Dövlətçilik amalı: Vüqar Abbasov. Leyla Məcidova yazır
Zaman axarında hər kəsin öz ömür payı, bu ömrə həkk etdiyi izlər var. Lakin elə insanlar olur ki, onların yaşam yolu tək öz taleyinin çərçivəsində qapanmır, doğulub boya-başa çatdığı torpağın, mənsub olduğu xalqın və xidmət etdiyi dövlətin varlığı ilə qırılmaz tellərlə bağlanır. Oktyabr ayının bu mübarək payız günündə şərəfli ömür yolunun növbəti zirvəsini qeyd edən, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədr müavini, Vətən müharibəsi veteranı, nəcib ziyalı Vüqar Əbdül oğlu Abbasov məhz belə insanlardandır.
12 oktyabr 1973-cü ildə Astara rayonunun füsunkar, zəngin təbiətli Kijəbə qəsəbəsində, müəllim ailəsində dünyaya göz açan Vüqar müəllim ilk addımlarından həyatı, insanlığı və mənəvi dəyərləri müqəddəs bir ocağın işığında öyrənib. İşıqlı bir ziyalı ailəsində qazanılan o,ilk tərbiyə insana hörmət, elmə, maarifə ehtiram və torpağa sədaqət hissiyyatı onun gələcək mənəvi simasının təməl daşına çevrilib. Bu təməl onun xarakterində aristokratik nəzakəti, dərin mədəniyyəti, kübar duruşu və sarsılmaz dövlətçilik amalını formalaşdırıb.
Vüqar Abbasovun ömür kitabı sadəcə bioqrafik tarixlər toplusu deyil, o, Vətənə sədaqətin və ziyalılığın təcəssümü, dövlətə xidmətin və yüksək vətəndaşlıq məsuliyyətinin bəyanıdır. Birinci Qarabağ müharibəsinin alovlu illərində gənclik enerjisini, canını və qəlbini torpaqlarımızın müdafiəsinə həsr edən Vüqar müəllim cəbhə yollarında mərdlik dərsi keçib. Qarabağ veteranı olmaq onun üçün sadəcə bir status deyil, ruhuna həkk olunmuş müqəddəs bir şərəf nişanəsidir. Vətən cəbhəsindən quruculuq və ictimai-siyasi fəaliyyət müstəvisinə adlayan bu nəcib insan harada çalışmasından asılı olmayaraq, hər zaman Ümummilli Lider Heydər Əliyev ideyalarına sarsılmaz inamla xidmət edib. YAP Astara rayon təşkilatının sədr müavini kimi məsuliyyətli missiyanı şərəflə daşıyarkən, gənc nəslə vətənpərvərlik, dövlətə sədaqət və mənəvi bütövlük nümunəsi göstərir.
Onun insanlarla münasibəti, həmsöhbətini sonuna qədər dinləmək bacarığı, qarşısındakına dəyər vermək həssaslığı və hər kəsə xoş məramla yanaşması əsl ziyalı kübarlığının parlaq tezahürüdür. “Qəlbi özündən böyük olan insan” deyimi məhz Vüqar müəllimin surətində gerçəkləşir. O, parlaq zahiri yaraşığı ilə daxili aləminin zənginliyini, mənəvi təmizliyini və ali insani keyfiyyətlərini təbii bir ahənglə birləşdirən nadir şəxsiyyətlərdəndir.
Bir insanın cəmiyyətdəki uğuru onun ömür bütövlüyü və işıq bəxş edən qəlb sahibi olması ilə, ailə dəyərlərinə verdiyi uca qiymətlə ölçülür. Vüqar müəllim səmimiyyəti, sevgisi və qarşılıqlı ehtiramı ilə gözəl bir ailə tablosunun yaradıcısıdır. Ziyalı ocağında böyüyən və bu mənəvi dəyərləri öz həyatında yaşadan Vüqar müəllim, ətrafındakı hər kəsə xeyirxahlıq, nur və istilik bəxş edir.
Gözəl insan, dəyərli ziyalı və vətənpərvər insan!
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun və xoşbəxt ömür, ailə səadəti arzulayırıq! Dövlətimizin tərəqqisi, xalqımızın rifahı və doğma Astaramızın ictimai-mədəni həyatındakı şərəfli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar və tükənməz enerjilər diləyirik. Qəlbinizdəki bu Vətən sevgisi və insanlıq işığı heç vaxt sönməsin!

Leyla Qadir qızı Məcidova
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
Dosent

