“Belə videolar vasitəsilə məktəb həyatımızda boşluqların necə böyük problemə çevrildiyini görürük” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovdan sərt açıqlamalar
Sosial mediada Bakı şəhəri 156 nömrəli tam orta məktəbin XI sinif şagirdi tərəfindən yanvarın 17-də məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı qeyri-etik davranışına dair görüntülər yayılıb. Ümumiyyətlə, son zamanlar məktəblilər arasında münaqişəli hadisələr mütəmadi hal almağa başlayıb. Belə ki, bu yaxınlarda paytaxt məktəblərinin birində oğlan uşağına qarşı zorakılıq halı olmuşdu. Nəticədə həmin oğlanın məktəbi dəyişdirildi. Yaxud, ötən ay Gəncədə məktəbli öz yoldaşını bıçaqlayaraq qətlə yetirmişdi.
Bu hadisələrin yaranma səbəbi nədən qaynaqlanır? Valideynlər öz övladlarının tərbiyəsinə kifayət qədər vaxt ayıra bilmirlər, yoxsa övladların çox ərköyün və həddindən artıq özündənrazı kimi böyüdülməsi bu kimi halların yaşanmasına gətirib çıxardır?
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net- Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a bildirib ki, Azərbaycanda Elm və Təhsil Nazirliyinin cavabdeh olduğu təhsil siyasətində artıq texniki məsələlər bütövlükdə həll olunur:
“Məktəblər tikilir, təmir edilir, hər cür şərait yaradılır, müəllimlərin maaşları artırılır, lakin yenə də böyük problemlər var. Ola bilər ki, təhsil zəif verilsin. Amma məktəbdə təlim məsələsində bir yeniyetmənin şəxsiyyət kimi formalaşması, vətənpərvər, dövlətini sevən, intellektual insan olaraq yetişdirilməsi ən önəmli məsələlərdən biridir. Təəssüflər olsun ki, illər boyunca biz bu məsələdə boşluqlara yol vermişik. Təhsil nazirləri dəyişsə də münasibət dəyişmir. Xaricdən müxtəlif texnologiyalar gətirilir, yeni bakalavr sistemindən istifadə edilir. Sanki yenilikləri tətbiq etmək üçün Azərbaycan məktəb sistemi bir plastarımdır. Amma insanlarımız, məktəblilərimiz hec cür dəyişmir. Maaşların azlığından şikayət edən pedaqoqların indi maaşı kifayət qədər yüksəkdir. Əvvəllər vətəndaşlar uşaqlarına təhsil verən müəllimlərin savadından şikayətlənirdilər. Sonra yoxlamalar təşkil edildi və nədənsə həmin savadsız müəllimlər yenə də hansısa yolla attestasiyadan keçərək növbəti ildə öz iş yerlərini saxlaya bildilər. Repetitor sistemi getdikcə çoxalır. Orta məktəbdə müəllim öz şagirdlərinə dərs vermir, təlim keçmir və yaxud keçmək istəmir. Amma öz evində darısqal bir yerdə, havalandırma olmayan və xəstəliklər dövründə repetitorluq edir. 20-30 nəfər öz sinif uşaqlarını gətirib guya ki, hazırlaşdırır”.
Yazıçı-kulturoloq qeyd edib ki, ali məktəblərdə də böyük problemlərimiz var və artıq görsənir:
“Təsəvvür edin, keçən il ali məktəblərə daxil olan 160000 tələbənin cəmi 50000 oğlan uşaqlarıdır, qalanlarını isə qızlar təşkil edir. Artıq təlim-tərbiyədəki boşluqlar özünü göstərməkdədir. Uzun müddət orta məktəb şagirdləri arasında uyuşdurucu maddələrin yayılmasından tutmuş öz profil şəkillərində lotuların fotolarını və işarələrini yerləşdirmək, lotuyana narkotik, quldurluq, zindan həyatı və oğurluğu təbliğ edən meyxana və mahnıların hitə çevrilməsi, hətta orta məktəbin tədbirlərində bu tip mahnı sədaları altında məktəblərin rəqs etməsi, şagirdlərin bir-birinə qarşı seksual zorakılıqdan tutmuş nalayiq hərəkətləri, fiziki zorakılıq göstərməsi və bunun son nəticəsi olaraq beş nəfərin qatilinə çevrilən, vaxtilə orta məktəbdə bıçaqla 15 zərbə vurub öz sinif yoldaşını şikəst edən, başına dəstə yığaraq lotuluq edən əhmədlərin ortaya çıxması, bölgələrdə tez-tez müəllimlərlə şagirdlər arasında olan münasibətlərlə bağlı videolar, 8-9-10-cu sinif uşaqlarının siqaret çəkməsi, uyuşduruculara meyl göstərməsi ilə bağlı videolar bir daha göstərir ki, bizim təlim məsələsində çox böyük boşluqlarımız var. Sual oluna bilər ki, Elm və Təhsil Nazirliyinin hər il milyonlarla payladığı layihələrin, qrantların pulları hara gedir, niyə məktəblərə yönəlmir? Elm və Təhsil Nazirliyi nəzdindəki İctimai Şura və onun üzvləri nə ilə məşğuldur? Yalnız özlərinə layihə almaqlamı? Yalnız nazirliklə bağlı mənfi halları sığortalamaq və tərifləməklə məşğuldurlar? Əlbəttə, burada yalnız nazirlikdən söhbət getmir. Məmurların özündən də söhbət gedir. Məmurlar yerindədirmi? Bəli, kiməsə etimad göstərilə bilər. Amma o öz işini bacarmırsa cənab prezident dəfələrlə bildirib ki, dərhal işdən azad olunacaq”.
Aydın Xan Əbilovun sözlərinə görə, sivil ölkələrdə bu tipli hadisələr zamanı məktəb direktoru, pedaqoq, idarəyə cavab verən şəxslər, nazirlikdə ən yüksək səviyyədə təmsil olunan və cavabdeh insanlar o dəqiqə istefa verməlidirlər və verirlər də:
“Amma Azərbaycanda bu qədər hadisələr baş verir. Sanki bunun məktəbə, bizim şagirdlərə dəxli yoxdur. Şagirdlərimizin az qala 60-70-80 faizi ana dili və riyaziyyatdan heç iki bal da almırlar. Bütün bunlar təlimlə tərbiyənin arasındakı bağlılığın olmaması, məktəb psixoloqlarının işləməməsi, məktəb direktorlarının öz qohum-əqrabasını hansısa altı aylıq şəhadətnamə və yaxud hansısa QHT-dən alınmış kursu qurtarmaqla bağlı psixoloq kağızı ilə pedaqoji psixoloq adı altında işə götürməsi və 1000 nəfərə bir psixoloqun təhkim edilməsi ona gətirib çıxarmalı idi ki, artıq qız uşaqları bir-birinə qarşı bulinq göstərirlər, zorakılıq edirlər. Nəinki bunu göstərirlər, video alırlar həm də öz sevgililərinə verirlər. O sevgililər də bunu Tiktok, Facebook, Instaqramda yayır. Bu son hadisə bir daha nümayiş etdirdi ki, bizim məktəb və pedaqoq sahəmizdə çox böyük boşluqlar var. Pedaqoji institutlar, Elmlər Akademiyasının tədqiqat mərkəzləri, təhsillə bağlı QHT-lər, Təhsil Nazirliyi bunlara ictimai qınaq lazımdır. Bunları ümumiyyətlə biabır etmək lazımdır. Çox sərt bir ictimai tənqid olmalıdır. Eyni zamanda, aidiyyatı qurumlar təcili surətdə bunlarla bağlı araşdırmalar aparmalıdırlar ki, milyonlar sərf etdiyimiz təhsil sahəsində bu boşluq hardan yaranıb? Bu gün bir-birinə qarşı bu zorakılığı edənlər sabah dövlətə qarşı birləşib müəyyən qara qüvvələrin təsiri altında üsyanlar təşkil edə bilərlər. Şərq ölkələri bunu bizə nümayiş etdirdi. Savadsız kütlələr məhz Liviyada, Misirdə, İraqda və sair yerlərdə inqilablar etdilər. Xaricdən gələn əmrləri yerinə yetirdilər, qul oldular, öz dövlətlərini, sistemlərini dağıtdılar və indi də acından ölürlər. İndi də o problemlər həll olunmur. Baxın, hər şey bir-biri ilə bağlıdır”.
Ekspert vurğulayıb ki, biz sadəcə olaraq bir qız digər qızı döyüb deməklə və bunun üstündən sakitcə keçib yalnız pisləməklə iş qurtaracaqsa bu, heç vaxt həll olunmayacaq:
“Bu məgər bir hadisədirmi? Təsəvvür edin ki, biz Space TV-də “Gəl danışaq” verilişində Ucarda bir neçə məktəblinin kasıb qız uşağını döyməsi ilə bağlı süjeti müzakirə etdik, kəskin tənqid etdik. Verilişin üstünə gəldilər və aparıcını təhqir elədilər. Elə bil ki, məktəb direktorunun, sinif rəhbərinin, oradakı icmaların vecinə deyildi. Azərbaycan cəmiyyəti bu məsələyə qarşı çox həssas olmalıdır. Yenə oğlanları başa düşmək olar. Lakin, indi oğlanlar da yavaş-yavaş zəifləyir və qız kimi rəqs edən oğlanların sayı məktəblərimizdə çoxalır. Amma qız uşaqlarının artıq lotuluq etməsi artır. Bu, çox dəhşətli haldır və problemin ictimai köklərini araşdırmaq, müzakirə etmək üçün təcili surətdə ictimaiyyətin tanınmış adamları, cəmiyyətşünasları, sosioloqları birləşdirən müəyyən bir ictimai təsisat yaratmaq lazımdır. Bu ictimai təsisat vasitəsilə belə mənfi hallara qarşı ciddi mübarizə aparmaq lazımdır. Nə qədər ki, bu hadisələr baş verən məktəb direktoru cəzalandırılmadı, təlim tərbiyəyə cavab verən direktor müavini işdən çıxarılmadı və ya cəzalandırılmadı, sinif rəhbəri, müəllimlər, məktəb psixoloqu cəza almadı bu kimi mənfi halların sayı daha da artacaq. Əksinə, direktor və təhsil məmurları deyirlər ki, tiktoku, sosial şəbəkələri, interneti bağlayın. İnterneti bağlamaqla bu məsələlərin qarşısını almaq olarmı? Olsaydı, onda cinayətkarlarla bağlı materiallar verilmir və bir çox hallarda telekanallarda artıq bu qadağan edilib. Amma o cinayət halları heç də azalmır, bir az da çoxalır. Bu, absurd bir vəzifədir. Əksinə, belə videolar vasitəsilə məktəb həyatımızda pedaqoqiya sahəmizdəki boşluqların necə böyük bir problemə çevrildiyini görürük və bununla da mübarizə aparmaq lazımdır. Artıq cəmiyyətin tanınmış nümayəndələri öz sərt səslərini qaldırmalıdırlar. Hanı Elmlər Akademiyasının akademikləri, hanı təhsil institutlarının rəhbərləri, hanı dövlətdən milyonlar alan QHT rəhbərləri? Təhsillə bağlı layihələr həyata keçirən QHT-lər 30-40-50 min almaqla mənasız layihələr həyata keçirirlər. Bunların heç birinin də monitorinqi həyata keçirilmir. Monitorinq aparılsaydı necə dəhşətli halların baş verdiyi bilinərdi. QHT-lər yalnız xaricdə olan şeylərin kopyasını yalandan burada nümayiş etdirməklə və Təhsil Nazirliyinin qrant pullarını yeməklə məşğuldur. Akademiklərimiz, yazıçılarımız, ziyalılarımız, tanınmış mədəniyyət xadimləri nə qədər ki, onların başına gəlmir səsini qaldırmır. Elə ki, onların ailələrində, nəvələrinin, övladlarının başına bu cür hadisələr gələndə üsyan qaldırırlar, Amma hələ ki, onlar susurlar və susduqlarına görə bu hadisələr bizim başımıza gəlir”.
Bəxtiyar CƏFƏRLİ

