“Planetimizi kim xilas edəcək?” – YYSİB sədr müavini, sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyevlə müsahibə

Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyevin SİA-ya müsahibəsini təqdim edirik:

– COP29 tədbiri, beynəlxalq səviyyəli göstəriş bizə nəyi verdi?

– Həqiqətən də, Azərbaycan böyük bir tədbirin öhdəsindən gəldi. Bilirsiniz ki, COP29 BMT-nin beynəlxalq iqlim problemləri ilə bağlı mübarizə üçün ən böyük tədbirlərindən biridir. Fransa iqlim razılaşması içərisində keçirilən ən böyük və ən faydalı tədbirdir. Azərbaycan buna qədər bir neçə dünya səviyyəli tədbirlərin öhdəsindən layiqincə gəlib. Bura Formula1, idman və mədəniyyət tədbirlərini daxil etmək olar. Amma bizim insanlarımız o tədbirlərin mahiyyətini anlasalar da, təəssüflər olsun ki, COP29-la bağlı camaatda bir az məlumatsızlıq var. Halbuki, COP29 o tədbirlərdən daha önəmlidir. Çünki həyati əhəmiyyət daşıyan tədbirdir. Dünya gəmiyə bənzəsə, əgər bu gəmi bir tərəfdən deşilsə, bir gəmi batmış olar. Ekoloji problemlər də bu tiplidir. Bu, təkcə ekoloji deyil, beynəlxalq-siyasi arenada Azərbaycanın imicinin tanınması üçün çox möhtəşəm tədbir idi. Azərbaycan bir daha 200 dövlətin dövlət başçılarını, nazirlərini, dünyanın 1000-dən çox beyin mərkəzlərinin, elmi-tədqiqat institutlarının əməkdaşlarını qəbul etməklə göstərdi ki, Azərbaycan böyük bir inkişaf mərhələsindədir. Azərbaycan daha böyük tədbirlərə ev sahibliyi edə bilər, Azərbaycan Cənubi Qafqazda söz sahibi olmaqla yanaşı dünyada da 44 günlük Vətən müharibəsindən sonra möhtəşəm imic formalaşdırıb. Ekoloji məsələlərə gəldikdə isə bu tədbir bizim ekoturizmimizin inkişafında böyük töhfə verəcəkdir. Biz yaxın gələcəkdə bunun şahidi olacağıq.

– Planetimizi kim xilas edəcək?

– Planetimizdə iqlim probleminin birbaşa səbəbkarı insanlardır. Bunun üçün də hər bir fərd və təşkilat məsuliyyət daşıyır. Çünki qlobal problemlər yaradılıb, bunun həlli yollarını axtarıb tapmaq lazımdır. Əvvəlcə hər bir valideyn ekologiyanın qayğısına qalmaq barədə maariflənməlidir. Digər tərbiyə metodlarında istifadə etdiyi kimi ekoloji problemlərin də qarşısını almaq üçün övladlara maariflənmə işi aparılmalıdır. Bu, silsiləli şəkildə, həm bağçada, həm orta məktəbdə dərsliklərə salınmalıdır. Təəssüflər olsun ki, biz bəzən xırda ekoloji çirklənməyə məruz qalırıq. Valideynin yanında məktəbli meyvə şirəsini içir və zibili yola tullayır. Bilərək, bilməyərək bu, ekologiyaya vurulan ən böyük problemlərdən biridir. Xəzər dənizinin ətrafında çirklənmələrə rast gəlirik. Qarpız qabıqları, plastik tullantılar, üfunət iyindən dayanmaq olmur. Bunlar epidemiyalara səbəb olur. Plastiklər əsrlərlə olduğu kimi qalır. Plastik qablar balıqlara yem olur, sonra onlarla biz, övladlarımız qidalanır. Bu da xərçəng və digər sağalmaz xəstəliklərə səbəb olur. Bu məsələnin Azərbaycan üçün nə qədər siyasi önəmi var. 44 günlük Vətən müharibəsində bizim əleyhimizə olan dövlətləri gözümüzün qarşısından keçirək: Fransa, İran, ABŞ. Bunun birbaşa siyasətlə əlaqəsi var. 200-ə yaxın dövlət iştirak etdi və bu üç dövlət öz tavrını burada da ortaya qoydu. Qlobal problem idi, niyə iştirak etməyəsən?

– İnsanların cəhdləri nəticə verəcək? Bəzən biz heyvanlara da zərər vururuq və onların dərilərindən istifadə edirik. Bunlar özümüzü göstərməyə, yoxsa heyvanlara ziyan vurmağa hesablanıb?

