“Uşaqların böyüməsində qadağa yox, düzgün istiqamət önəmlidir”. “Ailə münaqişələrinin oduna uşaqlar yanır” – Psixoloq Fəridə Musəvidən aktual açıqlamalar

“Uşaqlara qadağa yox, düzgün istiqamət vermək vacibdir”

Bu barədə tanınmış psixoloq Fəridə Musəvi portalımıza açıqlamasında aşağıdakıları bildirib:

“Uşaqlara qadağalar olmalıdır, amma qadağalar qadağa şəkilində olmamalıdır. Çünki uşaqa desən ‘bu olmaz, bunu etmə’, o, əksini edəcək. Qadağanı valideyn və müəllimlər elə bir siyasətlə tətbiq etməlidirlər ki, uşaq bunu öz təfəkküründə hiss etməsin.”

Psixoloq əlavə olaraq bildirib:

“Məsələn, məktəb dərslərinə maraq yaratmaq üçün uşağa sadəcə ‘oxu’ demək yox, onu məntiqi oyunlarla məşğul etmək lazımdır. Evdə valideyn isə vaxt bölgüsü yaratmalı və telefonu yalnız zərərləri ilə tanıtmalıdır; ‘telefonla oynama’ demək kifayət deyil.”

Sonda psixoloq əlavə edib:

Hər uşaq fərqlidir, ona görə müəllimlər və valideynlər fərdi yanaşmalı, psixoloji həssaslıqla hərəkət etməlidirlər. Məqsəd uşağın öz təfəkküründə ‘bu olmalıdır, bu olmamalıdır’ prinsiplərini formalaşdırmaqdır.”

“Ailə münaqişələrinin oduna uşaqlar yanır” – Psixoloq xəbərdarlıq etdi

Psixoloqlar bildirir ki, ailədaxili münaqişələr təkcə uşaqların psixologiyasına deyil, həm də onların xarakterinə, şəxsiyyətinə və təhsilinə ciddi mənfi təsir göstərir. Belə bir mühitdə böyüyən uşaq dərslərinə tam şəkildə fokuslana bilmir. Həmin uşaqlar məktəbdə sinif yoldaşlarına qarşı aqressiv davranışlar sərgiləyir, müəllimin suallarına cavab verməkdə çətinlik çəkir və dərs zamanı özlərini ifadə edə bilmirlər.

Psixoloq Fəridə Musəvi onu da bildirib ki, ailədə baş verən münaqişələr uşaqda daxili qapanıqlığa səbəb olur. O qeyd edib:

“Uşaqlar nə qədər yaxşı oxusalar da, ailədə daima münaqişə görən uşaq dərslərinə tam adaptasiya ola bilmir. Məktəbdə müəllimlərin suallarına cavab verməkdə çətinlik çəkir, yoldaşlarına uyğunlaşa bilmir və daxilə qapanır”.

Psixoloqun sözlərinə görə, valideynlər hansısa problemi mütləq şəkildə uşaqdan uzaq saxlamalıdır. Həmin məsələlər valideynlər arasında ikilikdə həll olunmalıdır. Çünki ailə daxilində baş verən münaqişə yalnız ailə üzvlərini deyil, uşaqları da psixoloji olaraq yükləyir:

“Təəssüf ki, bu gün ailə daxilində yaşanan problemlər təkcə ev daxilində qalmır. Hətta yaxın qohumlar da bu məsələyə qarışır. Hər kəs öz həyat təcrübəsinə əsasən fikir bildirir. Lakin bu fikirlər ailədəki problemi daha da alovlandırır. Ailə daxili ‘közərmiş ocaq’ olur və həmin ocaqda böyüyən uşaqlar ‘yanır’. Bu səbəbdən valideynlərə tövsiyəmiz budur ki, belə hallarda qohumlara və tanışlara deyil, peşəkar psixoloqlara müraciət etsinlər. Əks halda bu, ailə üçün uğursuz nəticələrə gətirib çıxarır”,-deyə psixoloq bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir