“Cehiz üstündə intihar, toyda münaqişə – bunlara artıq “yox” deməyin vaxtıdır!” – YYSİB sədri, mədəniyyət xadimi Aydın Xan Əbilovdan sərt mövqe
Son zamanlar Azərbaycanda ailədaxili münaqişələr nəticəsində baş verən dəhşətli qətllər və intiharların sayı artmaqdadır. Xüsusilə, yaxın günlərdə yaşanan hadisə ictimaiyyətdə böyük məyusluğa səbəb olub. Gəlinin cehizinin “ucuz” olması səbəbilə qaynana tərəfindən geri qaytarılması və buna görə də 23 yaşlı oğulun intihar etməsi cəmiyyətimizin acı reallıqlarını bir daha ortaya çıxardı. Bu hadisə göstərdi ki, bəzi valideynlər maddi göstərişləri önə çəkərək, övladlarının psixoloji durumunu və rifahını ikinci plana atır. “Təki övladım xoşbəxt olsun” yanaşması əvəzinə, “başqaları nə deyər?” düşüncəsi ailələrdə hələ də hökm sürməkdədir. Təbii ki, istisnalar da var. Lakin bu kimi faciələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Patrulaz.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov öz fikirlərini bölüşdü:
“Dünyada “ailənin planlaşdırılması deyilən bir anlayış vardır. Bu anlayışın fəlsəfəsində gənclərin gələcəkdə birgə ailə həyatı qurması, dünyaya uşaq gətirməsi, eyni zamanda ailə çərçivəsində öz iqtisadi-sosial imkanlarını artırması ilə bağlı dəqiq hüquqi, sosial, mədəni və etik format dayanır. Təəssüflər olsun ki, ölkəmizdə heç kim ailə planlaşdırılmasına əhəmiyyət vermir.
Bizim 30 ildir ki, cəmiyyətdə “Erkən nigahlar, qohum nigahları və təmtəraqlı toylara yox deyək!”; “Toyu kommersiya formatına çevirməyin” kimi səsləndirdiyimiz şüarlar heç bir əks-səda oyatmadı.
İndiki dövrdə Azərbaycanda “ailə planlaşdırılması” dedikdə, cəmiyyətimizdə “Toyda məkrli pul yığmaq; “valdeynlərin borcunu geri qaytarması üçün toya pul atmaq”, “təmtəraqda qonşudan geri qalmamaq” kimi mənasız düşüncələr yada düşür. Bahalı şadlıq saraylarında on minlərlə manat xərclənərək keçirilən toylar, müğənni dəvətləri, cehiz üstündəki mübahisələr gəncləri ailə qurmaqdan soyudur. Məcburi evliliklər, cehiz və musiqi məsələsinə görə ayrılan cütlüklər, toydan sonra əbədi subay qalan gənclərin sayı artır. Artıq biz 35-40 yaş subaylardan ibarət bir cəmiyyətə çevrilmişik. Ata, ana tərəfindən məcburi evləndirilən, cehiz və ya toyda musiqi üstündə ayrılanları görürürük”.
Aydın Xanın fikrincə, ailələrin dağılmasının başlıca səbəbi maddi dəyərlərin ön plana çəkilməsidir. Onun sözlərinə görə, cehiz, var-dövlət yalnız həyatın zahiri tərəfidir, lakin bu zahiri dəyərlər ailələr arasında dərin uçurumlar yaradır:
“Son hadisələr bizi çox məyus etdi. Hansısa çıl-çıraq üstündə 23 yaşlı bəyin intihar etməsi artıq pik həddə çatmaq deməkdir. Azərbaycan cəmiyyəti artıq buna “yox” deməlidir. Cehiz, var-dövlət yalnız həyatın görünən üzüdür. Ailə daxili münaqişələrə səbəb olan pul üstündəki çəkişmələr nəsillər arasındakı qan düşmənçiliyinə aparıb çıxarır. Keçmiş zamanlarda qan düşmənçiliyi ilə mübarizə aparılırdı, eyni zamanda cehiz üstündə ailələrin dağılmasının qarşısını almaq üçün çağırışlar edilirdi. İndi isə gəncləri evlənməsi, o cümlədən boşanmamaların qarşısını almaq məqsədilə mübarizələr aparılır.
Ölkəmizdə 60-70 % boşanma halları baş verir. Bu hələ rəsmi boşanmanın statistik göstəricisidir. Qeyri-rəsmi boşanmalar – evlənib ana, ata yanında qalanlar, eyni evdə, amma ayrı otaqlarda yaşayan gənc ailələrimizin problemləri ilə heç kim maraqlanmır”.
Yazıçı-kulturoloq müasir dövrümüzdə ailə institutunun üzləşdiyi əsas problemləri sadalayaraq, diqqətin var-dövlətə deyil, ailənin real sosial və sağlamlıq problemlərinə yönəldilməsinin vacibliyini vurğulayıb:
“Cəmiyyət olaraq biz ailədaxili münaqişələrin səbəblərini əsasən psixoloji, mənəvi, yaxud da fərdi məsuliyyətsizlik – məsələn, qızların passivliyi, oğlanların ailə öhdəliklərindən yayınması ilə izah etməyə çalışırıq. Halbuki bu məsələlərə yanaşarkən ailənin iqtisadi vəziyyəti, tibbi və ümumi sağlamlıq durumu kimi vacib amillər də nəzərdən qaçırılmamalıdır.
Nə üçün Azərbaycan qadınları dünyaya təbii deyil, əməliyyat yolu ilə uşaq gətirmək istəyirlər? Kişilərin isə ata olması ilə bağlı genekoloji problemləri var. Sadaladığım bu qədər çətinliklərin, problemlərin olduğu bir mühitdə cehiz davasının edilməsi qəbuledilməzdir. Anlamırıq ki, gənclər özləri üçün şərait yaratmalıdır. Əgər biz gənc ailə üçün maşın, ev alıb, cehiz veririksə, bu zaman onların yaşamağa həvəsi olmaz və heç bir məsuliyyət daşımadığını dərk edərək, sui-istifadə hallarına yol verərlər.
Əvvəlki dövrdə analar çox uşaq dünyaya gətirirdi, lakin indiki zamanımızda hərkəsin bir ya da iki uşağı olur. Nəticədə artıq kiçilmiş ailələr övladlarının problem yaşamaması üçün ailədaxilində səhvlər edirlər. Azərbaycanda kifayət qədər münaqişəli ailələr var. Bütün bunlar da ailələr arasında qan davasına gətirib çıxarır. Biz hər gün oğulun anasını və ya ərin arvadını qətlə yetirdiyini, əksinə qadınların öz ərlərinə qarşı sifarişli qətllər törətməsi ilə bağlı sosail şəbəkələrdə informasiyalar oxuyuruq. Azərbaycan cəmiyyətində bu cür hallar bu qədər intensivləşməmişdi. Bizim milli-mənəvi dəyərlərimiz o qədər möhkəm idi ki, ailə dəyərləri də onun içində olmaq şərti ilə, bu cür konfliktləri sülhlə həll edilməsinə çalışılırdı. Yaxud da ailədaxili münaqişələrin faciəvi sonluqla yekunlaşmaması üçün mental nəzarət vasitələrimiz var idi. Təəssüflər olsun ki, indi bunların heç biri yoxdur. Şəhərləşmə, urbanizasiya, ailələrin bir-birindən uzaq düşməsi, nənələrin belə gənclərə təzyiq göstərə bilməməsi ona gətirib çıxartdı ki, Azərbaycan ailəsi həm adət-ənənələr, həm də şan-şöhrət qurbanı olan gənclərin qurmaq istəmədiyi ailə formatını yaradır”.
A.X.Əbilov ailə institutunun zəifləməsinin qarşısını almaq üçün yalnız tənqid etməklə kifayətlənmir, konkret təkliflərlə çıxış edir. Onun fikrincə, ailədaxili münaqişələrin, boşanmaların və yeni qurulan ailələrin dayanıqsızlığının arxasında illərlə formalaşmış, amma artıq gənclərin ruhuna uyğun olmayan toy və ailə modelinin dayanır.
Əbilovun fikrincə, Azərbaycan cəmiyyəti həm qədim milli ailə dəyərlərindən, həm də bizə yaxın olan Türkiyə və İran kimi ölkələrin pozitiv ailə təcrübələrindən faydalanaraq yeni və balanslı bir “ailə moderni” yaratmalıdır:
“Bizə yaxın olan Türkiyə, İran dövlətlərindəki ailə dəyərlərinin ən yaxşı cəhətləri ilə bizim mill qədim ailə dəyərlərinin sintezdən bir “ailə model”ni yaratmaq olar.
500 adamı konsertlərə dəvət edib, “artistlik” etməkdənsə, gənclərin istədiyi kimi şadlıq kompaniyaları keçirilsə, daha yaxşı olar.
Keçmişdə böyük toylarla yanaşı, həm də “kompaniya” deyilən bir məclis olurdu. Misal olaraq, qız qaçırılırdısa, iki ailə arasında sülh bağlanırdı və az adamla “kompaniya” şəklində kiçik toy keçirilirdi. Bu format niyə yenidən Azərbaycan cəmiyyətinə gətirilmir?…
Toy əslində gənclərindir. Yaşlı adamların toylarda çox oturub, gənclərlə rəqabət şəklində yeyib-içməsi, oynaması, dedi-qodu etməsi qadağan edilməlidir. Yaşlı adamlar üçün şadlıq evlərinin ayrıca zalında toy keçirmək daha məsləhətli olar. Yoxsa yaşlılar toya gəlib, “gənclər belə geyinib”, “gənclər niyə belə oynayır?”… kimi söz-söhbətləri ilə toyu az qala yasa çevirirlər. Bütün bunlar da məclislərdə münaqişələrə, növbəti mərhələlərdə isə ailələr arasında münasibətlərim korlanmasına səbəb olur.
İstənilən halda gənclər necə istəyirlərsə, elə də toy etməlidilər. Onlar yaşlı nəslin təzyiqlərindən qorxmamalı, yeri gəldikdə biraz üsyan da etməlidilər. Onlar yeni toy modeli ilə Azərbaycan cəmiyyətini ön plana daşımalıdırlar”.
Gülbəniz Səfərova

