“Bir çoxlarının yaltaqlığı – cəmiyyətin mənəvi iflicidir” – Ramal Əliyev

“Son illər cəmiyyətdə geniş yayılan bu mənəvi xəstəlik artıq sosial münasibətlərin təməlini zədələyir. Bu gün Azərbaycan cəmiyyətində ən ciddi sosial-mənəvi problemlərdən biri, bəlkə də birincisi yaltaqlıqdır.”

Bu fikirləri Hesabatinfo-ya açıqlamasında YYSİB-nin sədr müavini, sosial və ailə məsələləri üzrə araşdırmaçı-ekspert Ramal Əliyev deyib.

O bildirib: “Yaltaqlıq – insanın öz dəyərlərini, ləyaqətini, mənliyini tapdalayaraq vəzifə, maddi maraq və ya şəxsi qazanc naminə kiminsə qarşısında həddindən artıq təzim etməsi, onu reallıqdan uzaq şəkildə tərifləməsidir.

Təəssüf ki, bu mənəvi xəstəlik son illərdə təkcə fərdi səviyyədə deyil, artıq cəmiyyətin müxtəlif təbəqələrinə, hətta elitar mühitə qədər sirayət edib.

Yaltaqlıq nədir və niyə təhlükəlidir?

Yaltaqlıq insan fitrətinə yad bir haldır. Bu davranış insanın mənəvi dünyasını zədələyir, şəxsiyyətini sıradan çıxarır.

Yaltaq şəxs özündən maddi və ya vəzifə baxımından üstün olan birinə həddindən artıq hörmət, diqqət və itaət nümayiş etdirir. Bu, çox vaxt şəxsi maraq naminə edilir və nəticədə insan öz ləyaqətini itirir.

Belə insanlar bəzən vəzifədə yüksəlirlər, amma heç vaxt sevilmirlər.

Çünki yaltaqlığın qazandırdığı “uğur” müvəqqətidir, amma yaratdığı nifrət qalıcı olur.

Cəmiyyət yalançını necə qəbul etmirsə, yaltağı da eyni dərəcədə rədd edir.

Ramiz Mehdiyev hadisəsi – yaltaqlığın üzünü açan sınaq…

Son günlərdə keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev barəsində dövlətə xəyanət və digər maddələrlə cinayət işinin qaldırılması xəbəri yayıldı.

Bu hadisə bir daha sübut etdi ki, yaltaqlıq təkcə fərdi zəiflik deyil, elita səviyyəsində də geniş yayılmış mənəvi böhrandır.

Təbii ki,bu məqsədimiz baş vermiş hadisəyə siyasi qiymət vermək yox, bu hadisənin sosial tərəfini təhlil edib cəmiyyətə fayda verməkdir.

Biz şahid olduq ki , vaxtilə R.Mehdiyevin himayəsində yer alan, onu tərifləyən və hər addımını “dahi qərar” adlandıran bəzi şəxslər indi onun barəsində sərt tənqidlər səsləndirirlər.

Bu, yaltaqlığın ən çirkin tərəfini üzə çıxarır: yaltaq adam heç vaxt sadiq ola bilmir.

O, kiminsə düz və ya səhv olduğunu deyil, sadəcə ayaqda olub-olmamasını düşünür. Güc itən kimi, yaltaq da istiqamət dəyişir. Yəni belə insanlar üçün sadiqlik və ədalət anlayışları yoxdur.Yaltaq insanın dostluğu mövcud deyil – onların dostları yox, maraqları var.

Belə adamlar qarşısındakı şəxs yıxılan kimi, onun haqqında bildiklərini cəmiyyətə yayır, özünü uzaqlaşdırır, yeni “hədəf” axtarır.

Ən maraqlısı budur ki, yaltaqları ən çox tanıyan və onlardan ən çox bezənlər, adətən, elə onların yaltaqlandığı rəhbərlər olur. Çünki yaltaqlıq, mahiyyət etibarilə, insanda ikrah doğuran bir davranışdır.

İnsan özü belə, öz övladının yaltaq olmasını istəmir.

Cəmiyyətin xilas yolu – şəxsiyyətin qorunması

Cəmiyyətin sağlam gələcəyi üçün hər bir fərd – istər müəllim, istər məmur, istər sənətçi – şəxsiyyətini, qürurunu və mənliyini qorumağa borcludur.

Ləyaqət və dürüstlük bir insanın ən böyük sərvətidir.

Axı 40-50 yaşına çatmış bir insanın ömrü onsuz da çox deyil – cəmi 10-20 il… Bu qısa illər üçün şəxsiyyətini, mənliyini, kişiliyini ayaqlar altına atmağa dəyərmi?

Yaltaqlıq heç kimə nə hörmət, nə sevgi, nə də etibar qazandırıb.

Əksinə, yalnız nifrət və rüsvayçılıq gətirib.

Cəmiyyətin sağlamlaşması üçün hər bir insan yaltaqlıqdan uzaq durmalı, səmimiyyəti və ədaləti öz həyat prinsipi seçməlidir.” – deyə R.Əliyev açıqlamasında bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir