Bax, beləcə qocaldım… Dərd darıxması. Ramal Əliyevdən iki lirik şeir
Bax, beləcə qocaldım…
Hər dəfə şəhərdən kəndə gələndə
kənd evimizdə nənəmin
divardan asdığı köhnə güzgüyə
baxa-baxa qocaldım…
Elə öz kəndimizdə,
tinbətin,
küçə-küçə,
dalan-dalan qocaldım…
Bax, beləcə qocaldım…
Ulduzları saya-saya
Günə, aya baxa-baxa
Yer üzündə dolana-dolana…
Addım-addım qocaldım
Bax, beləcə qocaldım…
Yaş üstə gələn yaşla
Alnımdakı qrışla
Ömrümə gələn qışla
fəsil-fəsil qocaldım.
Bax, beləcə qocaldım…
Gözümdən gedən nurla
Saçıma düşən dənlə
Məni tərk edən sənlə
Elə sənsiz qocaldım.
Bax, beləcə qocaldım…
Bax, beləcə qocaldım,
Elə hey qocaldım…

Dərd darıxması
Qəribə hissdir darıxmaq,
Dərd olanda darıxırsan,
Dərd olmayanda da,
Kədərli də, sevincli də darıxırsan.
Elə hey darıxırsan…
Dərdli də darıxırsan,
dərdsiz də darıxırsan…
Bir gözəli sevəndə də,
Ona könül verəndə də,
Onu tərk edəndə də,
Darıxırsan,
Ona qovuşanda da.
Elə hey darıxırsan…
Dərdli də darıxırsan,
dərdsiz də darıxırsan.
Dörd fəsilin dördündə də –
Yayında da, qışında da,
Onu yuxuda görəndə də,
Darıxırsan,
Görməyəndə də.
Elə hey darıxırsan.
Dərdli də darıxırsan,
dərdsiz də darıxırsan.
Bəxtin “al” gətirəndə də,
Qara gətirəndə də,
Həyat səni ucaldanda da,
Səni bitirəndə də,
Darıxırsan,
Elə hey darıxırsan.
Dərdli də darıxırsan,
dərdsiz də darıxırsan.
İncə hissdir darıxmaq,
Dərd olanda darıxırsan,
Dərd olmayanda da, –
Dərd üçün darıxırsan.
Elə hey darıxırsan…
Dərdli də darıxırsan,
dərdsiz də darıxırsan…
Ramal Əliyev.

