Keyfiyyətsiz geyimlərin artmasının əsas səbəbi nədir? – #YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov təhlükələri sadaladı
Məsələyə münasibət bildirən Yeni Yazarlar İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, müasir dünyada geyim artıq təkcə zəruri ehtiyac deyil, həm də sosial statusun, estetik zövqün və fərdi kimliyin göstəricisinə çevrilmişdir…
Son onilliklərdə geyim sənayesi sürətlə “fast fashion”, yəni “tez moda” modelinə keçib. Bu modelin mahiyyəti – geyimləri çox ucuz, kütləvi və qısa ömürlü şəkildə istehsal etməkdir. Dünyada hər il 100 milyarddan çox geyim istehsal olunur. Onların çoxu Çin, Banqladeş, Hindistan, Pakistan və Vyetnamda az əmək haqqı ilə çalışan işçilər tərəfindən tikilir. Keyfiyyətə nəzarət çox zəifdir, çünki əsas məqsəd sürətli satış və ucuz qiymətdir. Bu səbəbdən də geyimlər tez deşilir, rəngi solur, bəzən isə dəri allergiyası, qıcıqlanma kimi sağlamlıq fəsadlarına yol açır.
Azərbaycandakı vəziyyət: Azərbaycanda bazar iqtisadiyyatı azaddır, yəni malın idxalına ciddi keyfiyyət nəzarəti mexanizmi yoxdur. Gömrükdə əsasən sənədlər, rüsum və vergi hissəsi yoxlanılır. 2023-cü ildə ölkəyə 415 milyon ABŞ dolları dəyərində geyim idxal olunub, bu da əvvəlki ildən 42% çoxdur. İdxalın böyük hissəsi Türkiyə, Çin və Özbəkistandan gəlir. Lakin bu geyimlərin keyfiyyəti ilə bağlı rəsmi yoxlama və ya şikayət statistikası aparılmır. Yəni, bazara daxil olan məhsulun sağlamlıq üçün təhlükəli olub-olmaması, dəridə allergiya yaradıb-yaratmaması praktik olaraq izlənilmir.
Bu sahədə həm dünya bazarında, həm də Azərbaycanda ciddi problemlər mövcuddur. Geyim mədəniyyətinin səviyyəsi, insanların geyim seçimindəki baxış bucağı, keyfiyyətə və uyğunluğa olan münasibət hələ də istənilən səviyyədə deyil. Azərbaycan cəmiyyətində geyim mədəniyyəti, təəssüf ki, çox vaxt səthi yanaşma ilə müşahidə olunur. İnsanlar çox zaman geyimin funksional və estetik tərəflərinə deyil, onun zahiri parıltısına və dəbə uyğunluğuna üstünlük verirlər. Nəticədə ziyafətdə cins şalvar geyinən xanımlardan, yas mərasiminə uyğun olmayan geyimlə gələn insanlara qədər fərqli, lakin mədəni baxımdan uyğunsuz geyim nümunələri ilə tez-tez rastlaşmaq mümkündür. Əslində geyim sadəcə bədəni örtən bir paltar deyil o, insanın yaşadığı mühitə, iqlimə, sosial mövqeyə və bədən quruluşuna uyğun şəkildə seçilməlidir. Təbii materiallardan: pambıq, yun, ipək kimi xammallardan hazırlanan geyimlər sağlamlıq və komfort baxımından daha üstündür. Lakin sürətlə inkişaf edən sənaye və nano texnologiyalar nəticəsində, xüsusən Çin və digər Asiya ölkələrindən gətirilən sintetik və yarı-sintetik materiallar dünya bazarında üstünlük qazanmışdır.
XX əsrin əvvəllərində dünya əhalisinin sayı 1–2 milyard olduğu halda, bu gün 8 milyardı keçmişdir. Bu qədər insanın geyim tələbatını yalnız təbii xammalla ödəmək real deyil. Məsələn, bir pambıq parça istehsalı üçün böyük su, enerji və əmək resursu tələb olunur. Buna görə də sənaye ucuz, lakin ekoloji və tibbi baxımdan təhlükəli olan sintetik materiallara üstünlük verir. Azərbaycanda geyim bazarı da bu qlobal tendensiyalardan kənarda qalmamışdır. Özbəkistan, Hindistan, Pakistan, Türkiyə, Rusiya və Ukraynadan gətirilən paltarların böyük hissəsi keyfiyyət baxımından nəzarətdən tam keçmir. Çünki ölkədə idxal olunan geyim partiyalarının hər biri texniki cəhətdən yoxlanıla bilmir, yalnız nümunəvi şəkildə analiz edilir. Bu isə bazarda keyfiyyətsiz, mənşəyi müəmmalı məhsulların çoxalmasına səbəb olur.
Digər tərəfdən, alıcıların geyim seçimi də problemlidir. İnsanlar geyimin tərkibinə, bədənə uyğunluğuna və sağlamlıq təsirinə diqqət yetirmək əvəzinə, televiziya və sosial şəbəkələrdə gördükləri dəbə kor-koranə tabe olurlar. Halbuki, geyimin əsas funksiyası bədəni xarici təsirlərdən qorumaq, nəfəs almasına imkan yaratmaq və komfort təmin etməkdir. Minimalizm anlayışı artıq qlobal moda mədəniyyətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu yanaşma geyimdə sadəlik, funksionallıq və ekoloji məsuliyyət prinsiplərini önə çəkir. Təəssüf ki, Azərbaycanda bu tendensiya hələ geniş yayılmayıb. İstehlakçılar hələ də çoxlu sayda, lakin keyfiyyətsiz geyim almağa üstünlük verirlər. Bu vəziyyət həm insan orqanizminə, həm də ətraf mühitə zərər verir. Sintetik parçalarda istifadə olunan kimyəvi boyalar və maddələr allergiya, dəri xəstəlikləri və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Hər yeni geyim istehsalı isə su, enerji və resurs sərfiyyatını artıraraq planetin ekoloji balansına mənfi təsir göstərir.
Geyimə münasibət həm fərdi, həm də ictimai səviyyədə dəyişməlidir. İnsanlar daha çox maarifləndirilməli, geyim alarkən keyfiyyət, uyğunluq və ekoloji təhlükəsizlik kimi meyarlara diqqət yetirməlidirlər. Həm dövlət qurumları, həm də media bu sahədə maarifləndirici addımlar atmalıdır. Geyim insanı varlı və ya ağıllı göstərmək üçün deyil, onun şəxsiyyətini və zövqünü təbii, sadə və sağlam şəkildə əks etdirmək üçün vasitədir. Hər yeni geyim həm məsuliyyət, həm də seçim mədəniyyəti tələb edir”.

