Avtomobil təkərlərinin yaratdığı ekoloji təhlükə emissiyaları min dəfələrlə üstələyir” – QHT sədri İradə Həsənova

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım”İctimai Birliyinin sədri İradə Həsənova YeniMedia.net portalına açıqlamasında yeni araşdırmanın nəticələri barədə məlumat verib.

Onun sözlərinə görə, işlənmiş qazların ekoloji təsirləri təkərlərin yaratdığı problemlərlə müqayisədə daha az təhlükəli hesab edilə bilər. İ.Həsənova bildirib ki, aparılan son araşdırmalara görə avtomobil təkərləri adi nəqliyyat vasitələrinin emissiyalarından 1000 dəfə pis emissiya istehsal edə bilirlər. O vurğulayıb ki, Avropada hökumətlər yeni avtomobillərin qaz emissiyalarını məhdudlaşdırmağa çalışsalar da, təkərlər bu günə qədər diqqətdən kənarda qalan tamamilə yeni bir ekoloji problem sahəsidir.

“Göründüyü kimi, təkərlər özləri emissiya yaratmır. Problem onların zamanla köhnəlməsindən qaynaqlanır. Avtomobil hərəkət etdikcə təkərlər yeyilir, nəticədə kiçik hissəciklər ətraf mühitə qarışır. Bu hissəciklər havaya, torpağa və suya daxil olmaqla yanaşı, yağış vasitəsilə kanalizasiya sistemlərinə, oradan isə çay və okeanlara qədər gedib çıxır,” – deyə İ.Həsənova qeyd edib.

Mütəxəssislərin fikrincə, təkərlərin əsasını təşkil edən sintetik kauçuk, doldurucular və kimyəvi maddələrdən ayrılan bu mikrohissəciklər ekosistemə ciddi zərər vurur və ekoloji risklərin artmasına səbəb olur.

“Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova onu da bildirib ki, yerüstü və su mühitlərində aşkar olunan mikroplastiklərin təxminən 45%-i avtomobil təkərlərindən əmələ gəlir. Bu isə şinlərin mikroplastik istehsalının əsas mənbəyi olduğunu göstərir.

Ekspertlərin fikrincə, mikroplastiklərin təsiri yalnız ekosistemlə məhdudlaşmır, insan sağlamlığı üçün də narahatedici nəticələrə yol açır. Hazırda təkər istehsalçıları ekoloji cəhətdən tam təmiz alternativ hazırlaya bilməyiblər, çünki şinlərin mövcud materialı təhlükəsizlik, davamlılıq və performans baxımından vacibdir:

“Bu problemin həlli üçün təbii filtrasiya sistemləri ətraf mühiti mikroplastiklərdən qorumaqda ümidverici nəticələr göstərir. Missisipi Universitetində aparılan araşdırmalar göstərib ki, mikroplastiklərin 90%-i kənd təsərrüfatı tullantılarından—düyü qabıqları və şam yonqarı əsasında hazırlanmış biokömürdən istifadə edilməklə süzülə bilər. Bu materiallar yağış suyu ilə daşınan təkər aşınma hissəciklərini tutmaqda yüksək effektivliyə malikdir, həm qənaətcil, həm də davamlıdır”.

Mütəxəssislər vurğulayırlar ki, filtrasiya sistemlərinin davamlı işləməsi üçün müntəzəm texniki xidmət və monitorinq tələb olunur. Filtrlər zamanla tıxana və ya effektivliyini itirə bilər, buna görə müəyyən aralıqlarla dəyişdirilməlidir. Bundan əlavə, təmizlənməmiş kənd təsərrüfatı tullantılarının istifadəsi digər üzvi çirkləndiricilərin daxil olmasına səbəb ola bilər, buna görə də piroliz—yüksək temperaturda tullantıların təmizlənməsi prosesi kritik əhəmiyyət kəsb edir.

İradə Həsənova bildirib ki, bu sahədə araşdırmalar və texnoloji həllər davam edir və məqsəd həm ekosistemi, həm də insan sağlamlığını qorumaqdır.

Pərvanə Fərhadqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir