Azərbaycan “TikTok”u: Böyüməyən uşaq, yoxsa böyüyən təhlükə? – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov
“Bütün sosial şəbəkələrdə olduğu kimi, TikTok-da da hər keçən gün kontent sayı və janr müxtəlifliyi sürətlə artır. Təəssüf ki, dünyanın aparıcı ölkələri ilə müqayisədə Azərbaycanda TikTok-un inkişafı daha qeyri-adi və qeyri-standart bir yol izləyir. Bizdə TikTok-un inkişafı sağlam və mütərəqqi şəkildə deyil, sanki “çox dəcəl, nəzarətsiz bir yeniyetmə” kimi, bəzi hallarda isə mənəvi və sosial problemləri olan bir fenomen kimi ortaya çıxır”.
Bu sözləri Patrul.az-a açıqlamasında “TikTok” sosial şəbəkəsinin getdikcə təhlükəli platformaya çevrilməsindən və bunun qarşısının alınması üçün həll yollarından danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.
Onun sözlərinə görə, digər platformalar – “Facebook”, “İnstagram”, “YouTube” və “Twitter” Azərbaycanda müəyyən yaş dövrlərindən keçərək daha yetkin, daha oturuşmuş sosial şəbəkələrə çevriliblər:
“Lakin “TikTok”un Azərbaycan seqmenti bu baxımdan fərqlidir. Sürətlə yayılsa da, intellektual, estetik, texnoloji və mədəni dəyər baxımından ciddi çatışmazlıqları var.
Təəssüflə qeyd edilməlidir ki, “TikTok” Azərbaycanda getdikcə daha çox mənəviyyatsız kontentin, əxlaqsızlıq və bayağılığın yayılma məkanına çevrilməkdədir. Bu platformada gənclər, hətta azyaşlılar arasında tez tanınmaq, sürətli pul qazanmaq, izlənmə və populyarlıq uğrunda şəxsi sərhədlərin aşılması hallarına rast gəlinir. “Tiktok”da narkotik maddələrin təbliği, virtual dilənçilik, seksual xarakterli paylaşımlar və qumar oyunları ilə bağlı hallar artıq ciddi narahatlıq doğurur”.
Sosioloq vurğulayıb ki, əvvəllər küçələrdə və cəmiyyətin periferiyasında qalan mənfi nümunələr indi evimizin içərisinə qədər girib, övladlarımızın psixologiyasına və mənəviyyatına təsir etməyə başlayıb:
“Bu isə yalnız texnoloji yox, həm də dərin bir sosial və mədəni təhlükədir.
Əlbəttə, “TikTok”da müsbət məzmun yaradan, öz məhsulunu tanıdan, sənətini və yaradıcılığını paylaşan insanlar da var. Lakin bu kontentin payı çox azdır, demək olar ki, 10%-dən çox deyil. Qalan 90% kontent isə sosial şəbəkənin ciddi dəyərlərini aşındırmasına xidmət edir.
Bütün bunlardan görünür ki, “TikTok” və digər platformalar cəmiyyət üçün təhlükəli bir məkana çevrilə bilər. Bu da gənclərimizin mənəvi-əxlaqi dəyərlərinin ciddi şəkildə deformasiyasına gətirib çıxaracaq”.

Aydın Xan Əbilov digər ölkələrdəki vəziyyətdən də söz açıb.
O qeyd edib ki, dünyanın bir çox ölkələrində “TikTok”un yaratdığı risklərə qarşı artıq addımlar atılıb:
“ABŞ, Avstraliya və Avropa ölkələri “TikTok”a yaş senzoru, şəxsiyyət təsdiqi, kontent filtrasiya mexanizmləri kimi alətlər tətbiq edirlər. Azərbaycanda da bənzər tədbirlərin görülməsi, qanunvericilik dəyişikliklərinin edilməsi və bu sahəyə nəzarətin gücləndirilməsi zəruridir”.
Bu cür halların daha çox genişlənməməsi üçün hansı addımlar atıla bilər? Qadağalar kifayət edəcəkmi?
Müsahibimizin fikrincə, təkcə qadağalarla bu problemin qarşısını almaq mümkün deyil:
“Qadağalar bəzən əks təsir doğurur, marağı daha da artırır. Ona görə də burada əsas hədəf etik mədəniyyətin və maarifləndirmənin inkişafı olmalıdır. Məktəblərdə, ailələrdə, media və sosial platformalarda sağlam rəqəmsal davranış modelləri təbliğ olunmalıdır.
Eyni zamanda, normativ hüquqi bazanın yenilənməsi vacibdir. İnzibati və cinayət məsuliyyətinə dair yeni maddələr əlavə edilməli, sosial şəbəkələrdə əxlaqsızlıq, zorakılıq, narkotik təbliği və s. pozuntulara görə ictimai işlər və rüsvayedici tədbirlər tətbiq olunmalıdır. Məsələn, belə şəxslər ictimai məkanlarda işləməyə, cəmiyyət qarşısında üzr istəməyə məcbur edilə bilər.
Bundan əlavə, maarifləndirmə kampaniyaları genişləndirilməlidir. Ənənəvi media, sosial şəbəkə aktivistləri, blogerlər və ekspertlər bir araya gələrək bu problemi ictimaiyyətə düzgün şəkildə çatdırmalıdır”.
Ləman Sərraf

