“Qarabağa qayıdış zamanı ən çevik və qabaqcıl texnologiyalara üstünlük verilib” – YYSİB sədri, yazıçı-kulturoloq

“Keçən 3 il müddətində işğaldan azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub və quruculuq, bərpa işləri davam etdirilir”. Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov deyib. O, bildirib ki, hazırda qarşıdakı müddətdə işğaldan azad edilmiş ərazilərə əhalinin köç prosesi davam etdiriləcək.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a bildirib ki, Azərbaycan 20 faiz torpaqlarını geri qaytarandan sonra illərdir bizim hazırladığımız və dövlətin təsdiqlədiyi, memarı İlham Əliyev cənabları olan yol xəritəsinə uyğun olaraq Azərbaycanın inkişafı və iqtisadi, ictimai, mədəni, siyasi gedişatını müəyyənləşdirən sənədə uyğun olaraq Qarabağa böyük köç başlamalıdır:

“İllər keçdikcə, elmi-texnoloji və informasiya yenilikləri sürətlə bir birini əvəzlədikcə yaşam tərzimizə də böyük təsirləri oldu. Əgər vaxtilə Birinci Qarabağ müharibəsində, 2016-cı ildə biz yalnız tanklardan, ağır texnikadan, toplardan və canlı qüvvədən istifadə edib düşmənlə mübarizə aparırdıqsa, artıq İkinci Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatları zamanı yüksək səviyyəli süni intellektə söykənən PUA-lardan ibarət texnoloji müharibə etmiş olduq. Bizim gənc nəslin ulduz filmlərində, Amerika filmlərində gördüyü smart müharibə Qarabağ və ətraf rayonlarda, o cümlədən sərhədlərimizin bərpa edilməsindəki savaşımızda, istərsə də informasiya müharibəsində istifadə olundu. Sözsüz ki, bundan sonra Qarabağa qayıdış zamanı ən yeni texnologiyalardan istifadə etmək lazım idi. Ölkə prezidenti Ali Baş komandanımız İlham Əliyev bunda da dünyanın ən çevik və qabaqcıl texnologiyalarına üstünlük verdi. Onun da qeyd etdiyi kimi, bir qəpik qıraqdan pul almadan yalnız Azərbaycanın öz daxili imkanları və indiyə qədər neft pullarından yığılmış fondda qalan pullarımızın hesabına smart Qarabağı qurmağa başladıq. Böyük qayıdış prosesinə məncə, bundan gözəl bir töhfə ola bilməz”.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri qeyd edib ki, 20 faiz torpaqlar illərdir ki, əkilmirdi və boş qalmışdı. Amma onların çoxu minalanmışdı:

“Bir tərəfdən minaları təmizləyirik, digər tərəfdən kəndlər, qəsəbələr və şəhərlərin hansının daha önəmli olduğu və daha tez əhali tərəfindən orada məskunlaşması mümkün olduğu iş yerləri, logistik imkanlar, açılan aeroportlar, tikilən yollar, salınan qatar yolları, qaz, işıq və s. xətləri də müəyyənləşdirib Qarabağın yenidən dirçəlməsi ilə bağlı işlərə başladıq. Proses artıq başlanıb. Şuşa, Xankəndi, Hadrut və bir neçə yaşayış məntəqələrdə dağıntılar nisbətən az olmuşdu. Amma Qarabağa daxil olmayan Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan kimi rayonlarda çox böyük dağıntılar olmuşdu. Azərbaycan hökuməti bununla əlaqədar xüsusi plan işləyib və plana uyğun olaraq Qarabağ çox sürətlə yenidən ucaldılmağa başladı. Azərbaycanda ilk dəfə keçirilən şəhərsalma forumunu, bir çox beynəlxalq tədbirlərin Qarabağda, Şuşada qeyd edilməsinə xüsusi önəm verməliyik. Çünki bunların hamısı smart Qarabağın estetik cəhətdən və tarixi baxımından yenidən qurulmasına xidmət edir. Dünyanın ən aparıcı tikinti texnologiyasından tutmuş şəhərsalma yaşayış məntəqəsinin smartlaşması, ağıllı evlərin və binaların yaradılmasına, yeni iş yerlərinin formalaşdırılmasına qədər bir çox cəhdləri özündə ehtiva edir”.

Yazıçı-kulturoloqun sözlərinə  görə Cənab Prezidentin də qeyd etdiyi kimi ilk əvvəl nəqliyyat və logistik məsələləri həll etdik – yollar salındı, elektrik, su xətləri, qaz, işıq və s. işlər görüldü:

“Daha sonra elektrik stansiyaları bərpa edildi, bir çoxları yenidən tikildi. Çaylarımız neçə ildir ki, kimyəvi maddələrlə məhv edilirdi, oradakı bioresurslarımız məhv olurdu, meşələrimiz kəsilib başqa yerlərə aparılmışdı. Qarabağın böyük əksər hissəsində uyuşdurucular əkilmişdi. Bunların hamısı ləğv edildi və Azərbaycan bayrağı hər yerdə sancıldı. Eyni zamanda, Qarabağda yeraltı və yerüstü sərvətlər var ki, onlar yavaş-yavaş dövlətin və xalqın inkişafı üçün istifadə edilməyə başlayıb. Bu zaman təbiətin qorunması, ekologiyanın mühafizəsi, maksimum dərəcədə dağların, meşələrin təbiiliyini saxlamaq ölkə prezidentinin xüsusi tapşırığıdır. Qarabağ çalışan insanlar, şirkətlər buna önəm verirlər. Bu işlərin aparılması həm də yeni iş yerlərinin yaradılması, iqtisadiyyatımızın inkişaf etdirilməsi deməkdir. Neft Fondu və digər dövlət fondlarında donub qalmış pulların dövriyyəyə buraxılması yenidən iqtisadiyyatımızın və ölkəmizin iqtisadi inkişafına, beynəlxalq iqtisadi əlaqələrdə öz yerimizin möhkəmlənməsinə xüsusi kömək edir. Burada Türkiyə şirkətləri, Avropanın bir çox ölkələri, İsrail, o cümlədən Şərq və ərəb ölkələri bu məsələdə bizim yanımızdadırlar. Bunlar bir daha Azərbaycanın inkişafına hesablanmış və yol xəritəsinin ayrı-ayrı planlı hissəsini özündə ehtiva edir. Bu yaxınlarda Qarabağın özündə yeni texnoparklar salınacaq. Azad iqtisadi zona olaraq İran, Türkiyə, Rusiya, Gürcüstan, İsrail və bizim şərtlərimiz yerinə yetirilsə, tezliklə sülh müqaviləsi bağlansa Zəngəzur dəhlizi açılanda Ermənistan da bundan bəhrələnə bilər. Qarabağda çox böyük bir potensial var. Orada artıq hava limanları tikilir, yol nəqliyyat sistemi sahmana salınır”.

Aydın Xan Əbilov vurğulayıb ki, Qarabağın inkişaf etdirilməsi ilə yanaşı əhalinin köçməsi xüsusi önəmlidir:

“Mən təklif edərdim ki, Qarabağa daha çox əhalinin işlək hissəsi can atsın. Təsəvvür edin yaşlı adamlar var ki, 70-80 yaşları var. Onlar həmin yerlərə gedəndə işçi qüvvəsi olmurlar. Çünki yaşlı olduqları üşün ayrıca sosial işçilər, həkimlər, tibb bacıları və s. ayırmalıyıq. Yaşlı adamlarla yanaşı cavanların da getməsini təmin etmək lazımdır. Qarabağda iqtisadi imkanlarla yanaşı internet kommunikasiya texnologiyalarının inkişafına, internet üstü biznes sahələrinin yaradılmasına önəm vermək lazımdır. 20-30 il minimal vergi güzəştləri tətbiq edilməli, müxtəlif şirkətlərə imkan yaradılmalıdır ki, sürətli və mobil iş yerləri yaratsınlar. Bu iş yerlərində gənclər və işsizlər gedib işləsinlər”.

Bəxtiyar CƏFƏRLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir