VCA və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbillov: “Ədəbiyyatın böyük mənada missiyası dəyişib…” “Xalq Cəbhəsi” qəzeti
Vətənpərvərlik ağlaşma demək deyil…
Aydın Xan Əbillov: “Qarabağ mövzusunda dəyərli əsərlərin yaradılması üçün dövlətin, o cümlədən də yaradıcı qrumların müəyyən sənət müsabiqələri olmalıdır”
Qarabağ mövzusunda yazılan əsərlərin sayı və kəmiyyəti ilə bağlı müəyyən narazılıqlar mövcuddur. Ədəbiyyatla az-çox maraqlanan insanlar belə qənaətdədirlər ki, bu mövzuda daha çox sayda və keyfiyyətli əsərlərin yazılması vacibdir, amma indi onun əksi müşahidə edilir. Xatırladaq ki, dünya ədəbiyyatında müharibə mövzusuna müraciət edən görkəmli yazarların sayı da az deyil. Bu sırada xüsusilə də böyük rus yazıçısı Lev Tolstoyun adını çəkmək olar. Onun “Hərb və sülh” əsəri indi də böyük maraqla oxunur. Şoloxovun “İnsanın taleyi” povesti isə hətta indinin özündə də qəlbləri riqqətə gətirir. Bundan başqa tanınmış yazıçı Hemenqueyin bu mövzuda böyük şöhrət qazanmış bir neçə əsəri var. Müharibə mövzusuna Azərbaycan ədəbiyyatında da müraciət edən bir çox yazarlarımız var. İsa Hüsenovun “Tütək səsi” povesti zamanında böyük hay-küyə səbəb olmuşdu. Bu siyahını uzatmaq da olar, amma güman edirik ki, belə misallarla yazarların bu mövzuya müraciət etməsilə bağlı müəyyən təəssürat yarada bildik. Bəs indi bu sahədə vəziyyət necədir?
Yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər İB-nin rəhbəri Aydın Xan (Əbilov)
Qarabağın, ümumiyyətlə, dünya Azərbaycanlılarının ən böyük problemlərindən biri olduğundan danışdı. O bildirdi ki, cəmiyyət, xüsusən də oxucular yazarlarımızdan Qarabağ mövzusunda dəyərli əsərlər gözləyirlər: “Amma bir şeyi unutmaq olmaz ki, dünya çox tez dəyişir. İstər informatik, istərə innovatik, istərsə də kulturoloji dəyərlər öz formatını, məzmununu, fəlsəfəsini sürətlə dəyişir ki, buna nə oxucularımız, nə də yazarlarımız hazırdır. İkinci Dünya Müharibəsi dönəmində də ədəbiyyatçılar öz sözlərini deyirdilər. Həm müharibə vaxtı, həm ondan öncə, həm də sonralar ədəbiyyat müharibə mövzusuna çox böyük önəm verirdi. O dövrdə mükafat alan əsərlərin də çoxu məhz bu mövzuda olan əsərlər idi. Müasir dövrdə ədəbiyyat heç də bu missiyanı yerinə yetirə bilmir. XX əsrin əvvəllərində, ortalarında və hətta sonlarına yaxın dövrlərdə ədəbiyyat kütləvi informasiya vasitələrinin missiyasını öz üzərinə götürmüşdü. Bilirsiz ki, biz qapalı bir dövlətdə yaşayırdıq, SSRİ-də informasiyanın yayımı açıq şəkildə deyildi. Mətbuat orqanları hər şeyi olduğu kimi verə bilmirdi. İdeoloji qadağalar vardı. Bu baxımdan demək olar ki, indi ədəbiyyatımız çiynlərinə düşən yükün böyük bir hissəsini azaldıb. Yəni mətbuatda istər siravi vətəndaşlara, istərsə də yaradıcı adamlara öz fikirlərini bildirmək üçün şərait var. Buna görə də media əhatəsində olan insanlara ədəbiyyatın birbaşa təsiri çox azdır. Buna baxmayaraq, son iyirmi ildə Qarabağ mövzusunda çox dəyərli əsərlər yaranıb və yaranmaqdadır. Bu əsərlər istər nəsr, istərsə də poeziya və publisistika janrlarına aiddir. Aqil Abbas, Yazıçı Anar gənclərdən Elçin Hüseynbəyli, Aygün Həsənoğlu, Yusif Əhmədov, Yusif Kərimov, Sabir Əhmədli və digər yazıçı və şairlərimizin Qarabağ mövzusunda çox ciddi əsərləri var. Hətta bu əsərlərin böyük bir qismi müxtəlif mükafatlara layiq görülüb. Mənim də bu mövzuda bir neçə hekayəm var. İstər Ermənistan, istər Azərbaycan, istərsə də bu və ya digər dərəcədə məhəlli münaqişələrə cəlb olunan ölkələrin yazıçıları nə qədər çalışsalar da ədəbiyyatda müharibə mövzusunu publisistik səviyyədən yuxarı qaldıra bilmirlər. Bu baxımdan da oxucuların sayı azalır. Bədii ədəbiyyata marağı olan oxucu üçün publisistika o qədər də maraqlı deyil. O, mətbuatdan öz intellektual, informatik tələbatını onsuz da ödəyir. Fikrimcə Qarabağ mövzusunda dəyərli əsərlərin yaradılması üçün dövlətin, o cümlədən də yaradıcı qrumların müəyyən sənət müsabiqələri olmalıdır. Əvvəllər bunun üçün dövlət külli miqdarda pul ayırırdı. Bu sahədə çoxlu müsabiqələr keçirilirdi. Amma indi o qədər də diqqət yetirilmir. O cür müsabiqələr indi də keçirilməsi daha yaxşı olardı”.
2011
Nicat Göyüşlü