– Ekologiyanı çirkləndirən bizik – dünyanın sakinləri. Birinci olaraq bu məsələyə özümüz əməl etməli, övladlarımızı öyrətməliyik. Dünyamız göstərici dünyadır. Bizim yaşlarımıza, toylarımıza sirayət edən göstəriş var. Şərq camaatı göstərişi sevir. Avropada daha soyuq rənglərə, daha sadə ev təmirinə üstünlük verildiyi halda, Azərbaycan və Şərqə doğru daha çox getdikcə Hindistan, Ərəb ölkələri rəngarəngliyi daha çox sevirlər. Bu da Şərqin göstəriciliyi daha çox sevməsindən irəli gəlir. Yenə də deyirəm, hər bir fərdin üzərinə böyük məsuliyyət düşür, istər geyimlərdən istifadə olsun, istər heyvanlara zərər vermək olsun. Biz mağazaya girəndə bir məhsulun istifadə müddətinin bitib-bitməməsinə baxırıq. Əgər bir şeyin vaxtı bitibsə, sağlamlığımıza ciddi zərərdir. Siqaretin üzərində yazılıb ki, sağlamlığınıza ciddi ziyandır. Xərçəng xəstəliyinə və qan təzyiqinə səbəb olur. Amma bunu bildiyimiz halda alıb çəkirik. Bunu bilən insan tülkünün dərisini geyinməyə diqqət edər? Bir də bəhs məsələsi var. Bizim millətimizin çox üstün tərəfləri var. Ailə modelimizin mühafizəkarlığını bütün verilişlərdə mövzu ilə əlaqədar fikir bildirirəm. Amma çatışmayan cəhətlərimiz də kifayət qədər mövcuddur. Əgər imkanından asılı olmayaraq hər kəs düşünsə ki, bu, xəz dəri heyvanın dərisidir, mən geyinirəm və pul verməsə, bu biznesin ləngiməsinə, zərərə uğramasına səbəb olarsa, heyvanlar kütləvi öldürülməz. Elə heyvanlar var ki, biz onlarla qidalanırıq, vegeterian deyilik. Yaradan bizi xəlq edib, yeyilməli qidalar var, yeyilməli olmayan var. Biz deyə bilmərik ki, niyə qoyunlar kütləvi qırılır, çünki bu, bizim üçün qida vasitəsidir. Təəssüflər olsun ki, cəmiyyət kütləvi şəkildə israfa doğru gedir. Bu, bizə ekoloji, sağlamlıq cəhətdən və insanlarla ünsiyyət cəhətdən zərbə vurur.

– COP29-un mahiyyəti nədən ibarətdir?

– COP29-un dövlətimiz üçün həm ekoloji, həm də siyasi mahiyyəti var. Siyasi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda önəmli dövlət olduğunu bir daha göstərdi. Azərbaycan bir daha sübut etdi ki, dünya səviyyəli tədbirlərə nəinki ev sahibliyi edə bilir, öhdəsindən də gələ bilir. Siyasi mahiyyəti odur ki, Azərbaycan dünya dövlətləri ilə yeni siyasi kommunikasiya yaratdı. Biz bunun gələcəkdə həm iqtisadi, həm mədəni tərəfdən, həm maddi, həm də siyasi faydalarını görəcəyik.

– Böyük dövlətlər kiçik dövlətləri hər zaman sıxışdırıb, inkişafını əngəlləməyə çalışıb. Lakin iqlim məsələsi onların özünə də ziyan etmirmi?

– Aydın müəllim dünyada resursların tükənməsi ilə bağlı insanların azalmasının tərəfdarı olduğu halda mən bizim demoqrafik vəziyyətimizin yaxşı olmadığını düşünüb millət olaraq atmağımızın tərəfdarıyam. İstəyirəm ki, Azərbaycanda çoxsaylı uşaq olan ailələr olsun. Çünki demoqrafik vəziyyətimiz yaxşı deyil. Əslində biz insanlara resursları bitirən varlıq kimi baxmamalıyıq. Biz onları doğru-düzgün tərbiyələndirsək, resurslardan düzgün istifadə etsək, Allah kainatı elə yaradıb ki, insanların sayı qədər də resurslar kifayət qədərdir. Ona görə də, azərbaycanlı olaraq çoxuşaqlı ailələrin tərəfdarıyam. Dövlətimiz sosial müavinətlər verir, ailə başçılarının itirilməsi ilə bağlı dəstək var. Abituriyentlərin xaricdə təhsili ilə bağlı maliyyə dəstəyi var. Düzdür, uşaq pulu hələ verilmir. Əvvəllər ailədə 7-8 nəfər uşaq olurdu. Onları savadsız ana böyüdürdü, amma uşaqların 5-6 nəfəri ali təhsilli olurdu. Sevindirici haldır ki, abituriyentlərin 60 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, Azərbaycan valideyni övladının təhsil almasına böyük önəm verir.

– Dövlət uşaq pulu vermir. Ölkə üzrə çoxuşaqlılıq müavinətini ölkə 3-5 min ailə alır. İstisnasız bütün uşaqlara uşaq pulu verilməlidir.

– Biz də başa düşürük ki, uşaq pulu verilsə, gözəl olar. Amma bir şeyi nəzərə alaq. Mən heç bir partiyanın üzvü deyiləm. Mənasız müdafiə də etmirəm. Dövlətimizin verdiyi müavinətləri də saydıq. Nəzərə alaq ki, hər birimizin böyük dərdi olan torpaqlarımızı azad etmək üçün böyük siyasi çaba göstərildi, böyük iqtisadi xərclər çəkildi. İqtisadi xərclər üçün təbii ki, böyük neft pulları xərclənildi, istər silahların alınmasında olsun, istərsə də digər xərclərdə olsun. Elə pərdəarxası məqamlar var ki, bunları hamının bilməsi vacib deyil. Mənim də dörd övladım var, istərdim ki, uşaq pulu alaq. Bir evdə zən edək ki, 6 ailə üzvü var. Ailə üzvlərindən biri ağır xəstəliyə tutulur. Bəzən insan öz saatını, pencəyini satır ki, o xəstəlik sağalsın, sonra lazım olsa, beş pencək də almaq olar. Amma bizim önəmli işimiz o xəstəliyin sağalmasıdır. Bu gün bizim önəmli işimiz Qarabağın alınması və onun bərpasıdır.

Müəllif: Söylü Ağazadə

https://sia.az/az/news/social/1216562.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir