Şeyx Rəcəb Vəssaf Lənkərani (1863-1925). İlahiyyatçı, hacı Samid Quliyev yazır

Azərbaycan ruhaniliyi tarixində nüfuzlu din xadimlərindən biri 1863-cü ildə Lənkəranın Kosalar kəndində ruhani ailəsində anadan olmuş Şeyx Rəcəb Vəssafdır. Lənkəran haqqında ensiklopedik məlumata malik, ağsaqqal ziyalı, ədəbiyyatşünas alim Hacı Mirhaşım Talışlının qeyd etdiyinə görə, Mirzə Rəcəb Kazım oğlunun yazdığı “Nəsihətnamə”, A.Bakıxanovun yaratdığı eyni adlı əsərindən heç də geri qalmır. Şeyx Rəcəbin atası Kazım kişinin Cabbar və Nəcəfəli adında iki oğlu da olmuşdur.

Şeyxin babası Baxşəli (?-1847) Lənkəran qəzasının Dırığ mahalının Bilnə kəndindən (hazırda Lerik rayonunun Bilnə kəndi) Lənkəranın Kusə (Kosalar) kəndinə köçmüş, dövrünün tanınmış el ağsaqqallarından biri olmuşdur. Bu şəcərənin İslama bağlılığı Rəcəbin uşağlıqdan dini təhsil almasına da təsir etmişdir.

Şeyx Rəcəb ilk təhsilini Lənkəran mədrəsəsində almış, sonra Nəcəfül-əşrəfdə dini təhsilini tamamlamışdır. Nəcəfdən qayıdarkən yüksək dərəcəli elmə yiyələnməsinə baxmayaraq, Tehranda “Madərşahi-qədim” mədrəsəsində bir müddət yenidən təhsil almış, Şərq poeziya və fəlsəfəsinin sirlərinə dərindən bələd olmuşdur.

Lənkərana qayıtdıqdan sonra dərin biliyi, elmi və fəsahətli çıxışı ilə seçilən Molla Rəcəbə hörmət əlaməti olaraq “Mirzə” deyilmişdir. Mükəmməl dini savada, gözəl səsə malik olan Mirzə Rəcəb həftədə iki dəfə şəhərin “Kiçik bazar” məscidində azan verər və camaatla qılınan namaza imamlıq edərdi.1893-cü ildə yazdığı 301 beytlik didaktik şeirlərdən ibarət “Əxlaqnamə” əsəri bir sıra dini və əxlaqi dəyərləri ehtiva edir.

“Əxlaqnamə”də insanın daxili aləmini nurlandıran doğruçuluq, əməksevərlik, nəfsə uymamaq, bilikli, düz danışan olmaq, bir sözlə İslam dininin bəyəndiyi xüsusiyyətləri ehtiva olunmuşdur. Əsər din xadiminin nəfis dəsti-xəttiylə fars dilində məsnəvi formasında yazılmış, Lənkəran şəhər 1 nömrəli orta məktəbin fars dili müəllimi mərhum Ağaxan Quliyev (1955-1984) tərəfindən sətri tərcümə olunmuşdur. M.Talışlının təşəbbüsü ilə Şəkər Aslan (1937-1995) əsəri nəzmə çəkərək Azərbaycan dilinə tərcümə etmişdir. “Əxlaqnamə” əsəri AMEA-nın Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

VII əsrdə Ərəbistanda İslam dini təşəkkül tapdıqdan sonra bu dini qəbul edən insanlar arasında elmə marağın daha yüksək olması, yeni ixtiraların edilməsi müşahidə olunurdu. Bu hallar bir daha İslamın elmə və təhsilə verdiyi üstünlüklərdən irəli gəlirdi. Mirzə Rəcəb aldığı yüksək biliyi xalqa çatdırmaqdan zövq alırdı. Quranın xəbər verdiyi elmi məlumatları, Peyğəmbərin (s) hədislərində tərənnüm olunan elmin fəzilətləri geniş təbliğ edirdi. Elmə və təhsilin üstünlüyünü, elmli olan hər bir kəsin yüksək mövqeyə malik olmasını bu cür ifadə etmişdir:Gənclikdən toxnəfs ol, bir doğru yol seç,Sonra qocalıqda gec olacaq gec…

Ömrün baharını duy, sevin, yaşa,

Pərt olma bir zaman çatanda qışa.

Başın uca olsun həyatda deyə,

Qoy başın qarışsın elmə, biliyə!

Çalış, elm qazan, sən aydın-açıq,

Gərək olsa sən uzaq səfərlərə çıx.

Açarı bilikdir saf ləyaqətin,

O açarı tapmaq çətindir-çətin!

Başında elmdən tac olsa əgər,

Həyatda kim sənin başını əyər.

Kimin ki, elmi var, biliyi vardır,

Tay-tuşlar içində o bəxtiyardır.

Tövhid səmavi dinlərin əsas prinsiplərindən biri olmaqla ilahi elçilərin təbliğat vasitəsi olmuşdur. Qurani-Kərimdə ən çox toxunulan mövzulardan biri də, Tövhid – Allahın yaradan kimi şəriksiz olması məsələsidir. Qurani-Kərimdə oxuyuruq: “(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir Tanrı yoxdur, buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək”.

“Əxlaqnamə” əsərində də bu məsələ diqqətdə saxlanılmış, ixlaslı olaraq ibadətin əvəzsiz olması vurğulanmışdır:

Xoşbəxtlik istəsən, oğul qulaq as,

İbadət etməkdə tənbəllik olmaz.

Hər gün ibadət et, sözümə baxsan,

Böyük səadətə tez çatacaqsan…

Fikrinə gətirmə heç vaxt riyanı,

Hər gün pərəstiş et, Allahı tanı.

Riyanın şəriki, hiylədir, şərdir,

Bu vadidən keçmək böyük hünərdir.

Çalış küfr demə, özünə yol aç,

Günahın odundan tüstü kimi qaç.

Mirzə Rəcəb yaratdığı əsərlərdə “Vəssaf” (vəsf edən) təxəllüsündən istifadə etmişdir. “Əxlaqnamə” əsəriylə yanaşı, onun tibbi mövzuda “Dişə qulluq etmək qayadası” barədə 8 səhifəlik bir kitabçası da vardır. Bu kitabça da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilir

.Zəmanəsinin böyük din xadimlərindən olan Mirzə Rəcəb Vəssaf 1925-ci ildə vəfat etmiş, Lənkəranın Kosalar kəndində torpağa tapşırılmışdır. Hazırda Lənkəran şəhərinin küçələrindən biri Mirzə Rəcəb Vəssafın adını daşıyır. Mirzə Rəcəb Vəssaf bu gün də unudulmur, məclislərdə böyük ehtiramla yad olunur, zəngin irsi gənclərə çatdırılır.

Samid Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir