Həmin Ağakərim Şərifov. – Hafiz Mirzə yazır
Yaşadığımız dünya burada tanıdığımız mərd, cəsarətli, işgüzar, zəhmətkeş, ağıllı, səmimi, imanlı və müdrik insanları ilə gözəldir. Nə xoş ki, Azərbaycanımızda belə insanlar çoxdur. Görmək və dəyərləndirmək daha gözəldir. Təəssüf ki, özü bir faiz nümunəvi şəxsiyyət olmayan adamlar zaman keçdikcə öz qəlbinin qara rənginə bürünür, gözlərinin ağı tamam itir və onlar dün-yanı qapqara görməyə başlayırlar. İkrah doğuran odur ki, elələri qaradan başqa rəng də tanımırlar. Hər kəsi, hər şeyi və hər nəyi qara rəngdə təqdim etməklə bədxahlar nə qazanır? Hamını özləri kimi görməklə təskinlikdən qeyri heç nə! Elə adamlar var ki, onlara nə qədər şər-böhtan atılsa da, onları qaralamaq mümkün olmur. Bədxahların da etiraf etdiyi bu şəxslərin qarşısında çoxlarının boğazı quruyur. Ağ işığa bürünmüş elə şəxslərdən birini mən də çox yaxşı tanıyıram. Ağakərim Şərifovu deyirəm! Bəli, Lənkəranda zavod direktoru, Şəhər Sovetinin sədri, İcra Hakimiyyəti başçısının müavini, sonra Millət vəkili, daha sonra enerji infrastrukturunun mühüm simalarından biri olmuş həmin o Ağakərim Şərifovu deyirəm! Sadə, səmimi, gülərüz və sözün düzünü deməyə hər zaman cürəti çatan Ağakərim müəllim!
Ağakərim Şirəli oğlu Şərifov 01 noyabr 1949-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. Şəhərin Böyük bazar nahiyəsində öz həmyaşıdları arasında qətiyyəti, bədəninin böyük, qollarının qüvvətli və təvazökarlığı ilə seçilirdi. Atası Şirəli kişi ticarətlə məşğul idi və onu hamı xeyirxah insan kimi tanıyırdı. Ciddi, bir az da zəhmli siması vardı. Amma Ağakərimin dostları-yoldaşları bu kişinin çox sadə və səmimi olduğunu yaxşı bilir və bundan yaxşı yararlanırdılar. 1966-cı ildə Ağakərim Lənkəran şəhər 3 nömrəli orta məktəbini bitirdi və həmin il Azərbaycan Politexnik İnstitutunun avtomatik elektrik rabitəsi fakültəsinin axşam şöbəsinə qəbul olundu. Zəhmətə, əməyə və elmə bağlı olan gənc Ağakərim təhsil aldığı dövrdə ixtisası ilə bağlı müxtəlif idarə və təşkilatlarda çalışdı. İlk əmək fəaliyyətinə 1 saylı Bakı Tikinti Trestinin, 8 nömrəli tikinti idarəsində başlamışdı. Bakı həyatı onun bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadı.
Gecələr ali təhsil alaraq, 1971-1973-cü illər ərzində o gündüz Rabitə Nazirliyi BTŞ-nın ATS-37 idarəsində baş elektro-mexanik vəzifəsində işləmişdi. 1973-1974-cü illərdə o, Almaniya Demokratik Respublikasında Sovet ordusunda həqiqi hərbi xidmətdə oldu. Lənkərana qayıtdı və 1974-cü ildən 1985-ci ilə qədər 11 il Lənkəran rabitə qovşağının ATS-ində mühəndis, sonra telefon rabitəsi mühəndisi vəzifəsində çalışdı. Bu illər Lənkəranın büsbütün telefonlaşması dövrü idi. Gərgin fiziki və zehni əmək tələb olunurdu. O bunun öhtəsindən uğurla gəldi. Xüsusi təşkilatçılıq və mühəndislik bacarığı nəzərə alnaraq onun qarşısına daim ən çətin tapşırıqlar qoyulurdu. Elə tapşırıqlardan biri də Lənkəran Cihazqayırma təcrübə zavodunu yaratmaq, qurmaqdan ibarət oldu. Həmin Ağakərim Şərifov bu zavodu uğurla qurdu, ərsəyə gətirdi və onun direktoru vəzifəsinə irəli çəkildi. İşlədiyi 8 il müddətində Ağakərim Şərifov zavodun böyük nailiyyətlər qazanmasında müstəsna xidmətlər göstərdi. Tədricən ölkəni iqtisadi və sosial böhranın bürüdüyü bir zamanda böyük bir kollektivə əsil ata kimi rəhbərlik etmək, onun liderinə çevrilmək, insanları firavan yaşatmaq və vətənpərvərlik ruhunda tərbiyyə etmək çox çətin idi. Amma o bunun öhtəsindən gəlir, Lənkəranda ən uğurlu və təcrübəli direktor kimi tanınınr, hörmət və ehtiram qazanırdı. Sanki Lənkəranda Ağakərim adında cəmi bir nəfər var idi və bu ad çəkilən kimi hamı onu nəzərdə tuturdu.
İqtisadi böhran artıq SSRİ adlı böyük dövlətin bütün rıçaqlarını sarsıtmağa başlayırdı. 1988-ci ildən ölkəni və respublikaları mitinq dalğası, Sovet İmperiyasına və Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən ilhaq olunmasına qarşı etiraz və milli-azadlıq hərəkatı bürümüşdü. Xarici ölkələr Azərbaycanda min cür təfriqə aparır, müstəqilliyin uğurla qurulmasına çox ciddi maneçiliklər törədirdilər. Dünən meydanlarda, mitinqlərdə “Azadlıq”, “İmperiyaya ölüm!” “Ərazi bütövlüyümüzü qoruyaq!”, “Qarabağ bizimdir, bizim olacaq!” deyə qışqıranların sonra əli düşmən cibindən çıxırdı.
Bədxah qonşular insanlarımızı etnik-separatizm, millətçilik, bölüçülük failiyyətilə yoldan çıxardır, ideoloji sarsıntılara məruz qoyurdular. Belə bir dövrdə Ağakərim müəllim öz kollektivinin hər bir üzvü ilə siyasi iş aparmağa məcbur idi. Öz kollektivində özü də mitinq keçirdir, insanları dinləyir, onlarla həmrəylik və birlik nümayiş etdirirdi. Bir qrup səbatsız adam milli-azadlıq hərəkatının liderlərinin sırasına soxulmuşdu. Onlar zavod və fabrik, kolxoz və sovxoz rəhbərlərinə təzyiq göstərir, kollektiv dəstək və yardım toplamağa çalışırdılar. Onlara ram olmayanların başına ləçək bağlamaq üçün meydan sulayan qaraguruh təkcə onun zavoduna yaxın düşə bilmirdi. O isə kollektivi öz arxasınca salıb, ümumşəhər mitinqlərinə gətirir, mitinqlərdə çıxış edir, Qarabağa yardım göstərirdi. Milli-azadlıq hərəkatı zamanı onun zavodunun işçiləri fəallıq göstərir, milli birlik və müstəqillik ideyalarını yayırdılar. Lakin əks cəbhədə etnik separatizm də geniş vüsət alır, ideoloji savadı olmayan insanları çaşdırır, mübarizənin əsl yolundan sapındırırdi. Bu işdə Rusiyanın və İranın xüsusi xidmət orqanları fəallıq göstərirdi.
Nəhayət 1993-cü ilin əvvəlində ölkədə milli birlik sarsılmağa, vətəndaş müharibəsi qaynamağa, Lənkəran etnik separatizm ocaqlarından birinə çevrilməyə başladı.
Ağakərim Şərifov bu qorxulu və daha betər izlər buraxacaq hadisələrin ilk günündən mübarizənin önünə çıxdı. Onun Şəhər XDS-nin sessiyalarında göstərdiyi fəallıq, Lənkəranda hakimiyyəti ələ keçirtmiş silahlı separatçılara qarşı sərt çıxışları sanki ziyalıları da silkələdi, insanları fitnələrə uymamağa və ayağa qalxmağa çağırdı. Tezliklə Lənkəranda bütün siyasi qüvvələri separatizmə qarşı birləşdirən “Lənkəran” cəmiyyəti yaradıldı. O, bu cəmiyyətin liderlərindən biri oldu. Avqustun 22-də etnik separatizmə qarşı ümumxalq mitinqi də məhz onun təşəbbüsü və təşkilatçılığı ilə çağrıldı. Minlərlə insanı birləşdirən möhtəşəm mitinq alındı. O mitinq həm də Ağakərim Şərifovun özünün şəxsi nüfuz çevrəsinin göstəricisi idi.
1993-cü il iyun-avqust Lənkəran hadisələri avqustun 23-də xalqın böyük qələbəsilə nəticə-ləndi. Azərbaycanın ərazi bütövlüyü və Dövlət müstəqilliyi qorundu. Bu, lənkəranlıların və öndə getmiş Ağakərim Şərifov kimi şəxslərin böyük qəhrəmanlığı sayəsində baş tutmuşdu.
1993-cü ildə hamının hörmət və ehtiram göstərdiyi Ağakərim Şərifov Lənkəran Şəhər Xalq Deputatları Sovetinin sədri vəzifəsinə seçildi. 1995-ci ildən isə o, Lənkəran şəhər İcra Hakimiyyəti Başçsının humanitar məsələlər üzrə müavini vəzifəsində çalışmağa başladı. O öz siyasi failiyyətini durmadan davam etdirir, ölkəmizin qüdrətlənməsi, Lənkəranın çiçəklənməsi yolunda xidmətlərini əsirgəmirdi. Yeni Azərbaycan Partiyasının üzvü idi. Obyektivliyi, təhlükəni vaxtında sezməsi və problemin üstünə getməsi onun onsuz da çox parlaq olan imicinə yeni çalarlar qatırdı.
2000 -cı ildə həmin bu şəxsin – bizim Ağakərim Şərifovun Milli Məclis üzvlüyünə namizədliyi irəli sürüldü. Noyabrın 5-də Ağakərim Şərifov 35 saylı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisə deputat seçildi.
Hamının yaxşı tanıdığı həmin Ağakərim Şərifov 5 il Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü oldu.
Millət vəkili olduğu illərdə heç birbaşa seçicisi olmayan, hətta başqa rayonlarda yaşayan insanlar da öz problemlərinin həlli və ümummilli problemlərin vaxtında müzakirəyə çıxarılması üçün ona müraciət edirdilər. O çox danışmaqdansa çox iş görməyi daha üstün tuturdu.
2007-ci ild isə Ağakərim Şərifov “Azərenerji” ASC “Enerjisisteminin İdarəetmə Vasitələri Şəbəkəsi” MMC direktor müavini vəzifəsinə təyin olundu.
Mötəbər vəzifələr daşımasına baxmayaraq Ağakərim müəllim həmişə xalqın içində olur, qarşı tərəflə özü daha həvəslə ünsiyyət qurmağa çalışırdı. Onu şəhər küçələrində, bazarda, çayxanada, vağzal gəzintilərində, el şənliklərində, hüzür məclislərində görmək olurdu.
Dövlət onun xidmətlərini həmişə yüksək qiymətləndirmişdi. Sadə adamların onu “Bizim Ağakərim” adlandırdığını eşidəndə sinəsi dağa dönürdü.
Hansı vəzifələrdə olmasına baxmayaraq o həmişə elə həmin Ağakərim idi: sadə, qətiyyətli, işgüzar, xeyirxah, ünsiyyətcil və sözün doğrusunu deməyi bacaran insan!
P.S. Noyabrın 1-də bizim Ağakərim Şərifovun doğum günüdür. Ona həmişə elə həmin Ağakərim olaraq qalmasını arzu edirəm!
Hafiz Mirzə

