“İşsiz, eviz, pulsuz” gənclər niyə evlənmək istəmir? – Araşdırmada Aydın Xan Əbilov və ekspertlərin sərt mövqeyi

Son zamanlar demək olar ki, hər kəsin müşahidə etdiyi bir fakt var: gənclər evlənməkdən uzaqlaşırlar. Bəziləri səbəb kimi xərcləri göstərir, bəziləri məsuliyyəti üzərinə götürmək istəmir, bəziləri hələ hazır olmadıqlarını və ya belə çətin qərar üçün hələ tez olduğunu bildirirlər.

Ailə qurmaq, evlənmək və uşaq dünyaya gətirmək gözəl olsa da, həm də zəhmət tələb edən işdir. İndiki həyat şəraitində bu vəziyyət daha da çətinləşir. Çünki günü-gündən bahalaşan dünya insanların mənəvi durumu ilə yanaşı maddi durumuna da təsir edir. Bunun ən bariz sübutu 20-30 yaş arası gənclərin artıq evliliyə o qədər də həvəs göstərməməsidir.

Evliliklərin azalması, nikah yaşının və boşanmaların artması ilə bağlı aparılan araşdırmalarda gənclərin evliliyə başlaya bilməməsinin səbəbləri arasında alimentlər, evliliklərdəki neqativ nümunələr, maddi sıxıntılar, işsizlik, dolanışığın baha olması göstərilir.

Statistika göstərir ki, bütün dünyada gənclər evliliyi gecikdirməyə, uşaq sahibi olmamağa və tək yaşamağa üstünlük verirlər. Əksər gənclər ailə qurmaq əvəzinə şəhərlərə köç edib, karyeralarına diqqət yetirib, sevdiyi ilə eyni evdə yaşamağa və eşq yaşamağa üstünlük verirlər.

ABŞ-da Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatlarına görə, 1980-ci illərdən bəri evlilik nisbətlərində ciddi dəyişikliklər qeydə alınıb. Buna uyğun olaraq, ABŞ-da 1980-ci illərdə heç vaxt evlənməmiş qadınların nisbəti 22,5% ikən, 2017-ci ildə bu nisbət yüzdə 29,3-ə yüksəlib.

Yenə 1980-ci illərdə ilk dəfə ailə quran qadınların orta yaşı 22 ikən, 2000-ci illərdə bu rəqəm 27,4-ə yüksəlmişdir. Kişilər üçün ilk nikah yaşı 1980-ci ildəki 24,7-dən 2017-ci ildə 29,5-ə yüksəlib.

Birləşmiş Əhali Fondunun iqtisadçısı Michael Herrmann açıqlamasında insanların ailə qurmağa gec başlamasının səbəblərindən biri kimi iqtisadi səbəbləri göstərib. İnsanların ilk növbədə özlərini iqtisadi cəhətdən təhlükəsiz hiss etmək və təhsillərini başa vurmaq istədiklərini ifadə edən Herrmann bunun getdikcə daha çox vaxt apardığını bildirib.

Daha bir maraqlı məlumat ondan ibarətdir ki, gənclər evlənmək üçün daha çox onlayn tanışlıq saytlarına üstünlük verirlər. Annie data tətbiqinə görə, 2005-2012-ci illər arasında evliliklərin üçdə biri onlayn tanışlıq saytları və proqramlarında başlayıb. Bu saytlara ödənilən rüsum da iki il ərzində üç dəfə artıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 2017 məlumatlarına baxılaraq hazırlanan cədvələ görə, Türkiyədə orta evlilik yaşı 26,2-dir. Son 20 ildə bu nisbətə baxanda təbii ki, yuxarıya doğru artıb. Bir sözlə, gec evlənmək yeni trenddir.

Avropa gec evlənir

“Ən gec evlənənlər” kimi siyahıya alsaq, əvvəlcə Almaniyanın adını yazmaq lazımdır. Çünki orta yaş 33,1 olan Almaniya gəncləri ən gec evlənən ölkədir. Amerikada orta evlilik yaşı 27,9 olduğu halda, Avropa qitəsi daha gec evlənir. Asiya və Afrika qitələrinin daha erkən yaşlarda evləndiyini görürük. Ən aşağı orta nikah yaşı olan ölkə 21,9 ilə İndoneziyadır. Oradan yuxarı baxanda Hindistan, Banqladeş kimi ölkələr var.

Evlilik yaşı artdıqca uşaq sahibi olmaq və uşaqların sayının azalması da nəzərəçarpacaq dəyişikliklərə məruz qalır. Avropa ölkələrində evlilik nisbətləri aşağı düşərkən, nikah yaşı yüksələrkən uşaq sahibi olanların sayı azalmaqda davam edir.

Fransada Milli Demoqrafik Araşdırmalar İnstitutunun dərc etdiyi hesabata görə, Avropada 1970-ci illərdə doğulan qadınların beşdə birinin övladı yoxdur. Yəni hər beş evlilikdən birində cütlük uşaq sahibi olmaq istəmir. Uşaqsız nikahların ən yüksək olduğu ölkələr Yunanıstan, İtaliya və İspaniyadır ki, bu göstəricilər 20 faizdən yuxarıdır.

Yanlış ailə siyasəti, işsizliyin artması, qadınların həm işdə, həm də evdə işləmək məcburiyyətində qalması nəticəsində təbii ki, Qərbdən bütün dünyaya fərdilik anlayışı yayıldı. Yəni məsələnin kökündə bu anlayış dayanır: Yalnızlıq. Bu mənada uşaqsızlıq nisbətinin artması ilə Qərb ölkələrini necə gələcək gözlədiyi ciddi maraq doğurur.

SİA mövzu ilə bağlı araşdırma edərək ekspert, hüquqşünas və psixoloqların fikirlərini öyrənib.

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov: “Postpandemiya və post-müharibə dövründə, xüsusən də dünyanın problemli zamanında insanların özünü qoruma insidenti işə düşür və bu insident bir çox tarixi mərhələlərdə olduğu kimi indinin özündə də yeni evlilik və toyların baş tutmasına imkan vermir. Problemli zaman dedikdə iqtisadi-sosial vəziyyətin ağırlığı, ərzaq qıtlığı, ekoloji problemlərin kəskinləşməsi və iqlimin dəyişməsi nəzərdə tutulur.

Gənclər daha maksimalistdir və düşünürlər ki, əgər evim yoxdursa, iqtisadi-sosial vəziyyətim ağırdırsa, yüksək məvacibli işə sahib deyiləmsə kiminləsə ailə qurub hansısa bir qızın bədbəxt olmasına səbəb ola bilmərəm.

Ona görə də gənclərin, xüsusilə oğlanların evlənməsi məsələsində ciddi problemlər yaşanır. Mən, illərdir ki, bu məsələ ilə bağlı öz “SOS” siqnalımı hər yerə çatdırırdım. Çünki Azərbaycanda qızların sayı ciddi şəkildə azalırdı və bu da istər-istəməz kişilərin ailə qurması üçün qız seçmək imkanını məhdudlaşdırırdı.

Digər tərəfdən, dünyanın ən sivil və inkişaf etmiş ölkələrində gənclər 30 yaşdan sonra, artıq müəyyən iqtisadi bazası olan, ailəni saxlamaq üçün müəyyən vəsait əldə etdikdən sonra evlənməyə can atırlar. Bu ən çox inkişaf etmiş ölkələrdən olan ABŞ-da, Yaponiyada, Cənubi Koreyada və Türkiyədə də belədir. Biz də yavaş-yavaş bu normal sistemə keçirik.

25 yaşdan aşağı evlənmək və uşaq dünyaya gətirmək dünyada normal qəbul edilmir. Gənclər yetkinləşməli, intellektuallaşmalı, təhsil və müəyyən həyat bilgiləri əldə etməlidir. Daha sonra bu bilgilər ata vasitəsilə anaya və anadan da uşağa ötürülür. Bu baxımdan da gənclərin gec evlənməsi və toyların azalması normaldır.

Əlbəttə, bunun digər tərəfləri də var: gənclər sosial cəhətdən özlərini müdafiəsiz hiss edirlər, boşanmaların sayının artması, qadın hüquqlarının liberal və hətta radikalcasına inkişaf etməsi, qızların seçim imkanı olduğuna görə adi bir sözdən də inciyib boşanmaya gedirlər.

Düşünürəm ki, Azərbaycanda gənclərin ailə qurması və ailə institutu ilə bağlı dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Bizxim kimi neft ölkəsi olan Ərəb ölkələrinə baxanda yerli azərbaycanlılar evlənən zaman imtiyazlar verilməlidir. Gənc ailə evləndikdə ona ən azı çox az faizlə ipoteka krediti və s. vermək olar. Bu onları boşanmadan da çəkindirər.

Toylara yüz minlərlə pul xərcləmək lazım deyil. Ora xərclənən pulun bir hissəsinə gənc ailələrə ipoteka ilə ev almaq olar. Evdə əlavə söz-söhbət olmaması, boşanmaların baş verməməsi üçün valideynlər çalışmalıdır ki, gənclərin ayrıca evi olsun. Mediada olan şiddət və boşanma halları da gənclərin evlənməsinə ciddi təsir edir.

Evlilik məsələsi yalnız valideynlər və nəsillər arasında razılaşdırılmamalıdır. Gənclər özləri də ortaq qərara gəlməlidir. Həm oğlan, həm də qız eyni hüquqla evlənmək şansı əldə etməlidir. Bizdə evlənmək dedikdə ağıllara ancaq oğlanın qızı bəyənməsi gəlir. Amma hansısa bir qızın bir oğlanı bəyənən, ata-anasına “mən bu oğlanla evlənmək istəyirəm” dediyi zaman qəribçiliyə salınır. Düzdür, yavaş-yavaş bu problem aradan qalxır, amma sürətlə bunu keçməliyik. Evlənmək yalnız kişinin haqqı yox, həm də qadınların haqqıdır.

Digər tərəfdən qadınlar da kişilərin haqqını qəbul etməlidir. Artıq ailə başçısı hüququ məhv edilib. Heç olmasa, ailəni bərabərhüquqlu idarə etmək lazımdır. Yoxsa gənclərimiz ümumiyyətlə toy edib evlənməyəcəklər.

Günümüzdə böyük bir nəsil yaranıb ki, ümumiyyətlə, toy haqqında düşünmür, “subaylıq sultanlıqdır” deyirlər”.

Psixoloq Fidan Nizamova: “Gənclərin ailə qurmağa tələsməməsinin bir çox səbəbləri var. Burada mənfi və müsbət düşüncələr mövcuddur. Birinci səbəb maddi məsələ, ən başlıcası da ev məsələsidir. Əvvəllər gənclər qaynana-qaynata ilə birlikdə yaşamağa razı idilərsə, bu günkü gün nə oğlanlar, nə qızlar buna razı olmurlar. Hər kəs özü ayrıca həyat yoldaşı ilə yeni bir həyata başlamaq istəyir. Əslində, bunu mən doğru bir düşüncə tərzi kimi dəyərləndirirəm. Çünki gənclər də fərqinə varır və görür ki, bir çox ailələrin söz-söhbətləri, dağılması, soyuqluq yaranması buradan qaynaqlanır və bu fakta əsaslanaraq ev məsələsini, şəxsi evlərinin olmasını ilk mərhələyə qoyurlar və bu çox doğru addımdır. Birlikdə yaşamaq heç bir halda, nə mehribançılıqla, nə nə ailəcanlılıqla əlaqəli bir şey deyil.

İkincisi karyera məsələsidir ki, yenə də burada da həm qızlar, həm oğlanlar öncə karyera qurmaq, bir pillə əldə etmək, iş karyerasında daha sonra ailə haqqında düşününürlər. Bu da həm maddiyyata bağlanır ki, insanlar ailəli olanda yaxşı yaşamaq istəyirlər.

Bir də özünü təsdiqləmək kimi fakt var ki, o da son illər birinci yerdə durur. İnsanlar öncə özünü tapmağı, öz missiyasını həyatda tapıb da sonra ailə həyatına başlamağı seçirlər.

Burada psixoloji məqamlar da var ki, gənclər ailə çətinliyinin məsuliyyətinin həm fərqinə varırlar, həm də bir az böyüdürlər. Çünki önlərində çox pis nümunələr var.

Bilirsiniz ki, son illər bir çox insanlar psixologiya ilə maraqlanmağa başlayır, ailənin yalnız evlənməkdən, yalnız uşaqla valideynin münasibətinin yeməkdən, isti geyindirməkdən ibarət olmadığını anlayırlar. Bu onları bir növ qorxudur. Çünki buna heç kəs öncədən hazır deyildi. Gənclər bunun indi-indi fərqinə varır.

Bu gün kiçik yaşlı uşaqlar da valideynləri ilə əvvəlki kimi deyil. Onlar daha çox diqqət, daha çox məsuliyyət tələb edirlər. İş yerləri də əvvəlki kimi deyil. Çətinləşib deməzdim. Sadəcə hər kəs fərqinə varıb. Valideynliyin də, həyat yoldaşı olmağın da fərqinə varmağa başlayırlar ki, məsələ sadəcə evlənməklə bitmir”.

Vəkil Turan Abdullazadə: “Düşünürəm ki, gənclərin evlənməməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var. Onlardan bir neçəsinə toxunmaq istəyirəm. Birinci səbəb kimi ölkədə sosial rifah səviyyəsinin aşağı olmasını göstərə bilərik. Mənzillərin qiymətinin ortaq aylıq əmək haqqına münasibətdə katastrofik dərəcədə yuxarı olması, işsizlik, toy xərclərinin ciddi maliyyə yükümlülüyü yaratması, sosial təminatların yetərli olmaması toyların azalmasının əsas səbəblərindən biridir.

İkinci səbəb kimi mədəni-mental dəyərlərin, əxlaq etalonların gün keçdikcə dəyişməsi və şaxələnməsi uyğun namizədin tapılmasını çətinləşdirir və beləcə gənclər özlərinə, ailələrinə uyğun şəxsi tapmaqda kifayət qədər çətinlik çəkməyə başlayırlar. Bir sözlə getdikcə çağdaşlığa, müasirliyə can atan təbəqə ilə keçmişin qalıqları, köhnə adətlərlə yaşayanlar arasında kəskin əxlaqi uçurum yaranır. Yəni, sosial qrupların mədəniyyət ölçüləri arasında fərqlər evliliyi çətinləşdirən amillərdən biridir.

Maddi vəziyyətin pis olması, qarşılıqlı anlaşmazlıq, şiddətli keçimsizlik, ər-arvadın valideynlərinin müdaxiləsi və xəyanət faktorlarını boşanmaların əsas səbəbləri arasında göstərə bilərik. Bizə müraciətlər xəyanət, aldatma, ailəsinə və uşaqlarına baxılmaması səbəbindən dolayı daha çox qadınlar tərəfindən olunur. Yəni, kişilərə nisbətən daha çox qadınlar boşanma üçün müraciət edirlər. Lakin son dövrlər də kişilərin müraciətlərində də artım müşahidə olunur”.

Ayşən Vəli –https://sia.az/az/news/social/966652.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir