Zərifliyin mərhəmətin iradəsi: İradə Şükürova – Leyla Məcidova yazır

Ömür elə bir kitabdır ki, onun hər səhifəsi atılan addımlarla, qazanılan dostluqlarla və insanlara bəxş edilən sevgilərlə vərəqlənir. Bəzi insanlar var ki, gəlişləri ilə ətrafındakı hər kəsə istilik gətirər, varlıqları ilə qəlblərə rahatlıq səpərlər. Onlar Azərbaycan qadınına xas olan bütün ali keyfiyyətləri isməti, fədakarlığı, səbri və misilsiz mərhəməti öz xarakterlərində ən gözəl şəkildə birləşdirirlər. Lənkəran Dövlət Universitetinin hər bir əməkdaşının doğma hesab etdiyi, kadrlar üzrə mütəxəssis İradə Atəş qızı Şükürova məhz belə nəcib, xeyirxah və işıqlı insanlardandır.
İradə xanımın əmək fəaliyyətinə nəzər salanda bütöv bir ömrün halal zəhmətə, insana və elmə xidmətə həsr olunduğunu görürük. 1987-ci ildən başlayan şərəfli kitabxanaçılıq fəaliyyətindən tutmuş, 2000-ci ildən bu günə qədər Lənkəran Dövlət Universitetində icra etdiyi məsuliyyətli vəzifələrə qədər hər bir pillədə o, yalnız peşəkarlığı ilə deyil, həm də insanlığı ilə seçilmişdir. İnsan resursları kimi həssas bir sahədə çalışmaq təkcə sənədlərlə işləmək deyil, hər bir insanın taleyinə həssaslıqla yanaşmaq deməkdir. İradə xanım isə bu məsuliyyəti hər zaman anlayan, qapısını döyən hər kəsi gülər üzlə, xoş sözlə qarşılayan, dərdi olana həyan olan rəhimli bir insandır.
Qədim müdriklər boşuna deməyiblər ki, dostluq və etibar insanın mənəvi zənginliyinin ən böyük göstəricisidir. İradə xanım təmənnasız dostluğun, səmimiyyətin və sadiqliyin canlı nümunəsidir. O, insanın yaxşı günündə sevinci bölüşməyi bacardığı kimi, dar günündə də arxa, dayaq olmağı, sirdaşlıq etməyi bacaran nadir şəxsiyyətlərdəndir. Onun ürəyi o qədər geniş, mərhəməti o qədər dərin, daxili aləmi o qədər zəngindir ki, ətrafındakı hər kəs bu hərarətdən pay alır.

Nə qədər ki, dost var, etibar durur,
Gönüldən gönülə körpülər qurur.
Gözəl insanlığın uca zirvəsi,
Mərhəmət qəlbində əbədi vurur.

Həyat heç də həmişə hamar yollardan ibarət olmur, bəzən ən ağır sınaqlarını, ən göynətici kədərini də insana yaşadır. İradə xanımın da ömür kitabında dərin, heç zaman silinməyən göynərtilər var. Həyat yoldaşı, dəyərli həkim Rüstəm bəyin vaxtsız gedişi və ilk övladı, gözünün nuru Şənliyin vaxtsız dünyasını dəyişərək arxasında heç bir nişanə qoymadan köçməsi,anasının həsrət dolu ürəyində sağalmaz bir yara bıraxdı. Lakin İradə xanım bu ağır dərdlərin, kədərin qarşısında əyilmədi, böyük bir mətanət, qürur və səbr nümayiş etdirdi. O, kədərini qəlbində böyüdərək, insanlara olan sevgisini, mərhəmətini daha da artırdı.
Bu gün onun fəxri, təsəllisi və ömür çıraqları olan iki övladı Anar və Araz diş texniki peşəsini seçərək insanlara şəfa bəxş edir, atalarının şərəfli yolunu davam etdirirlər. Onların artıq hər birinin ata olması, ailə ocağını gur yandırmaları İradə xanımın dərd ilə yoğrulmuş qəlbinə bir məlhəm, həyatına yenidən məna qatan ən böyük sevincdir.

Gözündə kədərin dərin izi var,
Qəlbində baharın sönməz közü var.
Səbrinlə, vəfanla ucasan hər an,
Anatək müqəddəs, pak bir adın var.

Bu gün İradə xanımın doğum günüdür. Bu özəl gündə ona yalnız uzun, sağlam və bərəkətli ömür diləmək az olar. Çünki İradə xanım kimi insanlar varlığı ilə cəmiyyəti gəzdirən, ətrafına nur saçan dəyərlərdir. Qoy onun qəlbindəki kədər yerini həmişə nəvələrinin gülüşünə, doğmalarının sevinci və dostlarının ehtiramına versin. Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özündə yaşadan bu fədakar, mərhəmətli və humanist insana gələcək həyatında yalnız xoşbəxtlik, cansağlığı və hüzur arzulayırıq. Doğum gününüz mübarək, dəyərli İradə xanım!

Leyla Qadir qızı Məcidova

Lənkəran Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir