Detektiv ədəbiyyat: zamanın ədəbi tənqidçisi: tanınmış yazıçı-şair Yusif Əhmədovun işıqlı xatirəsinə… YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan kulturoloji esse

Azərbaycan ədəbiyyatının bədii nəsr növünün detektiv qolu nisbətən yeni istiqamət sayılsa da, ötən əsrin ortalarından etibarən müxtəlif imza sahibləri tərəfindən yazılmağa – inkişaf etdirilməyə başlanıldı. Dövrün kriminal hadisələrinin ədəbi səlnaməsi kimi oxucularda hər zaman maraq oyadan detektiv əsərlərin bütün dünyada milyonlarca oxucusu var.
Haqq dünyasında olan tanınmış yazıçı-publisist Yusif Əhmədovun 2007-ci ildə geniş oxucu marağına səbəb olmuş “Ələkeçməzlər” detektiv kitabındakı eyniadlı romanın davamı çağdaş həyatımızın kriminal nəbzini tutmaq, ona müəllifin özünəməxsüs baxış bucağından nəzər salmaq və hansısa mənada baş verən mürəkkəb hadisələrin arxasındakı böyüklü-kiçikli, milli, yaxud qlobal motivləri, problemləri görmək, onların mahiyyətini, əsas səbəblərini öyrənmək baxımından ciddi nəzərdən keçirtdim. Yaradıcı insanın dəqiq-intiutiv proqnozlarının hətta reallıqda da – kriminal proseslərin əsərdən başqa həm də yaşadığımız günlərdə də inkişafi baxımından (Azərbaycan Respublikası Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri tərəfindən ifşa olunan müxtəlif silahlı dəstələr barədə ölkə mətbuatında gedən məlumatları xatırlayaq) “Ələkeçməzlər” detektiv romanın ikinci hissəsi şəxsən bir oxucu kimi mənə çox maraqlı gəldi.


Ədəbi zövq, mütaliə səviyyəsi, kulturoloji baxış mənasında seçim imkanlarına malik oxucu kimi özümü detektiv əsərlərin həvəskarı saymasam da, bir qənaətim dəqiqdir: Y.Əhmədovun əsrdə təsvir etdiyi hadisələr yaşadığımız mürəkkəb, qarmaqarışıq, ictimai-sosial proseslərin sürətlə dəyişdiyi bir dövrün “məhsul”udur, istər-istəməz biz də onun ya aktiv, ya da kənardan müşahidə
edərək heyrətlənən müşahidəçiləri, bəzi hallarda isə iştirakçılarıyıq.
“Ələkeçməzlər” romanının hər iki hissəsi klassik detektiv ədəbiyyatının tələblərinə uyğun yazılıb: əsərdə dramatik süjet xətti, kriminal faktların çoxluğu, şər və xeyir qüvvələrin qarşılıqlı mübarizəsi, cəmiyyət ilə ayrı-ayrı fərdlərin münaqişəsi, intiriqalar, real həyatdan götürülmüş hadisələrə müəllifin məxsüsi baxışları, müxtəlif dolğun surətlər, eləcə də köməkçi obrazların çoxluğu, cani dünyasının incəlikləri, mütəşəkkil cinayətkar dəstələrin iş pirinsipləri, hüquq-mühafizə qurumlarının, digər dövlət təşkilatlarının apardığı mübarizə metodları, cinayətkarların psixoloji xarakterik xüsusiyyətləri kimi ənənəvi cəhətlərlə yanaşı, yazıçı tərəfindən tamam real sübutlar, dəlillər, faktlar, həmçinin məhkəmə-istintaq materialları ilə zəngindir, üstəlik də ictimai təhlükəli qüvvələrə, mənfi ünsürlərə qarşı amansız mübarizəyə başlamış müstəqil dövlətin hüquq-mühafizə strukturlarında çalışan peşəkarların adamdlarda həmişə güclü maraq oyadan metodları…
Oxucu əsərə diqqətlə baş vurduqda, bəzi səhifələrdə istintaqçı – müstəntiq, bəzən polis əməkdaşı, dövlət təhlükəsizlik orqanlarının nümayəndəsi, prokurorluq və məhkəmə, eləcə də peşəkar hərbiçi kimi, hətta müstəqil araşdırıcı dedektiv kimi də özünü hiss edə bilər. Əsərin ikinci hissəsində – hadisələr Dağlıq Qarabağda baş verən zaman isə oxucu hətta özünü əsl
döyüşçü, iyirmi faizi erməni qəsbkarları tərəfindən zəbt edilmiş Vətən torpaqları uğrunda həyatından keçməyə hazır olan igidlər kimi də hiss edir.
Ədib özünəməxsus dəst-xətti, yaradıcı stixiyasını qoruyaraq, sırf detektiv janrında qələmə aldığı “Ələçekməzlər” romanının ikinci hissəsində də real cizgilərlə həyatın sərt tərəflərinə ədəbi işıq salmağı məharətlə bacarmış, müxtəlif psixoloji halları, fərqli mənzərələr təsvir etməklə, biri digərindən hansısa cəhətinə görə seçilən maraqlı surətlər qalereyasını yaratmaqla cəmiyyət
problemlərinə aydın, açıq baxış sərgiləyib ki, bu da romanın daha da oxunaqlı edib. Maraqlı tərəflərdən biri də odur ki, yazıçı sanki zamanın tənqidçisi qismində uğurla özünü göstərə bilib: eləcə də ictimai-sosial, bəzi hallarda isə siyasi-iqtisadi sahələrdəki çatışmamazlıqları qətiyyətlə pisləyən ədəbiyyat – düşüncə adamı kimi çıxış edir. Bu zaman isə müəllif, sadəcə, kəskin,
pafoslu cümlələrdən yox, müdrik məsləhətlər verən intellektual, sosioloji araşdırmaçı və cəmiyyətşünas kimi çıxış etməyi bacarır.
Peşəkar ədəbiyyatçılar yaxşı bilirlər ki, son illlərin bədii əsərlərində ictimai-sosial mahiyyətli, cəmiyyəti düşündürən problemlər, ciddi məsələlərlə bağlı cəhətlər olduqca çox zəifləyib. İlk baxışdan çağdaş milli Azərbaycan romanlarında, eləcə də ortahəcmli bədii nəsr əsərlərində – povest və hekayələrdə ictimai məsələlər, sosial-mənəvi problemlər qabardılır. Lakin bu cəhət təəssüflər olsun, yalnız publisitlik üslubda qələmə alınmış əsərlərdə görürük, çox hallarda isə pafosdan o yana inkişaf edə bilmir. Ən uğurlu əsərlərimizdə isə hadisələr sanki Azərbaycanda – zəmanəmizdə deyil, xarici ölkələrdə, tarixdə baş verir. Azərbaycan detektiv ədəbiyyatındakı bu zəif cəhət – axsıyan tərəf XX əsr bədii söz sənəti tarixində özünü qabarıq göstərir, günübugün də xüsusi olaraq öz aktuallığını saxlamaqdadır. Bəlkə də buna görədir ki, Azərbaycan oxucusunun milli detektiv əsərlərə marağı zəif, meyli az, diqqəti isə həmişə sönük olub.
Y.Əhmədovun “Ələkeçməz” detektiv romanının hər iki hissəsində oxucu tamam fərqli mənzərə ilə rastlaşır. Yazıçının həyat reallıqlarına, zəmanənin ağrı və acılarına bu qədər diqqətlə yanaşması, bəlkə də onun uzun müddət naşir, baş redaktor və publisist kimi mətbuatda apardığı ictimai-mədəni missiyasından, peşəkar jurnalist vərdişlərindən irəli gəlir.
Hər hansı bir əsrin ədəbiyyatı mərhələ olaraq araşdırmaya cəlb ediləndə onun estetik tərəfləri ilə yanaşı ictimai-mədəni mahiyyətinə də qiymət verilməyə səy göstərilir. Bu mənada zaman və məkan, sənətkarlıq imkanlarını da nəzərdən qaçırmadan, Y.Əhmədovun detektiv janrımıza gətirdiyi yeni çalarların əhəmiyyətini xüsusi vurğulamaq yerinə düşər, üstəlik də yuxarıda
göstərdiyimiz kimi, bir çox cəhətlərinə görə, yazıçının kəskin vətəndaş mövqeyi alqışlanmalı, xüsusi dəyərləndirilməlidir.
Cəmiyyətimizdə baş verən kriminal hadisələrin hələ bitmədiyi bir zamanda müəllif “Ələçekməzlər” romanının ikinci – hətta üçüncü – hissələrini yazaraq bir sıra cəsarətli işlərə qol qoyur, görücülərə xas olan bir fəhmlə hadisələrin baş vermə səbəbləri, inkişaf istiqamətləri, nəticələri və cəmiyyətin inkişafındakı mənfi təsirləri barədə geniş mülahizələrlə çıxış edir. Nə qədər qəribə görünsə də, yazıçının gəldiyi qənaətlərin, irəli sürdüyü mülahizələrin, çıxardığı nəticələrin əksəriyyəti həaytda öz təsdiqini tapır.
Romanın ikinci hissəsinin əsas obrazları bizə hələ ilk kitabdan yaxşı tanışdır: polkovnik Kazımov, Əli, Susən, Nəcəf, Rizvan, Xumar və başqaları. Hadisələr yenə də dünya paytaxtları arasında sayılan-seçilən meqapolisə çevrilmiş Bakıda baş verir. Müstəqil Azərbaycanın paytaxtı olmaqla yanaşı, dünyanın müxtəlif güc mərkəzlərinin maraq dairəsində düşmüş Bakının mürəkkəb şəhər həyatında demək olar ki, hər gün baş verən kriminal hadisələrin qabağını iki dövlət qurumu – DİN və MTN-nin əməkdaşları cəsarətlə almaqdadılar. Zəmanənin kriminallaşmaqda olan nəbzini tutmaqla yanaşı, bu dövlət qurumlarının igid əməkdaşları, eyni zamanda, həm də Dağlıq Qarabağda at oynadan erməni faşizmin qarşısını almalıdırlar. Hələ üstəlik, onlar müxtəlif istiqamətlərdə quldur dəstələrinin həmlələrindən dövləti, vətəndaşları qorumaq üçün də bütün imkanlarını səfərbər etməlidir.
Məlum Dağlıq Qarabağ müharibəsi zamanı, zəif də olsa, baş verən gizli partizan hərəkatının bir modelini də yazıçı “Ələkeçməzlər” romanının davamında təklif edir. Düşmənin öz məkrli siyasətini erməni qəsbkarlarına yönəldilmiş silaha çevirməyi təklif edən müəllif vaxtilə dünyanın münaqişəli yerlərində vuruşmuş, daha sonralar kriminal aləmin “qəhrəmanı”na çevrilmiş əsərin “Ələkeçməz” ləqəbli əsas surəti bir şəxs kimi mənəvi inkişaf etdirərək, az qala, milli qəhrəmana çevirir.
Romanda eyni vaxtda həm Xankəndində, həm də Laçın dəhlizi vasitəsilə qədim Azərbaycan torpaqlarına – Dağlıq Qarabağa silah-sursat daşıyan Ermənistan hərbi birləşmələrinin yerləşdiyi ərazilərdə böyük partlayışlar törədərək düşmənə ciddi zərbələr vuran partizan qrupunun igid üzvləri canları, qanları hesabına, sözün əsl mənasında, “qalib erməni ordusu” mifini bir andaca
məhv edir, qonşu dövlətlərin hərbi yardımı nəticəsində “işğalçılığını davam etdirən” başıpozuq quldur dəstələrini darmadağın edirlər.
Əsərdə iki cəbhədə gərgin mübarizənin şahidi oluruq: ön sırada Dağlıq Qarabağda gedən səssiz vuruş, arxada – Bakı və bölgələrdə isə kriminal ünsürlərə qarşı aparılan savaş. Müəllif hər iki cəbhədə xeyrin şər üzərində qələbəsini uğurlu ədəbi priyomlarla, bədii tapıntılarla, dolğun surətlərlə verməyə müvəffəqiyyt qazana bilir və əslində bununla da Azərbaycan ədəbiyyatının yaşı əsrlərlə ölçülən tarixinin ən yaxşı ənənələrini davam etdirmiş olur – xalqın harmonik yaşayışı üçün qara qüvvələrə qarşı əsl şəxsiyyətlər birləşməli və gərgin mübarizə aparmalıdırlar…

Romanda son illərin ən qalmaqallı ölüm səhnələri, qətllər, terror hadisələri, mütəşəkkil cinayətkar dəstələrin ifşa olunması, “Qara kəmər” əməliyyatı, Hacı Məmmədov olayları, “Əl- Qaidə” beynəlxalq terror şəbəkəsi barədə sənədli detallarla geniş məlumatlar var. Bakı, Dağlıq Qarabağ, Azərbaycanımızın şimal bölgələri, Çeçenstan, London, Gürcüstan, Avropanın müxtəlif ölkələri kimi coğrafi ərazilərdə baş verən kriminal, həm də real olaylar, əlbətttə, oxucuda böyük maraq oyadır. Burala satqın polis zabitinin surəti də var, “Qarabağ” sindromundan əziyyət çəkən cavanlar da, prinsipial hüquq-mühafizə orqanlarının əməkdaşının protatipi də yaradılıb, eyni zamanda, artıq cəmiyyətimiz üçün adiləşmiş əxlaqsız qadınların obrazı da. Üstəlik son zamanlar az qala dəbə minmiş manyaklar barədə incə məqamlara qədər psixoloji açıqlamaları oxumaq əsəbləri tarıma çəkir.
Romanın bu hissəsində də tükürpədici kriminal olaylar, səs-küylü qətllər, dəhşətli cinayət hadisələri geniş təsvir olunur, lirik sevgi dramı, dostluq, yoldaşlıq, ailə həyatının romantikası kimi həyat gəzəllikləri də öz yerində. Polis əməkdaşlarını, Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələrinin igidcəsinə yerinə yetirdikləri vəzifə borcları haqqında hərarətli epizodlar yenə də romanın əsas üstün cəhətlərindən sayıla bilər. Yazıçı əsərdin ardında bir daha vurğulamaq istəyir ki, fəaliyyətlərindəki bütün kəm-kəsirlərə baxmayaraq, dövlətimizin güc strukturları cəmiyyətin dinc yaşayışı üçün əlindən gələnləri edir, lazım olanda hüquq-mühafizə orqanlarının rəşadətli əməkdaşları canlarından belə keçməyə hazırdılar.
Oxuculara isə “Ələkeçməzlər” romanının üçüncü hissəsini yazmaqda olan sevimli müəlliflərinə – yazıçı-publisist Yusif Əhmədova yeni-yeni yaradıcılıq uğurları arzulamaq, eləcə də əsərin davamı ilə tanışlıq qalır…

Aydın Xan Əbilov,

YYSİB sədri, yazıçı-kulturoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir