Humanitar-estetik fikrimizin Əsəd Cahangiri. Aydın Xan Əbilovdan kulturoloji yazı
Ədəbiyyat esteti, kreativ – ədəbi-tənqidi və akademik – ədəbiyyatşünaslıq – elmi-nəzəri fikirləri ilə milli filoloji-kulturoloji baxışlarımızı durmadan zənginləşdirən Əsəd Cahangirin ömür kitabının 60 səhifəsinə ucaldığını biləndə, təəccüblənib eləmədim. Azərbaycan xalqının tarixində elə adlar var ki, sözün hər mənasında, eləcə də fəlsəfi anlamında onlar mənim üçün bir Vahidin ayrı-ayrı görünən tərəfidir. O mənada Əsəd Cahangir də Zərdüşt peyğəmbərdən başlamış, Dədəmiz Qorqud, Xaqani, Nizami, Füzuli, Tusi, Xətai, Nəsimi, Axundov, Mirzə Cəlil kimi görkəmli şəxsiyyətlər – bilik və söz sahiblərindən ibarət mədəniyyət zəncirinin, – fitri istedad sahibi olan, – bir incisinə bənzəyir.

Əsədin yaşını müəyyənləşdirmək mümkün deyil, o, sadalanan dahilər kimi əbədi müdrik ağsaqqal, tənqidi-nəzəri fəallığına, intellektual ədəbi-mədəni mövqeyinə, estetik-fəlsəfi fikrimizdəki çevikliyinə, ən əsası isə bədii söz sənətimiz və çağdas modern dilimizdəki təkanverici cəhətlərinə görə həmişəcavandır.
Əsəd kamillik yolunda müdriklik məqamına yüksələn ustad fikir ağsaqqallarımızdandır, eyni zamanda modern fəlsəfi-poetik mövqeyinə görə, həm də yeni nəsil düşüncə sahiblərinin liderlərindən sayılır.
İndi bir sıra alimciyəzlərin filoloji-humanitar elmimizin zibilləyən son illərin göbələk kimi “kopyalardan” ibarət cild-cild monoqrafiyaları, kitablari, dissertasiyalarına meydan oxuyan Əsəd Cahangirin sanballı elmi-nəzəri, ədəbi-kulturoloji məqalələrini, yazılarını, çıxışlarını, əsərlərini diqqətlə izləyəndə – kulturoloji təhlilinə başlayanda bu jamil imza sahibinin ortaya qoyduğu beyin məhsullarındakı milli-intellektual sifrələrə, kreativ tapıntılar həyrətlənməmək mümkün deyil…
Həmişə yenilikləri ilə cəmiyyəti qabağa aparan Əsəd Cahangirin bəxti bir məsələdə gətirməyib: lazımi zamanda dünyaya gəlməməsi, vaxtında parıldamamağı, böyük mənada dəyərləndirilməməsi, vacib qiymətini almaması. Bunu da buraxaq zamanın və zəmanədaşların vicdanına…
Xalqımızın dəyərli övladı, düşünən beyni, danışan dili, yazan qələmi, sevən ürəyi Ustad Əsəd, sizin yarımömürlük Yubileyiniz təbrik edir, yeni-yeni yaradıcı və intellektual uğurlar diləyirik…
Aydın Xan Əbilov
İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq

