Azərbaycan milli mədəniyyətinin əsas prioritetləri. YYSİB sədri, tanınmış ictimai və mədəniyyət xadimi, yazıçı-kulturoloq, tele-analitik Aydın Xan Əbilov analizi
– Xoş gördük, Aydın Xan müəllim. Müsahibəyə görə əvvəlcədən təşəkkürlərimizi bildirirk. Bir kulturoloq və yazıçı olaraq siz, milli mədəniyyət deyəndə, əsasən nələri, hansı sahələri nəzərə tutursunuz? Milli mədəniyyət fərd olaraq sizin üçün hansı mənanı kəsb edir? Milli Mədəniyyət hər kəs üçün fərqli mənanı kəsb edə bilər. Bu səbəblə, çoxluğun hansı fikrə sahib olduğunu və milli mədəniyyət deyəndə, əsasən, hansı sahələrin nəzərdə tutulduğunu öyrənmək üçün bu sual verilir.
XXI əsrdə mədəniyyət, sadəcə, incəsənət və yaradıcı sahələri özündə ehtiva edən istiqamət deyil, həm də kulturologiyanın predmeti olaraq estetik-humanitar düşüncəni, bədii-yaradıcı fikri, səsli-görüntülü sənət sərvətlərini, mədəni-tarixi abidələri deyil, həm də, turizm və art-biznesi, kreativ sənayeni və kulturoloji texnologiyaları özündə birləşdirən nəhəng bir istiqaməti özündə cəmləyir. Geo-kultural təsirlər virtual aləmin ən böyük qlobal siyasi alətinə çevrilməkdən ötrü mədəniyyətə tamam yeni baxışları formalaşdırmalı, yeni kreativ-innovativ təşəbbüsləri dəstəkləmək vacibdir. Milli mədəniyyət yalnız indiyə qədər yaradılmış estetik dəyərlər toplusu deyil, həm də planetar düşüncəyə cavab verən yeni təşəbbüslər dəstəklənməli, onların reallaşdırılması üçün xüsusi Mədəniyyətin İnkişaf Fondu yaradılmalıdır!
– Nəyə görə Milli Mədəniyyət sizin üçün önəmlidir? Milli mədəniyyətin cəmiyyətimizdəki rolu sizcə nədir? Milli mədəniyyət hər kəs üçün fərqli şəkildə önəmli ola bilər. Bu önəm bəziləri üçün iqtisadi əsaslı, bəziləri üçün isə incəsənət, irs və ənənə əsaslı ola bilər. Bu səbəblə, milli mədəniyyətin insanların həyatında hansı rolu oynadığını öyrənmək üçün bu sual verilir.
– İnsanın sivil varlığa çevrilməsində mədəniyyətin hər hansı forması – dünya, ənənəvi, klassik, milli, etnik, multukultural, çağdaş, modern, postmodern, virtual, subkultural, İnternet, şəbəkə və s. istiqamətinin rolu əvəzsizdir. Milli mədəniyyət bizləri – toplumu, cəmiyyəti və dünyada yaşayan soydaşlarımızı bir millət, xalq olaraq digər toplumlardan fərqləndirən əsas amillərdən biridir. Milli mədəniyyət indi insanlara daha çox təsir edir: sni intellekt, virtuallaşma, sosial şəbəkə və İnternet dövründə qlobalıaşma, “klonlaşma” getdiyi bir vaxtda yeni nəsli milli məfkürəli, fəqət planetar düşüncəli, Şərq və Qərb, İslam və xaçpərəst sivilizasiyalarının ən gözəl ənənələrini sintez edərək inkişafına səbəb olmasından ötrü onun xüsusi yeri get-gedə güclənir. Fiziki və mexaniki əmək intellektual-estetik, kulturoloji-kreativ təşəbbüslərlə əvəzləndiyi bir vaxtda milli mədəniyyətin daşıdığı dəyərlər toplusu vətəndaş – dövlət, fərd – cəmiyyət, şəxsiyyət – ölkə münasibətlərinə xüsusi təsir göstərəcək, ciddi geo-siyasi faktora çevriləcək. Mədəniyyət, həm də yeni iş yerlərinin, fərqli biznesin, modern kreativ sənayenin və kulturoloji sərvətlərin yaranmasına təsir göstərəcək rəsmi alət kimi də istifadə edilə bilər.
– Milli mədəniyyətimizdə yaxşı olan məqamlar nələrdir və nələr dəyişməlidir? Milli mədəniyyətimizdə yaxşı olan və dəyişdirilməsi vacib olan məqamlar nələrdir? Biz necə əmin ola bilərik ki, milli mədəniyyətimizin inkişafında marağı olan hər bir fərd öz töhfəsini verə bilsin? Sizcə, milli mədəniyyətin inkişafına dəstək olmaq üçün kimlər yaxud hansı qurumlar iştirak etməlidir? Milli mədəniyyətlə bağlı başqa ölkələrdən verə biləcəyiniz müsbət nümunələr hansılardır? Milli mədəniyyətimizin özünəxas gözəllikləri olduğu kimi, inkişaf etdirilməli olan məqamları da var. Bu sual öncəliklə, milli mədəniyyətimizdə çoxluq tərəfindən qəbul edilən müsbət məqamların təyin olunması üçün verilir. Eyni zamanda bu sahədə nələrin dəyişməli olduğunu təyin etmək, kimlərin daha çox bu işə cəlb olunacağını müəyyənləşdirmək və nümunə olaraq istifadə edə biləcəyimiz hansı xarici praktikalar olduğunu öyrənmək üçün bu sual verilir.
– İstər bəşəri, istər milli, istərsə də çağdaş – günümüzdə yaranan mədəniyyət durmadan yenlənməli, fərqli fikirlərin toqquşduğu canlı bir orqanizm kimi hər zaman cəmiyyətin və rəsmi qurumların diqqətində – marağında olmalıdır. XX əsr Azərbaycan mədəniyyətində beyinlər toqquşması nəticəsində böyük uğurlar qazanılıb: “Füyuzat” məktəbi ilə “Molla Nəsrəddin” məktəbi tərəfdarları arasındakı estetik toqquşmalar, Səməd Vurğun – Rəsul Rza davamçılarının poetik yarışmaları, Üzeyir Hacıbəyov – Müslüm Maqomayev, yaxud Toğrul Nərimanbəyov və Səttar Bəhlülzadə art-münaqişələrindən qazanan mədəniyyətimiz, musqimiz, ədəbiyyatımız, incəsənətimiz oldu və dünyaya çıxarılaı mədəniyyət hadisələrimiz yarandı.
1) Mədəniyyət Nazirliyinin İctimai Şurasının əksər üzvünü təcili dəyişmək lazımdır.
2) Xarici mütəxəssislərlə yanaşı, yerli ekspertlərin mədəniyyət Konsepsiyasın hazırlanmasında, işlək mexanizmlərinin tapılmasında, ictimai nəzarət alətlərinin işlənməsində mütləq iştirak etməlidir. Fransız və ya ingilis mütəxəssisi Azərbaycanın ümummilli və yerli əhəmiyyətli, lokal, daha da dərinə varanda, etnik multukultural mədəniyyət hadisələrini anlatmaq heç də asa məsələ deyil. Misal üçün Lənkəran, yaxud Naxçıvanda balet sənətinin inkişafı ilə bağlı, yaxud Tovuzda meyxana, Bakı kəndlərində saz sənəti məktəblərini yaratmaq kimi hansısa məntiqsiz layihənin hazırlanması kimi absurd məsələlər baxımından bunu izah edirik.
3) Kulturologiya, onun tarixi, nəzəriyyəsi, məktəbləri, dünya və yerli – milli mədəniyyət -sivilizasiya yolu ilə bağlı uşaq bağçasından tutmuş ta dokturanturaya qədər fənnlər tədris olunmalı, ayrıca dərsliklər və kitablar nəşrə hazırlanmalı, onların elektron variantları İnternetdə yerləşdirilməlidir.
4) Milli mədəniyyətimizdə əyalətçiliyi, lokal düşüncəni, intellektuallığa söykənməyən istənilən inkişaf enmələri ilə mütləq mübarizə aparmalıyıq. Bunun üçün də mədəniyyət sahəsi üzrə özəl və rəsmi fondların yaradılması, qrant müsabiqələrinin fərdi təqaüdləri təsis edilməsi, xarici estetik mühitlərlə təmasların yaradılması, yaradıcı ezamiyyətlərin təşkili mütləqdir.
5) Mədəniyyət sahəsi üzrə ixtisaslaşmış QHT-lərə sərt rəqabət formalı sosial sifarişlərin verilməsinə ehtiyac var.
6) Mədəni sərvətlərin virtual xəritəsi hazırlanmalı, İnternetdə Azərbaycandilli resursların inkişafı ilə bağlı dövlət roqramı qəbul edilməli, kitabların və mədəniyyət əsərlərinin rəqəmsallaşmasını yekunlaşdırmalı, muzeylərin, teatrların və başqa mədəniyyət ocaqlarının mütləq onlayn/oflayn fəaliyyətləri təşkil olunmalı, yeni yaradıcılıq emalatxanaları təşkil olunmalıdır.
– Azərbaycanın Milli Mədəniyyətinin gələcəkdə necə olmasını istərdiniz? Milli mədəniyyətimizin gələcək inkişafı ilə bağlı hansı addımlar atılmalıdır? Milli Mədəniyyət Strategiyasının əsas prioritetləri sizcə nələr olmalıdır? Milli mədəniyyətimizin tərkib hissəsi olaraq, sizcə gələcək nəsillərə nələr ötürülməlidir? Dövlət qurumları və ya digər təşkilatlar, sizcə, milli mədəniyyətimizə necə dəstək olmalıdır? Siz fərd olaraq prioritetlərin həyata keçirilməsi üçün nələr edə bilərsiniz? Bu sual, Azərbaycanın milli mədəniyyətinin gələcəkdə necə olacağını, əsas prioritetlərin nələr olacağını, hansı inkişaf tədbirlərinin görülməli olacağını və fərdlər yaxud qurumlar olaraq necə dəstək ola biləcəyimizi müəyyənləşdirmək üçün verilir.
– Azərbaycan çağdaş milli mədəniyyəti 3 istiqamətdə inkişafı gözlənilir: milli (həm də burada yaşayan xalqların, etnik qrupların yerli estetik-kulturoloji dəyərləri baxımından), qlobal (modernləşməklə multukultural və planetar maştablı texnologiyalarla) və virtual (biz istəsək də, istəməsək də, milli iradəmizdən asılı olmayaraq, İnternet və sosial şəbəkələr, İKT həyatımızın bütün sahələrində olduğu kimi mədəniyyətimizin inkişafına da təsir və təzyiq göstərəcək). Biz bütün dünyada və ölkələrdə gözlənilən bu inkişaf formalarına indidən hazırlaşmalıyıq. Mədəniyyətlərin inteqrasiyası başqa bir problemin predmetidir ki, o bardədə ictimai debatlara ehtiyac var: biz Şərqə, yoxsa Qərbə, milliliyə, yoxsa çağdaşlığa üstünlük verməliyik?!
Feysbuk, İnstaqram, Yutub, Tiktok, bloqqerlik, vaynerlik, sosial media, xalq mediyası, istima təsisatlar, vətəndaş cəmiyyəti, tele-estetika, İnternet texnologiyaları, canlı yayım, videogerlik, fotoqrafiya kimi sahələr mədəniyyətin subyektidirmi, bax bu bardə də baş sındırmaq vacibdir.
– Sonda əlavə etmək nistədiyini fikirlərinizi bilmək maraqlı olardı. Mövzu ilə bağlı bildirmək istədiyiniz digər fikirlərinizi yaxud rəylərinizi geniş ictimaiyyətimizləı bölüşə bilərsiniz.
– Fikirlərimizi bölüşmək üçün bizə yeni imkanlar yaratdığınıza görə minnətdarlığımı bildiriəm. Modernləşmə bütün sahələrdə olduğu kimi milli mədəniyyətimizin indiki və gələcək inkişafında da özünü göstərir. Bu mənada kreativ biznesin inkişafı, mədəniyyət sənayesinin geişləndirilməsi, kulturoloji sərvətlərin art-məhsula çevirərək ölkə büdcəsinə əlavə gəlirlərin gətirilməsi çağdaş modern mədəniyyətimizin əsas inkişaf istiqamətlərindən olmalıdır.
Eləcə də ölkəmizin cənub – Ələt istiqamətində ayrıca Kreativ Yaradıcı Şəhərcik təşkil olunmalıdır: arttexnopark formatlı bu Azad İqtisadi Zonada xalçaçılıq, etnik musiqi alətləri, dulusçuluq, misgərlik, həsirçilik, qamışçılıq kimi milli – folklor nümunələrinin, əl işlərinin , natural, qədimi məhsulların istehsalı, antik zərgərlik, bəzək əşyaların hazırlanması və xaricə ixracını təşkil etmək mümkündür…
– Maraqlı söhbətə və aktual, vacib fikirlərinizi bizim oxucularla bölüşdüyünüzə görə təşəkkürlərimizi qəbul edin.
Hidayət – Ayxan Əbilli,
YeniMedia.net portalının redaktoru, YYSİB İH üzvü, sədr müavini, publisist-bloqqer

