Tariximizə etibar, gələcəyimizə Əmanət: Muzeyimiz irs ocağıdır. – Leyla Məcidova yazır
Muzey işi yalnız geçmişin eksponatlarını mühafizə etmək deyil, xalqın yaddaşını, ruhunu və mənəvi sərvətini gələcək nəsillərə ötürən müqəddəs bir missiyadır. Son dövrlərdə yerli əhalimizin Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə göstərdiyi böyük həvəs, diqqət və etimad bizdə dərin minnətdarlıq hissi oyadır. Sakinlərimizin öz ulu babalarından, soy-köklərindən yadigar qalan dəyərli tarix və mədəniyyət nümunələrini muzeyimizə hədiyyə etməsi xalqımızın öz keçmişinə olan yüksək ehtiramının bariz təzahürüdür.
Bu gözəl ənənənin və etimadın bariz nümunəsi olaraq, Astara rayonunun Vaqo kənd sakini Məmmədova Mahiyə Xudu qızı tərəfindən ailə yadigarı olan, orta əsrlərə 16-cı əsrə aid nadir Quran-i Kərim əlyazması muzeyimizə hədiyyə olunmuşdur. Biz bu qiymətli tarixi eksponatı rəsmi akt əsasında böyük məsuliyyətlə qəbul edərək muzeyimizin saxlanış fonduna təhvil verdik. Şəxsi arxivlərdə qalan belə unikal incilərin muzeyə etibar edilməsi tariximizin qorunması yolunda atılan çox böyük və təqdirəşayan bir addımdır.
Fəaliyyətə başladığım ilk gündən əsas hədəflərimizdən biri cənub bölgəsinin zəngin intellektual, elmi və mədəni potansialını layiqincə tanıtmaq olmuşdur. Bu məqsədlə muzeyimizdə elm, mədəniyyət, ədəbiyyat, incəsənət və müxtəlif sahələrdə xidmətləri olmuş tanınmış şəxsiyyətlərimiz üçün xüsusi bir hissə ayırmışıq. Həmin bölmədə doğma cənub diyarımızın yetirdiyi ziyalıların, yazıçı və şairlərin müəllif olduğu kitaplar, qiymətli nəşrlər cəmlənir. Yeni çapdan çıxmış kitabı olan hər bir ziyalımızı əsərlərini muzeyimizə hədiyyə etməyə dəvət edirik ki, biz o kitabları layiqincə sərgiləyərək muzeyimizi ziyarət edən yerli və xarici qonaqlara bölgəmizin görkəmli simaları haqqında ətraflı məlumat verə bilək.
Eyni zamanda, cənub bölgəsinə aid olan, bu gün həyatda olmayan tanınmış bəstəkarlarımızın, müğənnilərimizin, incəsənət xadimlərimizin doğmalarına və ailələrinə müraciət edərək bildirmək istəyirəm ki, onlara aid olan xatirə əşyalarını, şəxsi sənədləri, nişanları muzeyimizə təqdim etsinlər, beləliklə onların adları və irsi muzey xəzinəmizdə əbədi yaşasın. Həmçinin evlərinizdə, şəxsi arxivlərinizdə olan tarixi külliyyatları, əlyazmaları və ulu babalarınızdan qalan dəyərli əşyaları muzeyimizə etibar edin ki, bu maddi-mənəvi xəzinələr fərdi evlərdə zamanla unudulmaq və ya tələf olmaq təhlükəsi ilə üz-üzə qalmasın, muzey şəraitində peşəkar şəkildə qorunsun. Dövlətimiz möhkəmdir və tariximiz əmin əllərdədir. Gəlin muzey işini birlikdə daha da gücləndirək, keçmişimizə sahib çıxaraq milli-mənəvi irsimizi gələcək nəsillərə daha zəngin şəkildə təhvil verək. Muzeyimiz hər birinizin tarixi əmanətini gələcəyə daşıyan etibarlı ünvanıdır!

Leyla Qadir qızı Məcidova
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,
Dosent

