Mentalitet və müasirlik arasında tarazlığı necə qorumalı? YYSUB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun resepti
“Hər hansı hərəkət, davranış hətta insanın özünü ifadə forması qədərincə olanda gözəldir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, bəzən biz köhnə ənənələri unuduruq, yeni, Avropadan götürdüyümüz ənənələri müasirlik formasında öz həyat tərzimizdə, gündəlik həyatda tətbiq etməyə çalışırıq: “Bu da istər-istəməz nəsillər arasında uçuruma gətirib çıxarır. Azərbaycan mental dəyərlərində vaxtı ilə daşlaşmış böyük-kiçik münasibətləri, ata-ana, gəlin-qaynana münasibətlərində bu gün islahatlara ehtiyac var.
Nəzərə alsaq ki, keçmişdə daha çox kənd yerində yaşayan Azərbaycan insanı böyük ailələrə malik idi. Ailələrlə yanaşı qəbilə dövründən gəlmə nəsillər və kənd icmasının bir-birilə qohum olması bu adət-ənənələrin formalaşmasına təsir etdi. Kənd yerində kiçik otaqda yaşayan ata, ana, 8-10 uşaq, gəlin, nəvə arasındakı münasibətləri tənzimləmək üçün xalqımız unikal etik və davranış qaydalarını formalaşdırmışdı. O cümlədən də, böyüklərin kiçiklər üzərində nəzarəti, öz təcrübələrini, həyat praktikasını bölüşməsi, müəyyən qadağaların olması normal qarşılanırdı. Kişi və qadın münasibətlərində də nə qədər tənqid edilsə də, Azərbaycan mentaliteti həddindən artıq demokratik idi. Azərbaycan xalqının qadın, ana, bibi, qaynanaya verdiyi dəyər dünyanın heç bir xalqında yoxdur. Sovet dövründə “Qaynana” filmində, bəzi əsərlər, xaricin təsirini altında çəkilib beynimizə yeridilsə də, qaynana, ana kultu Azərbaycanda həmişə müqəddəsdir. Son sözü ağsaqqal desə də, ağbirçəyin mövqeyi çox önəmli idi. Hətta biz evlənəndə belə ilk dəfə qadın elçiliyi olurdu, qadınlar gedib razılaşırdılar. Həm qız, həm də oğlan üçün ana, bibi, xalanın razılığı çox önəmli idi. Hətta təzə evlənənlərin zifaf gecəsində də sağdış və solduş olsa da, əsas ağırlıq yenə də qadınların üzərinə düşürdü. Bu qadınlar da ya xala, ya bibi, ya da böyük gəlin olurdu. Bütün bu dəyərlərlə yanaşı elə dəyərlər də vardı ki, daşlaşmış və cəmiyyətin qəbul etdiyi normalara uyğun idi. Qız uşaqlarının cəmiyyət daxilində həddindən artıq gülməsi qadağan idi. Qızlarla oğlanların bir-birilə təmasda olub rəqs etməsi qadağan idi, gəlinin və baldızın münasibətlərində müəyyən qadağalar var idi.
Eyni zamanda oğlan uşaqları ilə də çox böyük qadağalar var idi. Oğlan uşağı özünü şit apara bilməzdi. Qızlara məxsus paltarlar, saç uzatmaq, sırğa taxmaq kimi xalqımıza yad olan elementlərdən, geyim tərzi, davranışdan istifadə edə bilməzdilər, ata-ananın, böyüklərin üzərinə gələ bilməzdi və sair.
Bunlarla yanaşı yaxşı cəhətlər də çox idi. Uşaq olan zaman kənddə, öz məhəlləmizdə məktəbə, dükan qarşısına qədər kimi görürdüksə, mütləq salamlaşmalı, əhval tutmalı idik, yaşlı insan yük aparırdısa, onu evinə qədər kömək etməli idik”.
Onun sözlərinə görə, amma müasir dövrdə bir az fərqlidir: “Gənclərimiz daha müasirdir. Dünyadakı müasir tələblərə cavab verən həyat tərzinə keçiblər. İndi hərəmizin bir ya iki uşağı var. Bəzilərinin həm əqli, həm sağlamlığında problemləri olur. Biz məcburuq ki, bütövlükdə dünyada gedən tendensiyalara uyğunlaşıb ailə münasibətlərimizə yeni çalarlar qoşaq. İndi nə gözəldir ki, atalar, analar öz uşaqları ilə dostluq edə bilirlər. Ata, ana və ailə olaraq istirahətə gedəndə birlikdə gedirlər. Keçmişdə qadınlarımızın çimərliyə getmək imkanı yox idi. İndi bu normal qarşılanır. Qız uşaqlarının mini paltar geyinməsi, toylarda öz həmyaşıdları kimi, özlərini müğənnilərə oxşadıb bəzənmələri heç kim tərəfindən təəccüblə qarşılanmır. Həmin qızların əxlaqına şübhə etmirlər. Oğlan uşaqlarının xaricilər kimi saqqal, uzun saç saxlaması, bəzilərinin sırğa taxması onların cinsi azlığın nümayəndəsi olduğunu göstərmir. Əksinə onlar aktyor, müğənnilər kimi, dünyadakı tendensiyaya cavab olaraq geyinməyi, saç uzatmağı xoşlayırlar. Ona görə onları sıxışdırmaq olmaz. Bir ara Azərbaycanda uzun saçlı uşaqlarla bağlı çox mənfi, məntiqi olmayan sıxışdırmalar oldu. İnternet sahəsində böyük uğurlar qazanmış həmin gənclərin çoxu Azərbaycandan çıxıb getdilər. Yaxşı ki, bu ənənə ləğv olundu, Avropa oyunları zamanı bizim təklifimiz də səsləndi. Hüquq mühafizə orqanları artıq parklarda görüşən gəncləri, hətta keçmişdə əxlaqsızlıq sayılan öpüşən gəncləri polis bölməsinə aparmırdı, valideynlərlə şantaj etmirdi. Bu ənənə cəmiyyətdə oturuşdu.
Əlbəttə, gənclər də nəzərə almalıdırlar ki, bizim mental, dini dəyərlərimiz var. Bu dəyərləri birdən-birə dağıtmaq olmaz. Yavaş-yavaş islahatlar apararaq, mental dəyərlərlə bağlı xeyirlərini verərək bəzi dəyişiklikləri əldə edə bilərlər. Amma ümumi götürəndə Azərbaycan xalqının əxlaq, mental dəyərlərinin dağıdılmasına gətirib çıxarmamalıdır. Çünki bizi xalq olaraq formalaşdıran məhz bu dəyərlərdir. Dilimiz, milli ruhumuz, adət-ənənələrimiz, böyüyə, qadına, uşağa, yaşlılara olan dəyər, kişi, ana, qadın kultu və sair bunlardır. Bunları biz kifayət qədər qoruyub saxlaya bilsək, müasir dövrlə ayaqlaşdıra bilsək, Azərbaycan xalqının qarşısını heç kim ala bilməz. Nə qədər imperiyalar olub, bizi zəbt ediblər, amma dəyərlərimizə toxuna bilmədiklərinə, bu dəyərləri vermədiyimizə görə yaşayırıq. Amma Yunan, Fars, Monqol, Sovet imperiyası yoxdur. Gənclərimiz bunu mütləq anlamalıdırlar, qəbul etməlidirlər”.
Söylü Ağazadə

