Peşmançılığın divarları… Ramal Əliyev yazır

Həbsxanadan çıxmış bir dostun etirafları əsasında

Həyat insanı bəzən ən güvəndiyi yerdən sarsıdır. Elə anlar olur ki, dünən möhkəm sandığın zəmin bu gün ayağının altından çəkilir. Bu gün azad olan insan sabah dörd divarın içində qala, bu gün ümidlə yaşayan biri sabah ümidini itirə bilər. Elə buna görə də deyiblər: heç vaxt “heç vaxt” demə. Çünki tale insanın qapısını gözlənilməz vaxtda döyür.

Mənə uaxın, savadlı, dünyagörüşlü və imanlı bir dostumun başına gələnlər bu həqiqəti mənə bir daha anlatdı. İstəmədən bir anlıq ehtiyatsızlıq,onu on ay müddətinə azadlıqdan məhrum etdi. Onun həbsi təkcə özünü deyil, ailəsini, dostlarını, onu tanıyan hər kəsi dərin bir sükuta bürüdü. Lakin taleyin hökmü qarşısında insan yalnız səbr etməyi bacarır. Zaman keçdi, günlər ayları qovaladı və nəhayət, o on ay tamamlandı.

Azadlığa qayıdış sanki uzun bir qaranlıqdan sonra işığa çıxmaq idi. Evin qapısı açıldı, içəriyə sevinc, həsrət və göz yaşları doldu. Qohumlar, dostlar bir-bir onun yanına gəldi. Biz də getdik. Adətən insan hardan qayıdırsa, ordan danışır: əsgər səngərdən, tacir səfərdən, məhbus isə dörd divardan…

Dostum danışırdı. Səsi sakit idi, amma sözləri ağır idi.

Ən ağır cəza…

Onun dediklərindən ən sarsıdıcı olanı bu idi:
Həbsxanada ən ağır cəza dəmir barmaqlıqlar deyil, peşmançılıqdır.

Deyirdi ki, orada olan insanların demək olar hamısı törətdikləri əməli düşünə-düşünə yanırdı. Gecələr yuxudan diksinərək oyananlar vardı. Bəziləri öz-özünə pıçıldayırdı:

“Kaş o gün susaydım…
Kaş bir anlıq qürurumu udaydım…
Kaş səbr etsəydim…”

Birisi yol üstündə baş verən kiçik bir anlaşılmazlığın onu necə illərlə azadlıqdan məhrum etdiyini deyirdi. Digəri toy məclisində bir musiqiyə görə başlayan davanın iki həyatı necə yarımçıq qoyduğunu. Biri qəbirdə, biri həbsxanada…

Bunların hamısını bir cümlə birləşdirirdi: “Kaş…”

Bu “kaş”lar orada insanın boğazını sıxan görünməz bir kəndirə çevrilirdi. Dostum deyirdi ki, peşmançılıq bəzən onları elə içdən yeyirdi ki, azadlıqdan məhrumluq onun yanında kölgə kimi qalırdı.

Azadlıq və səbr…

Onu dinlədikcə anladım ki, azadlıq yalnız çöldə olmaq deyil. Azadlıq vicdanın rahatlığıdır. Səbr isə insanı həm cinayətdən, həm də peşmançılıqdan qoruyan ilahi bir sipər,ilahi bir əmrdir.
Necə ki,Allah Qurani kərimdə bir ayədə deyir ; Allah səbr edənlərlədir…
O kəslər ki, biri-birinə səbri tövsiyyə edərlər…

Bu hekayələr bütün azadlıqda olanlar , xüsusilə gənclər üçün ibrət aynası olmalıdır. Hələ həyatın başlanğıcında olan, cinayəti “ad qazanmaq”, zorakılığı “hörmət qazanmaq” yolu sanan düşüncələr bu divarların içində darmadağın olur. Həbsxana qəhrəman yetişdirmir, itirilmiş ömürlər yığır.

Ağlı olan insan cinayətlə fəxr etməz. Valideyn övladının savadı ilə, zəhməti ilə, əxlaqı ilə başını dik tutar.Ömrünü cinayətkarlığa həsr etmiş biriylə isə heç kim yol yoldaşı ,həyat yoldaşı,qonşu olmaq istəməz.

Bəli, heç kim həyatda həbsdən sığortalanmayıb. Amma insan öz əli ilə fəlakətinə imza atmamalıdır. Bir anlıq qəzəb naminə ailəni gözü yolda qoymaq, valideynləri həbsxana qapılarında qocaltmaq, ömrü dəmir qapılar arxasında çürütmək ağıllı insanın seçimi deyil.

Cinayət qəhrəmanlıq deyil — antiqəhrəmanlıqdır.

Dostum vidalaşarkən bir cümlə dedi, səsi hələ də qulağımdadır:

“Orada insanları peşmançılıq həlak edirdi.”

Gəlin, peşmançılığın divarlarını öz əllərimizlə hörməyək.
Bir addım atmadan öncə düşünək.
Bir söz demədən əvvəl səbr edək.

Çünki bəzən bir anlıq səbr, bir ömür azadlıq deməkdir.Bir anlıq səbrsizliyin bizədə nəvaxtsa “Kaş”dedizdirməsinə imkan verməyək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir