Rusiyada dəhşətli terrorun sirləri. Krokus əfsanəsi – Sevgi çiçəyi adını daşıyan məkanda faciə

Crocus City Hall terrorunun SENSASİON HƏDƏFLƏRİ

Bu günlərdə Rusiyadan digər narahatedici xəbərlər gəlməyə başlayıb. Məlumata görə, Sankt-Peterburq polisinə zəng edən bir şəxs “London Mall” ticarət mərkəzinə partlayıcı yerləşdirdiyini bildirib. Dərhal hərəkətə keçən polis ticarət mərkəzindəki ziyarətçiləri təxliyə edib. İlkin xəbərə görə, polisə verilən məlumat yalan imiş.

Bəs, bu cür dezinformasiyanın yayılması növbəti təxribatın xəbərçisi ola bilərmi?

Musavat.com-un sualını cavablandıran siyasi şərhçi Heydər Oğuz bu ehtimalı istisna etmir.

OGUZ.jpeg (277 KB)

Onun fikrincə, adətən böyük terror hücumları ərəfəsində belə dezinformasiyaların yayılması adi haldır. Bununla terrorçular dövlət orqanlarının reaksiya qabiliyyətini yoxlayır və diqqəti bir yönə çəkərək tamamilə başqa yerdə təxribat törədirlər.

Bununla belə, siyasi şərhçi Sankt-Peterburq gərginliyini Moskvada baş verən terror hadisəsinin ardıcıl şoku hesab edir və sözügedən qanlı hadisəni törədənlərin öz məqsədlərinə çatdığını düşünür.

“Məşhur bir atalar sözü var: “Atam öldü, ya zəlzələdən, ya vəlvələdən”. Bu kəlamın altında yatan hikmət ondan ibarətdir ki, bəzən zəlzələnin yaratdığı vəlvələ onun özündən daha təsirli olur. Əslində terror hadisəsini planlaşdıranların əsas məqsədi də bu vəlvələ şokunu meydana gətirməkdir. Buna hərbi terminologiyada “mental savaş” da deyirlər”, – Heydər Oğuz bildirib.

Onun fikrincə, “Crocus City Hall” kompleksində baş vermiş dəhşətli hadisə kimi bütün “mental savaşlar”ın qarşıya qoyduğu mühüm hədəflərdən biri cəmiyyətdə xof yaratmaqdır:

““Crocus City Hall” terrorundan sonra Sankt-Peterburqdakı ticarət mərkəzində adi bir şayiə ucbatından ciddi gərginliyin yaranması Rusiyanı qarışdırmaq istəyənlərin böyük ölçüdə öz məqsədlərinə çatdığını göstərir”.

Bəs, həmsöhbətimizin “mental savaş” adlandırdığı bu mübarizə metodologiyasında ictimai xof niyə yaradılır?

Sualımızı cavablandıran Heydər Oğuz “mental savaşlar”ın hədəflərinin uzunvədəli olduğunu bildirib və konkret olaraq “Crocus City Hall” terrorunun hədəflərini belə sıralayıb:

“Əvvəla, istənilən toplumun təşviş altında saxlanılması ilk növbədə ictimai sabitliyi pozmağa xidmət edir. Fərdlərin bir-birindən ehtiyatlanması rahatlıqla iğtişaşlara zəmin hazırlaya və iç savaşa belə səbəb ola bilər. “Crocus City Hall” terroru da faktiki olaraq rus toplumunda bu etimadsızlığı yaradıb. Sankt-Peterburq vəlvələsi bunun ən bariz sübutudur.

İkincisi, bu terror hadisəsini planlaşdıranlar Rusiyada əmək miqrantlarına qarşı aqressiv münasibətin yaranmasını hədəfləmişdilər və buna da nail olduqlarını söyləmək mümkündür. Artıq rus siyasilərinin bir çoxu və mediası miqrantlara qarşı kəskin fikirlər səsləndirirlər. İmperialist iddialara sahib olan bir ölkə miqrantlara qarşı kəskin tutumları ilə həm də öz arxa bağçaları saydıqları bölgələri itirirlər. Post-sovet məkanını Rusiyadan üz döndərməyə çağıran Qərb ölkələrinin və ABŞ-ın da istədiyi bu deyildimi?”

Siyasi şərhçinin fikrincə, məlum terror aktını planlaşdıranlar toplumda dövlət qurumlarına qarşı etimad hissini zəiflətmək istəyiblər və bu hədəflərinə də böyük ölçüdə nail olublar:

“Təsadüfi deyil ki, ABŞ-ın Moskvadakı səfirliyi terror hadisəsindən hardasa 2 həftə əvvəl belə bir hadisənin yaşanacağını bildirmişdi, ardınca da məlum terror hadisəsi baş verdi. Sanki bununla Rusiya yetkililərinə sübut olundu ki, sizin ölkənizə biz daha yaxşı nəzarət edə və nələrin baş verəcəyini daha əvvəl öyrənə bilirik. Bu isə ilk növbədə Rusiyanın təhlükəsizlik orqanlarının nüfuzunu gözdən salmağa hesablanmış ola bilər”.

Bəs, bundan sonra Rusiyaya qarşı aparılan “mental savaş” hansı istiqamətlərdə özünü göstərə bilər?

“ – Əvvəla, yəqin ki, bu cür terror hadisələri yenidən törədiləcək və toplumda qorxu hissləri daha da dərinləşdiriləcək;

– İctimai xofu diri tutmaq üçün güvənliklə əlaqədar bəzi dezinformasiya yayılacaq. Bunu Sankt-Peterburq timsalında gördüyümüz kimi, adi fərqlər tərəfindən də, sosial şəbəkələr vasitəsilə də həyata keçirmək mümkündür. Ən gözəl sosial şəbəkə isə təbii ki, Rusiyada populyar olan Teleqramdır;

– Bəzi həssas bölgələrdə ayrılıqçı təbliğatlara üstünlük veriləcək və bunun üçün xaricə sığınan müxalif rusların imkanlarından istifadə olunacaq;

– Ukrayna daha aktiv şəkildə Rusiyanın mərkəzi vilayətlərini atəşə tutacaq və cəmiyyətdəki narahatlıq artırılacaq;

– Təbii ki, işğal altındakı regionlardan da daha bəd xəbərlərin gəlmə ehtimalı var;

– Rusiyanın bu zamanadək əlində dəstəvuz etdiyi nüvə təhdidindən indi onun özünə qarşı istifadə olunacaq. Bütün təhdidlərə rəğmən, Avropa ölkələrinin Ukraynanı silahlandırmaq işindən vaz keçməməsi, hətta savaş bölgəsinə canlı qüvvə göndərmək barədə bəyanatlar verməsi Kremlin hədə-qorxularının işə yaramadığını göstərir və rusların savaş əzmini ortadan qaldırır. Bu istiqamətdə daha səy-küylü addımların atılması da gözləniləndir.

– Legionerlər öz fəaliyyətini daha da artıracaq.

Bir sözlə, Rusiyanın öz ərazilərinin təhlükəsizliyini belə nəzarət altında saxlaya bilməməsi qənaətinin formalaşması onun düşmənlərini daha provokativ addımlar atmağa həvəsləndirir”, – Heydər Oğuz belə düşünür.

E.Məmmədəliyev,

Krokus əfsanəsi – Sevgi çiçəyi adını daşıyan məkanda faciə

“Krokus” çiçək adıdır. Biz o çiçəyə şafran deyirik, Anadolu türkləri – “çiğdəm”, yunanlar – “krokus”. Bu çiçək hətta qar altından baş qaldırdığı üçün ümid və yenidən doğulmağı simvollaşdırır.

“Krokus Qrup”un sahibi Araz Ağalarov öz şirkətinə və Moskva ətrafında tikdirdiyi şəhərciyə “Krokus Siti” adı verərkən ağlına da gəlməzdi ki, bir gün bu şəhərciyi, onun ən böyük konsert zalını yenidən tikməli olacaq.

Şəkilləri, videoları yayılır, görürsən ki, 3-4 gün öncəyə qədər 9 min nəfərlik (az qala qapalı stadion deməkdir bu) zalı ilə nəinki Rusiyanın, eləcə də postsovet və Avropa məkanının ən elitar konsert salonlarından biri olan bu tikili sözün əsl mənasında xaraba qalıb. Elə bil, bombardmançı təyyarədən konsert salonuna atom bombası atıblar.

Əslində isə məsum insanların ya nüvə bombardmanında, ya da geyinib-kecinib konsertə gələrək istirahət edərkən gözü dönmüş terrorçuların təşkil etddiyi gülləboranda ölməsinin elə bir fərqi yoxdur. Hər iki halda həyatlar qırılır, arzular yarımçıq qalır, doğmalar faciə, ağrı-acı yaşayır.

Terror belə bir şeydir, o müharibədən, təbii fəlakətlərdən daha pisdir. Zəlzələdən qaçmaq, sunamidən yaxa qurtarmaq, tornadodan sovuşmaq olur, onların heç olmasa, bir-iki saniyəlik amanı var. Terrorun amanı yoxdur. O, bir saniyənin içində onlarla, yüzlərlə insanı məhv edə bilir və onlar nə baş verdiyini anlamadan həyatlarını itirirlər. Sağ qurtulanlar, hadisə şahidləri ömürlük travma alır.

Ona görə də heç bir normal insan dünyanın harasında olursa, olsun, terror aktlarına haqq qazandırmamalıdır. Terrora haqq qazandırmaq, hətta ona biganə münasibət bəsləmək anti-bəşəri hərəkətdir. Çünki heç bəlli olmaz, terrorçuların cinayətini nəzərdə tutaraq “əcəb eləyiblər” deyən biri nə vaxtsa əlisilahlı terrorçu ilə burun-buruna gələ bilər. O zaman o, heç də “yaxşı eləyirsən, hamımızı qır” deməyəcək.

“Krokus Siti”də baş verən terror aktının nəticələri o qədər ağırdır ki, Rusiya kimi 146 milyon əhalisi olan ölkənin sakinlərini tam sarsıdıb.

Belə görünür ki, hər ölkə, hər xalq növbə ilə belə bir çoxtəlafatlı qırğının sarsıntısını yaşayır.

Biz millət olaraq elə bir sarsıntını 34 il öncə 20 Yanvar faciəsi zamanı yaşamışıq. Bax, o zaman da Bakı əhalisi təxminən “Krokus”dakı qədər itki vermişdi. Xalqımız matəmə batmışdı. Biz Bakıya hücumu əslində terror aktı sayırdıq, çünki məsum insanlar gülləboran edilmişdi. Sovet-rus əsgərləri qaçana, gizlənməyə çalışana aman verməmişdilər.

34 il öncə bizimkilər də xəstəxana-xəstəxana, morq-morq gəzib yaralılarını, ölənlərini axtarırdılar. Güllələmə aktlarının şiddətli olduğu yerə camaat qərənfil düzürdü. İndi eyni hərəkətlər “Krokus” terroru ilə bağlı edilir.

Deyək ki, Azərbaycana qarşı qanlı terror aktı həyata keçirən Kreml lənətullahlarının məramı, məqsədi aydın idi, haqqını tələb edən xalqı cəzalandırmaq istəyirdilər, bəs 15 dəqiqənin içində 200 yaxın günahsız insanı güllələyib oldürən, yaralayan terrorçuların məqsədi nədir?

Bu insanların ölümü onların nəyinə lazımdır, bu qətliam hansı işlərinə yaraya bilər? Tutaq ki, onlar 200 yox, lap 2 min, hətta 20 min adamı öldürsələr, dünyanın ən azman imperiyası çökəcəkdimi, Putin istefa verəcəkdimi, dərhal hansısa xilafət yaratmaq mümkün olacaqdımı?

Ümumiyyətlə, indiyə qədər hansı qüvvələr, təşkilatlar, dövlətlər terror aktları ilə hansı məqsədlərinə çatıblar? Həmişə daha pis olub: terrorçu qruplar darmadağın edilib, terrorçu dövlətlər dağıdılıb, terror aktları törədilməsi barədə əmr verənlər öldürülüb. Dövlətlər sarsılmayıb, hakimiyyətlər daha da güclənib, əmin-amanlıq bərpa olunub, hər şey qaldığı yerdən davam etməyə başlayıb. Amma ara yerdə nə olubsa, heç bir günahı olmayan insanlara olub.

***

Krokus çiçəyi ilə bağlı bir yunan əfsanəsi var, sevgi haqqındadır, amma faciəvidir. Əsanəyə görə, Krokus adlı gənc oğlan gözəl pəri Smilaksa aşiq olur və diqqətini ona verir. Pəri məmnun olur, amma vaxt keçdikcə Krokusun diqqəti azalır, pərinin canı sıxılır. Smilaksın səbri tükəndikdə, tanrılara müraciət edir və onlar gənc oğlanı bənövşəyi ləçəkləri və sarı erkəkcikləri olan gözəl bir çiçəyə çevirirlər və o çiçək Krokus adlanır.

Faciəvi sevginin simvolu olan Krokus çiçəyinin adını daşıyan konsert zalında biri azərbaycanlı, digər erməni olan ər-arvadın ölməsi bir baxımdan simvolikdir. Onlardan birinin adının (Vüqar) mənası əyilməzlik idi, o birinin adı (Lilit) isə çiçək adıydı.

Böyük ehtimalla onlar bir-birini sevib evləniblər – mənsub olduqları xalqların bir-birinə düşmən olmasına, müharibə etməsinə baxmayıblar. Birlikdə xoşbəxt idilər, amma birlikdə bədbəxt oldular. İndi bir balaları qalıb. Faciəvi sevginin son bəhəri…

Xalid Kazımlı

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir