“Tarixi binalarda bir kərpic belə sökülərsə, ağır cəzalar tətbiq olunmalıdır” – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov tarixi abidələrin dağılmasını pislədi

Bakı Baş planına daxil olan tarixi tikililərin sökülməsi məsələsi son zamanlar ictimaiyyətin diqqətini cəlb edən aktual mövzulardan biridir. Şəhərin mərkəzində yerləşən qədim binalar həm tarixi irsimizin, həm də mədəniyyətimizin vacib hissəsini təşkil edir. Lakin bəzən yeni tikinti layihələri və modernizasiya məqsədləri bu tarixi tikililərin təhlükə altında qalmasına səbəb olur. 

Bəs, Bakı Baş planına daxil olan tarixi tikillərin sökülməsi nə dərəcədə düzgündür?

Bu barədı İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Patrulaz.az-a açıqlamasında bildirib ki, tarixi abidələrimizə, məkanlarımıza, eləcə də təbiət abidələrinə qarşı, xüsusilə biznes qurmaq istəyən insanların çox kobud münasibəti var:

“Azərbaycanda son vaxtlar tarixi binalara qarşı həssas dövlət siyasəti bərqərar olsa da, yenə də görürük ki, bir çox tarixi binalara, tarixi yerlərə – yəni bizim şanlı və qədim tariximizlə bağlı məkanlara və abidələrə, eləcə də təbiət abidələrinə qarşı vətəndaşlarımızın, xüsusilə də biznes qurmaq istəyən insanların çox kobud və qaba münasibəti var. Biz uzun müddət gözləyirdik ki, Azərbaycanın paytaxtı Bakının baş planı hazırlanarkən tarixi abidələr xüsusi konservləşdirilsin və ora toxunulmaz məkan statusu verilsin”.

A.X. Əbilov qardaş Türkiyədə tarixi binaların təzədən tikmək, bərpa etmək və funksiyasını dəyişmək funksiyasının qəti qadağan olunduğunu deyib. Bu prinsipin isə Azərbaycanda da tətbiq olunmalı olduğunu vurğulayıb:

“Qardaş Türkiyənin İstanbul şəhərində çox qədim tarixi binalar var. Onların çoxu taxtadan idi, aynabəndləri də taxtadan hazırlanmışdı. Bir çox işbazlar həmin binaları gecə ilə yandırır, səhər isə hökumətə sifariş verirdilər ki, yanmış taxta binaların yerində daş bina tikilsin.

Artıq ictimaiyyətin o qədər qınağı oldu ki, hökumət qərar qəbul etdi: istənilən bina – taxtadan və ya qeyri-taxtadan olsun, əgər yanırsa, onu heç vaxt sökməzlər, yalnız bərpa edilməli və ya olduğu kimi saxlanılmalıdır. Onu təzədən tikmək, qurmaq, bərpa etmək, funksiyasını dəyişmək qəti qadağan edildi. Bax, bu prinsip Azərbaycanda da olmalıdır. Bakının hər bir tərəfi, Azərbaycanın hər bir tərəfi tarixi abidələrlə zəngindir. Haranı qazırıqsa, qarşımıza tarixi abidələr çıxır. Bu tarixi tikililəri və binaları sökmək yox, onları bütövlükdə qorumaq lazımdır.

Biz xidmət və turizm meyilli iqtisadiyyata yönəlirik. Yəni yaxşı maşın və ya kompüter istehsal edə bilmirik, amma beynəlxalq və daxili turizmi inkişaf etdirə, xidmət sahələrini, restoran və əyləncə obyektlərini inkişaf etdirə bilərik. Xarici qonaqlar isə daha çox yemək, istirahət və tarixi abidələri görmək üçün gəlirlər.

Cənab Prezidentin və Mehriban xanımın təşəbbüsü ilə UNESCO-nun məşhur siyahısına daxil edilmiş tarixi yerlərimiz – İçərişəhər, Qız qalası, eləcə də Qobustan, “Atəşgah məbədi”, “Yanardağ” və hətta palçıq vulkanlarımız xaricilər üçün böyük maraq doğurur. Onlar ilk dəfə bu abidələrə baxmaq üçün gəlirlər və turizmin təşviqi zamanı bu məsələlərə önəm verilməlidir.

Dünyanın ən çox palçıq vulkanlarının 80%-i Abşeron və Salyan zonasında, Mil-Muğam zonasındadır. Xaricilərə bu məlumat çatdırıldıqda, onlar Azərbaycana maraq göstərir və gəlirlər.

Bakı şəhərində və ətrafında çox saylı qalalar, tikililər var. Hətta nəqliyyat qovşaqlarına və yollara düşən binalar üçün yollar onlardan yan keçməlidir. Avtomobil hərəkəti həmin binaların aşınmasına səbəb olur. Biz təklif etmişdik, qismən icra edilib, amma bunu tamamlamaq lazımdır”.

Həmçinin, yazıçı-kulturoloq şəhərin mərkəzindəki qədim tikililərin ətrafında avtomobil hərəkətinin dayandırılaraq, insanların piyada hərəkətinə rahat icazə verilməli olduğunu dilə gətirib:

“Şəhərin mərkəzi hissəsi, o cümlədən Qız qalası ətrafı, İçərişəhər, Prezident Administrasiyasının ətrafı və Fəvvarələr Meydanı avtomobil hərəkətinə qapadılmalı, yalnız piyada hərəkətinə icazə verilməlidir. Orada yaşayan insanların avtomobilləri üçün isə kənarda parkinq şəraiti yaradılmalıdır. Hər bir avtomobilin yanacağı, tüstüsü və təkərlərin kimyəvi maddələri binalara ziyan vurur. Biz sabah bu tarixi abidələri gələcək nəsillərə və beynəlxalq turistlərə necə təqdim edəcəyik? Hazırda biz tarixi abidələri əvvəlcə dağıdır, sonra bahalı xarici mütəxəssislərin iştirakı ilə bərpa edirik. Bərpa edildikdən sonra isə xaricilər gülərək gəlirlər. Məsələn, Nizami Muzeyi və Ədəbiyyat Muzeyi qədim tarixi mehmanxananın əsasında qurulub, amma onu təmir edərkən plastik qapı-pəncərələr quraşdırılıb və abidə avro tərzdə bəzədilib. Belə binaları tarixi kimi necə təqdim edə bilərik?

Bu baxımdan çoxlu problemli məsələlər mövcuddur və bu problemləri həll etmək üçün baş plan hazırlanarkən tanınmış pultroloqlardan və mütəxəssislərdən istifadə olunmalı, onların bilikləri, ekspert rəyləri və analizləri nəzərə alınmalıdır. Bu insanlar xüsusi rəy verərək tarixi binalarla bağlı baş planda ayrıca planın hazırlanması və onun həyata keçirilməsi üçün öz bilik və təkliflərini təqdim edə bilərlər.

Biz çox istərdik ki, Bakıda nəqliyyat qovşaqları və ictimai nəqliyyatın inkişafı ilə bağlı məsələlər də nəzərə alınsın. Xüsusilə Bakı kəndlərinə gedən yollarda artıq elektrik qatarları işləyir; bununla yanaşı, yüngül metro, yerüstü metro və digər elektriklə işləyən nəqliyyat vasitələrindən istifadə olunmalıdır.

Bakı mərkəzinə buraxılan ictimai nəqliyyat tezliklə elektrikləşdirilməli və mərkəzə yalnız elektrobuslar buraxılmalıdır. Taksilərin böyük əksəriyyəti, xüsusən mərkəzə gedən taksilər də elektrikləşdirilməli və yalnız elektrik maşınlarından istifadə olunmalıdır ki, bu tikililərə ziyan dəyməsin.

Əsas məsələ dövlət səviyyəsində tarixi tikililərin qorunmasıdır. Bakının baş planına bununla bağlı xüsusi bəndlər daxil edilməli, tarixi binalarla bağlı hər hansı bir kərpic belə sökülsə və ya təmir edilərsə, həmin şəxslər dərhal ictimai qınaqla, maarifləndirmə tədbirləri və Cinayət və İnzibati məcəllələrdə ağır cəzalarla üzləşməlidir. İndi baxın, Bakıda yalnız tarixi binalar deyil, 19-20-ci əsrlərin ortalarına qədər olan qədimi yaşayış məskənləri də mövcuddur. Bilirsiniz ki, 50 il sonra hər şey antikləşir və qiymətli olur.

Qədimi tikililərlə bağlı məsələlərdə, biznesmenlər orada şirkət açanda, təbii ki, onun qarşısındakı 100 və ya 200 illik ağacları kəsirlər. Sonra təmir işlərinə başlayırlar və tarixi abidənin orijinal xüsusiyyətlərini pozaraq plastik pəncərələr quraşdırırlar. Dünyanın heç bir yerində bu qanunvericiliklə qadağan edilməyib. Həmin tikilinin rəngini belə dəyişmək dövlətin bir çox mütəxəssisi və qurumlarından icazə olmadan mümkün deyil.

Bu baxımdan mütləq görüləsi çox iş var və düşünürəm ki, yaxın gələcəkdə bununla bağlı dövlət səviyyəsində artıq normativ aktlar qəbul ediləcək. Bir çox qanunlar tarixi tikililərlə bağlı qəbul olunacaq və həmin qanunlarda da dəyişikliklər ediləcək”.

Bu baxımdan, Bakının tarixi abidələrinin qorunması həm mədəniyyətimizin, həm də turizmimizin gələcəyi üçün həyati önəmlidir. Dövlət səviyyəsində qəbul ediləcək tədbirlər bu tarixi irsi qoruyacaq və gələcək nəsillərə çatdıracaq.

Cəmilə Cəfərzadə

https://patrulaz.az/tarixi-binalarda-bir-kerpic-bele-sokulerse-agir-cezalar-tetbiq-olunmalidir-aydin-xan-ebilov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir