Vətən sevgisinin bükülməyən qolu: Kamran Fərəcov. – Leyla Məcidova yazır
Zaman axıb gedir, fəsillər dəyişir, amma vətən torpağının azadlığı uğrunda canından keçən cəsur oğulların buraxdığı unudulmaz izlər, ürəklərdə yandırdığı qürur və göynərti dolu çıraqlar heç vaxt sönmür. Hər bir şəhidliyin arxasında bir qəhrəmanlıq dastanı ilə yanaşı, həm də yarımçıq qalmış arzular, doğma bir ocağın hərarəti, sevgi dolu gözlərin həsrəti dayanır. 44 günlük Vətən müharibəsinin adını qızıl hərflərlə zəfər salnaməmizə yazan belə işıqlı simalardan biri də xalqımızın fəxri, kapitan Kamran Qılman oğlu Fərəcovdur.
1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində dünyaya göz açan Kamran, hələ uşaqlıq illərindən savadı, təmkinli davranışı, dərin məsuliyyəti və qəlbindəki vətən sevgisi ilə seçilirdi. O, sadəcə hərb sənətini seçmədi, bu şərəfli peşəni həyat amalına çevirdi. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirdiyi ilk gündən – leytenant kimi xidmətə başladığı Pereküşküldən tutmuş Ağdamın, Gəncənin, Goranboyun alovlu cəbhə xətlərinə qədər hər addımda zabit şərəfini uca tutdu. Əsgərləri üçün o, yalnız bir komandir deyil, arxalanacaqları möhkəm bir dağ, dara düşəndə pənah aparacaqları ata, qardaş və sirdaş idi. Döyüş meydanında cəsarəti ilə canavarı xatırladan bu məğrur zabit, əsgərlərinə də “canavarlarım” deyərək onlara ruh verir, qələbəyə olan inamlarını alovlandırırdı.
Lakin Kamran Fərəcovun cəsur hərbçi çiyinləri altında bənzərsiz, son dərəcə zərif, mülayim və sevgi dolu bir insan ürəyi döyünürdü. Ailəsi üçün o, varlığı ilə dinc və rahat bir liman, sözün həqiqi mənasında nümunəvi bir ailə başçısı idi. O, ömür-gün yoldaşı Nuranə xanımı sonsuz hörmət, dərin sədaqət və rəqsanə sevgisi ilə sevir, hərbi xidmətin çətin, sərgərdan yollarında onun mənəvi dayağına çevrilirdi. Nuranə xanım da öz növbəsində Kamranın xidmət etdiyi hər addımda – Ağdamda, Gəncədə, Goranboyda onunla çiyin-çiyinə addımlayaraq bu şərəfli, lakin çətin yolu birlikdə yaşamışdı. Nuranə xanımın göstərdiyi bu fədakar sevgi və anlayış Kamranın ürəyinə hər zaman rahatlıq gətirər, evlərində həmişə mülayimlik, istiqanlılıq və əsl ocaq hərarəti yaradardı.
Evliliklərindən on ildən çox vaxt keçdikdən sonra Tanrının onlara pay verdiyi əkiz qızları – Dəniz və Şəms dünyaya gələndə Kamranın dünyası büsbütün dəyişdi. O, qızlarına sadəcə bir ata olmadı; onların hər gülümsəməsindən zövq alan, gözlərindəki işıqdan güc alan, varlığı ilə övladlarını bürüyən nəvazişli bir ata oldu. Qızlarının kiçik addımları, şirin dilləri Kamranın sərt, müharibə görmüş hərbçi ürəyini uşaq masumluğu ilə doldururdu. O, övladlarını elə bir sevgi ilə əhatə etmişdi ki, bu sevgi indi də həmin ocaqda hər gün Kamranlı günlərin xatirəsi kimi yaşayır.
Əslində müharibə yalnız torpaqları dağıtmır, evləri viran qoymur; müharibə həm də insan qəlblərində sağalmaz yaralar açır, anaları oğulsuz, körpələri atasız, sevgiləri yarımçıq qoyur. Torpaqlarımızın illərlə işğal altında qalması, Vətənin bağrına vurulan hər bir yara patriot və həssas qəlbli Kamranın ürəyinə sağalmaz ağrılar çökdürmüşdü. Bronxiatrik narahatlıqları, bronxlarındakı ciddi xəstəlik və II qrup əlilliyi səbəbindən ehtiyata buraxılmasına baxmayaraq, onun vətən dərdi ilə alovlanan ürəyi evdə sakitcə oturmağa, gecələr rahat yuxu yatmağa imkan vermirdi. O ürək torpaqlarımızın tapdaq altında qalmasına, silahdaşlarının və gənclərin cəbhədə döyüşdüyü bir vaxtda kənarda qalmağa tab gətirə bilməzdi. Həyat yoldaşının göz yaşları içində: “İki qızın var, bronxların xəstədir, ehtiyatdasan, getməyə bilərsən” nidasına Kamranın verdiyi cavab, bir insanın ləyaqət və vətənpərvərlik zirvəsinin təcəssümü idi: “Məni sındırma… Hərbçi dostlarım, gənclər ordadır, işğalda torpaqlarımız var. Özümü bağışlamaram, bu yüklə yaşaya bilmərəm. Şəhid olsam da eybi yox, şəhidlik də gözəldir…”
İştə belə bir uca ruha malik idi Kapitan Fərəcov. O, 2020-ci il sentyabrın 20-də könüllü olaraq cəbhəyə atıldı, sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayılın və Qubadlının azadlığı uğrunda ön cərgədə mərdliklə vuruşdu. Qubadlı istiqamətində gedən gərgin döyüşlər zamanı özü ağır yara alsa da, bir an belə geri çəkilmədi, alovlar içində yaralı dostlarının yardımına tələsdi. Yaralı halda belə səngərdəki silahdaşlarına dəstək olan, Vətənin hər qarış torpağı üçün canını sipər edən Kamran, oktyabrın 21-də Qubadlı döyüşlərində son nəfəsinədək qəhrəmancasına savaşaraq arzuladığı ən uca zirvəyə – Şəhidlik məqamına ucaldı.
Bu gün Kamran Fərəcovun arxada qoyduğu ən müqəddəs yadigar onun vətənə olan sonsuz sevgisi, ləyaqətli zabit adı, sevimli ömür-gün yoldaşı Nuranə xanımın sədaqəti və iki çiçək tək əkiz qızı Dəniz ilə Şəmsdir. O, ölümün də, yaşamağın da, sevməyin də vətənpərvərliyə yaraşan ən gözəlini seçdi. Kamran kimi məğrur, mülayim və fədakar oğulların xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq, onların azad etdiyi torpaqlarda açan hər bir çiçək bu qəhrəmanlığın ətrini yayacaqdır.
Gözün arxada qalmasın, cəsur Komandir!Vətəndə, əmanət qoyub getdiyin balaların da, sevdiklərin də sənin müqəddəs ruhuna əbədi minnatdardır. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun inşallah!

Leyla Qadir qızı Məcidova
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,
LDU-nun dosenti

