Azərbaycan mərsiyə ədəbiyyatı: davam edən iztirab, yaşayan söz. Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsəri
Tarix mübarizələrlə dolu bir zaman arxividir, onu yada salmaqla, araşdırmaqla, ortaya çıxan yanlışlıqları kənara qoyulmalı, xeyrlisini inkişaf etdirmək, gələcəyə ötürmək vacibdir.
Kərbəla təkcə keçmişdə baş vermiş bir faciə deyil, həm də izzətin, şəhadətin, sədaqətin və haqqın simvoludur. Aşura və Kərbəla hadisəsini yad etmək yalnız matəm deyil, insanlığı mənəvi kamilliyə səsləyən bir həyat fəlsəfəsini yaşamaq deməkdir. Bu fəlsəfi baxış tərzi Azərbaycan ədəbiyyatında özünü aydın şəkildə göstərmiş, əsrlər boyu davam edən güclü bir ədəbi ənənəyə çevrilmişdir.
Azərbaycan ədəbiyyatında Kərbəla motivinin bədii təcəssümü ilk növbədə Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsəri ilə zirvəyə çatır. Bu əsər yalnız Azərbaycan deyil, ümumilikdə İslam ədəbiyyatı kontekstində də istisna mövqeyə malikdir. Bu əsərdə Kərbəla hadisəsi ilahi bir dərd kimi təqdim olunur, şəhidlik zirvəsi poetik dillə və emosional təsir gücü ilə ifadə edilir. Füzuli bu əsərlə Azərbaycan ədəbiyyatında mərsiyə janrının formalaşmasına böyük təkan verir, həm də Əhli-Beyt məhəbbətini milli-mənəvi kimlik məsələsinə çevirir.
Əsrlər boyu bu yol onlarla klassik şair tərəfindən davam etdirilmişdir. Əhli-Beyt sevgisi Azərbaycan klassik poeziyasında dərin izlər buraxmışdır. İmam Hüseyn (ə), Kərbəla və Aşura mövzusu bir çox ədibin yaradıcılığında aparıcı yer tutmuşdur. Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani, Qasım Bəy Zakir, Mir Möhsün Nəvvab, Mirzə Ələkbər Sabir, Əliağa Vahid, Abbasqulu Ağa Bakıxanov (Qüdsi), Məhəmmədhüseyn Şəhriyar, Aşıq Ələsgər və başqaları bu mənəvi və poetik xəttin davamçıları olmuşlar.
Bu şairlərin əsərlərində dini hisslər, mənəvi yanğı və estetik ustalıq vəhdət təşkil edir. Ədəbi nümunələrdə Əhli-Beytə olan sevgi təkcə dini dəyərlərin deyil, eyni zamanda ədalət, haqq, sədaqət və insanlıq prinsiplərinin poetik ifadəsi kimi çıxış edir. Onların mərsiyələri, qəsidələri və növhələri bu gün də xalqın dilində səsləndirilir və mənəvi bir irs kimi yaşadılır.
Mərsiyə poeziyası öz mahiyyətinə görə həm lirika, həm də didaktika elementlərini özündə birləşdirir. Bu janr vasitəsilə şair yalnız hüznünü bölüşmür, eyni zamanda oxucuya, dinləyiciyə bir yol, bir mənəvi istiqamət göstərir. Bu baxımdan mərsiyə yalnız poetik bir forma deyil, mənəvi-mədəni tərbiyə vasitəsi kimi də çıxış edir. Xüsusilə İmam Hüseynin (ə) və silahdaşlarının fədakarlığı bu tərbiyə sistemində ədalət, mərdlik, sədaqət və şəhidlik idealının təbliğinə xidmət edir.
XIX əsrdə mərsiyə poeziyası müstəqil bir janr kimi formalaşmış, ictimai və dini məclislərin ayrılmaz hissəsinə çevrilmişdir. Həmin dövrdə Əbülhəsən Raci, Qumri Dərbəndi, Sərraf, Şükuhi, Şüai, Asi, Mücrüm, Fəqir, Dilsuz, Aciz, Pürqəm, Rayiz,
Molla Fəttah Səhban kimi sənətkarlar məhz mərsiyə janrında fəaliyyət göstərərək bu sahədə yaradıcılığını formalaşdıran, janrın ədəbi dəyərini ucaldan sənətkarlara çevrilmişlər. Onların yazdıqları mərsiyələrdə ağının xalqla təmas etdiyi ən canlı nöqtədə yaranmış və yaşadılmışdır. Bu mərsiyələr bu gün də xalqın yaddaşında yaşayır və dini-mədəni irsin tərkib hissəsi kimi dəyərləndirilir.
Mərsiyə janrı təkcə emosional bir ağlama vasitəsi deyil, həmçinin dərin ictimai və ideoloji məna daşıyır. Bu ədəbi forma haqqın tərəfində durmağı, zülmə boyun əyməməyi, mənəviyyatın, inancın və əxlaqi dəyərlərin təbliğini özündə ehtiva edir. Buna görə də mərsiyə ədəbiyyatı bir növ müqavimət ədəbiyyatıdır – zülmə qarşı mənəvi dirənişin poetik formasıdır. Bu səbəbdən də Sovet ideoloji dövründə mərsiyə mədəniyyəti sıxışdırıldı, dini motivli poeziya “mistik”, “mürtəce”, “geridəqalmış” kimi damğalanaraq rəsmi ədəbiyyatdan uzaqlaşdırıldı. Lakin xalqın ruhunda bu iztirab heç vaxt sönmədi. Sadəcə dəyişən dövr və şəraitə uyğun olaraq mərsiyənin forması dəyişdi, mahiyyəti isə qorundu.
Zaman dəyişsə də, mərsiyə ədəbiyyatı bu gün də öz gücünü saxlayır. Müasir dövrdə də Azərbaycan poeziyasında bir sıra istedadlı qələm sahibləri Əhli-Beyt sevgisini poeziyada yaşadır, Kərbəla həqiqətini yeni dövrün ifadə vasitələri ilə xalqın şüurunda diri saxlayırlar. Müasir mərsiyə ədəbiyyatında diqqətçəkən məqamlardan biri də forma və üslub baxımından zənginləşmə prosesidir. Klassik qəzəl, qəsidə və mərsiyə formaları ilə yanaşı, müasir azad şeir texnikalarına uyğun yazılmış mərsiyələr də meydana gəlməkdədir. Bu dəyişiklik janrın yaşamasının, yenilənərək davam etməsinin sübutudur. Müasir şairlər bu ənənəni yalnız təqlid etməklə kifayətlənmir, onu fərdi bədii düşüncə ilə zənginləşdirirlər.
Bu sənətkarlar sırasında Hacı Mail, Hacı Ələmdar Mahir, Baba Pünhan, Cəsur Nari, Arif Buzovna, Mirsalam Müasir, Soltan Əlizadə, Tofiq Həsənli, Əbdül Fəqir, Seyid Nurəddin Darafərin, Axund Azər Sani, Məşədi Baba, Aydın Xırdalanlı, Vüqar Biləcəri, Elşən Xəzər, Abdullah Abbaslı, Pünhan Əzimli, Rüfət Dahi kimi qələm və söz sahibləri xüsusi yer tutur. Onlar mərsiyə, növhə, qəsidə və qəzəl formalarında Əhli-Beyt irsini yaşadır, bu ruhu yeni nəsillərə çatdırmaqla həm ədəbi, həm də mənəvi bir missiyanı yerinə yetirirlər.
Bütün bu mərsiyələr, növhələr və qəzəllər Azərbaycan xalqının Əhli-Beyt (ə) sevgisinin ədəbi təcəssümüdür. Onlar sübut edir ki, bu xalqın kimliyi Kərbəla ilə yoğrulub. Bu irsi yaşatmaq, qorumaq və yeni nəsillərə ötürmək yalnız dini və milli borc deyil, həm də mədəni və mənəvi məsuliyyətdir.
Təəssüf doğuran məqamlardan biri də budur ki, bu gün bəzi çevrələrdə mərsiyə adı ilə təqdim olunan nümunələr klassik və müasir mərsiyə poeziyasının mənəvi dərinliyinə və estetik nizamına ziddir. İmam Hüseyn (ə) və Kərbəla kimi ali mövzuların bəzən bayağılaşdırılması, musiqi alətlərindən qeyri-ciddi şəkildə istifadə olunması, dini mərasimlərin şou elementlərinə çevrilməsi ciddi narahatlıq doğurur. Bu cür yanaşmalar nəinki mərsiyənin mahiyyətini təhrif edir, həm də ictimai şüurda dini-mənəvi simvolların dəyərdən düşməsinə səbəb olur. Belə halların qarşısı alınmalı, mərsiyə ədəbiyyatına yalnız poetik və mənəvi məsuliyyət daşıyan sənətkarların yanaşmasına şərait yaradılmalıdır. Əks halda, əsrlərlə formalaşmış zəngin ədəbi və dini irs mənbələri səthiləşmək və cəmiyyət üçün anlamını itirmək təhlükəsi ilə üz-üzə qala bilər.
Əgər biz milli kimliyimizin dərin qatlarını yenidən üzə çıxarmaq, haqq, ədalət və mənəviyyat kimi dəyərləri poeziyada yaşatmaq istəyiriksə, yalnız tarixi biliklərlə kifayətlənməməli, ədəbiyyatımızın inanc köklərinə də yaxından bələd olmalıyıq. Bu mənəvi irs bizim mədəni yaddaşımızın əsas dayaqlarındandır. Onu unutduqca, Kərbəla həqiqəti də ruhumuzdan uzaqlaşa bilər. Amma unutmamalıyıq: Hüseyni (ə) yaşadan bir xalq, mənəvi gücü ilə daim haqqın tərəfində dayanmağı bacarır.
Samid Quliyev,
İlahiyyatçı-alim, QMİ-nin Fətva və Moizə şöbəsinin imamı
Məhəmməd Füzuli. “Hədiqətüs-süəda”
Hədiqətüs-süəda (azərb. Xoşbəxtlər baxçası) — hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciəvi hadisə ilə bağlı yazılmış Məhəmməd Füzulinin əsəri. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmişdir. Əsərin Füzuli həyatda ikən köçürülmüş nüsxəsindən (Konya, h. 954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur. Bu əsər Füzulinin ilk bədii nəsr əsəridir.
Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə “Hədiqətüs-süəda”nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur.
Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir. Həmin əqidə və məslək döyüşü ona görə yaşarıdır ki, əsasında mənəvi paklıq, ruhi müqəddəslik, insani gözəllik və əzəmət var.

