“Uman yerdən kusərlər”, əziz Çayrudlular! – tanınmış şair-publisist Ağacəfər Həsənli yazır
“Məktəbinizin”, (daha məktəbimizin ifadəsini işlətməyə yer qalmadı) 100 illik əzəmətli yubileyini ürəkdən təbrik edir və təkrarən sizi salamlayıram. Tədbirinizin birinci hissəsini qoyaq kənara, bu məsələyə az sonra qayıdaram. Keçək ikinci hissəyə. Bəri başdan deyim ki, sizin yüksək süfrə mədəniyyətiniz, xörəklərinizin çeşidi, ana və bacılarımızın hazırladıqları təamların keyfiyyəti, dadı-duzu sübut elədi, həqiqətən böyük ənənəsi olan çörəkverən camaatsınız. Bu sahədə hər cür tərifə və alqışa layiqsiniz.
Təəssüf ki, gözəl ola biləcək tədbirinizin rəsmi hissəsi təşkilatçılıq baxımında xaos idi, qarmaqarışıq və pərakəndə idi. Aşığın məşhur sözü var: “desəm, öldürərlər, deməsəm, ölləm”. Əvvəla, qonaqların qarşılanması səhnəsini xatırlayaq. Qeyri-təvazökarcasına , kim hara gəldi özünü ora dürtmüşdü. Məgər bu məclisin başbilənləri bir nəfər qabaqcadan ayıra bilməzdilər, hər kəsi layiq olduğu yerdə əyləşdirsin? Mən ilk dəfə doğma adamların arasında özümü sıxıntılı, tək, bihörmət hiss elədim və məcburən yer tapmaq axtarışına çıxdım. Ən nəhayət, məşhur telejurnalist Rauf Rəcəbovla gözdən uzaq bir küncdə özümüzə yer tapdıq.
Bu hələ nə idi ki? Bayağı, populist, bəsit, özfəaliyyət səviyyəsindəki ortababların boyat çıxışları ən azından ət tökürdü. Mən düzü, ziyalı məkanı Çayrudun belə gününü görməmişdim. Bizim orta məktəb müəllimlərimizdən dördü yaşayır: Möhtəmən Dənziyev, Nəsir Rzayev, Nəriman Rəfiyev və Sabir Məlikov. Nədənsə, heç kəsin ağlına gəlmədi ki, bu insanlar köhnə məktəbin canlı tarixləridir, onların hər birinə (və ya ümumiləşdirilmiş şəkildə bir nəfərinə) ikicə dəqiqə vaxt ayırmaq lazımdır, xoş gündə sözlərini desinlər. Ancaq bu alicənab pedaqoqların səsini boğdunuz, nəfəslərini kəsdiniz. Cənablar, keçmişə ehtiram o kənd haqqında uzun-uzadı nitq söyləmək, məruzə oxumaq deyil.
Əlbəttə, faydalı işlərə, əməllərə, camaatın zəhmətinə kölgə salmaq istəmirəm. Bu tərəfi çox gözəl. Ancaq kişinin oğlu “bəs bəy dediyin nə idi, bəyənmədiyin nə?” Dünyanın o başından dəvət edirsən, şəxsi maşınımla məktəbin adına layiq hədiyyə alıb gətirirəm, üstəlik mənə iki dəqiqə vaxt ayırmırsan. (Onsuz da hər kəs bilir ki, məclisdə yerimi bilən adamam, heç vaxt da uzunçuluq eləmirəm) , həm sözümü deyim, həm də gətirdiyimi mərdi-mərdanə təqdim edim. Bunu anlamadım, axı, özümü nə qədər sadə aparsam da, sıradan deyiləm. Hansı bir səviyyəsizsə, məni qəbul eləsə də, eləməsə də, bu məktəbin məzunu olmuşam və hələ SSRİ Yazıçılar İttifaqının üzvü kimi təkcə Çayrudun, Lerikin yox, Azərbaycanın başını ucatlmışam. Beynəlxalq festivallardan ödüllərlə, mükafatlarla qayıtmışam. Ədəbiyyatın tarixinə, antologiyasına və ensiklopediyasına cənub bölgəsindən düşən nadir qələm adamıyam. Necə ola bilər ki, Şuşada Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Heydər Əliyev fondunun, Mədəniyyət nazirliyinin, Yazıçılar Birliyinin birgə layihəsi əsasında gerçəkləşən və dəstəklənən Vaqif Poeziya Günləri bayramında mənə hörmət-izzətlə söz verilir, çıxışım birbaşa telekanallarda yayımlanır, kənd məktəbinin yubileyində isə artıq adam oluram? Vallah, gülməlidir…
Düzgün başa düşün, özümü zorla gözə soxan deyiləm, çünki buna ehtiyacım yoxdu. Əgər ölkənin ən populyar telekanalları haqqımda film çəkirlərsə, minnətsiz-filansız saatlarla mənə efir vaxtı ayırırlarsa , haralardasa bir-iki kəlmə söyləmədiyimə görə heyfslənmirəm. Bəzi üzdəniraq adamların bəsitliyi, cılızlığı, dar anlamda məhəlləçiliyi mənə yer eləyir. Nə isə…
Dostlar, yenə sizinlə həmrəyəm, yaşasın Çayrud və yüz yaşlı qocaman, həmişəcavan məktəbi!
Deyir, “Uman yerdən küsərlər”. Mən Çayrudda kimləsə rəqabət aparmıram. Çünki rəqabət meydanım genişdir – Bakıdır, Azərbaycandır və bütün Türk dünyasıdır!
P.S.Çayrud məktəbinin 100 yaşına şeir yazmışdım, FB-də qoymuşdum, nəzərdə tutmuşdum, onu tədbirdə əzbər söyləyim, imkan vermədilər. İndi hər kəsdən xahiş edirəm, bu şeiri bir daha obyektiv surətdə oxusun, qiymətləndirsin və ordakı çıxışlarla müqayisə aparsın. Görün, o nağıl danışanların sözlərində bircə bəndin və ya sətrin effekti var idimi?
ÇAYRUD MƏKTƏBİ
𝚈ü𝚣 𝚢𝚊şı𝚗𝚊
Özünü çıxarır təmizə məktəb–
gedən məzunların cığırlarından.
Dərs götürməlidi təptəzə məktəb,
o köhnə məktəbin uğurlarından.
İsti ocaq idi, qədim pir idi,
hara uçub getdi o gül uşaqlar?
Hər sinif otağı münbit yer idi–
ordan göyərirdi sünbül-uşaqlar.
Ehh… qış yuxusuna vardı dalanlar,
onlar da üstündə çalışırdılar.
Müəllim adından ibrət alanlar,
müəllim odunda alışırdılar.
Nəmli qayaları gün döyər-döyməz,
cod mamır olardı əyinlərində…
Çayrudun şöhrəti qalxardı göyə,
şanlı övladların çiyinlərində.
Baxışəli arxaydı darda, çətində,
Nəsir diləyini əsirgəmirdi.
Əli müəllimin sir-sifətində–
həzrəti Əlinin nuru var idi.
Qığılcım çıxırdı yüyürək dilindən,
hanı İbadulla – o saf, pak kişi.
Yeddi min yeddi yüz yetmiş dəlidən,
ər kişi, nər kişi, qəzəbnak kişi.
Alim doğulmurdu hamı anadan,
Nəriman mərəkə, dəstgah qururdu.
Mərziyyə var idi kitabxanada–
bizə özümüzü oxutdururdu.
Hərdən Cəngəsərdə qar daşlaşırdı,
qorxmadan aşasan gərək qayadan.
Qardaş məhəbbətlə qardaşlaşırdı,
kim ki axsayırdı coğrafiyadan.
Düşmədim izinə boyat məktubun,
hamını tapşırdım böyük Allaha.
Baş əydim önündə köhnə məktəbin,
arxivdən xatirəm köçüb sabaha.

