniz səviyyəsi 6 metr qalxacaq. Antarktidada buzlar ərisə isə bu yüksəliş 65 metrə qədər çata bilər”.

İradə Həsənova daha sonra açıqlamasında bunları da bildirib. Onun sözlərinə görə, maraqlıdır ki, dini mənbələrdə xəbərdarlıq kimi təqdim olunan bir çox hadisələr bu gün elmi müşahidələrlə müəyyən mənada üst-üstə düşür. Su çatışmazlığı bir tərəfdən, daşqınlar və sel fəlakətləri digər tərəfdən insanın təbiətə münasibətində ciddi balans pozuntusunun olduğunu göstərir.Həm din, həm də elm insanı məsuliyyətə, təbiəti qorumağa və düşünülmüş şəkildə davranmağa çağırır: 

“Məsələnin mahiyyəti dünyanın sonu deyil, insan fəaliyyətinin təbiətə təsiridir. Təbiətə məsuliyyətsiz yanaşma su fəlakətlərini artırır və bəşəriyyət üçün ciddi xəbərdarlıq rolunu oynayır. Bu baxımdan, Yer kürəsinin su altında qalması fikri həm elmi, həm də mənəvi anlamda insanı düşünməyə çağıran bir mesajdır”.

Nihad Əbilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir