Kitabxanaçıların attestasiyası narazılıq doğurub… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan tənqidi analiz

Ira29-4
Aydın Xan Əbilov: “Mədəniyyət Nazirliyinin məmurlarının yadına düşdü ki, kitabxanalarda işçilərin sayı çoxdur, onları ixtisar etmək lazımdır”
Sosial şəbəkələrdə və mediada yayılan məlumatlara görə, Mədəniyyət Nazirliyinin keçirdiyi kitabxana işçilərinin attestasiyası narazılığa səbəb olub. Bu barədə şikayətçilər mətbuata bildiriblər ki, illərlə kitabxanalarda çalışan əməkdaşlara əvvəlcədən təlim keçirilmədən İKT və şəbəkə texnologiyaları ilə bağlı texniki suallar verilib, nəticədə bir çoxu işdən azad edilib.
Onlar deyirlər ki, rəqəmsallaşma məqsədi ilə aparılan islahatlar əvvəlcə təlim və hazırlıqla müşayiət olunmalı, yalnız bundan sonra attestasiya keçirilməlidir.
Sosial şəbəkələrdə yazırlar ki, kitabxanaçı ayda 400 manat alır. Onların əməkhaqqının az olduğunu qeyd edənlər deyirlər ki, əslində attestasiya keçirilməmişdən əvvəl kitabxanaçılara təlimlər keçirilməli idi.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyin sədri, kulturoloq Aydın Xan Əbilov baki-xeber.com-a bildirdi ki,Mədəniyyət Nazirliyinin dünya təcrübəsindən çıxış etdərək atdığı addımlar müəyyən yeniliklər baxımından maraqlı görsənsə də, amma Azərbaycan reallığında çox böyük sosial, mədəni narazılıqlara aparıb çıxaracaq. “Onsuz da Mədəniyyət Nazirliyinin təklifi ilə vaxtilə 2 mindən çox kitabxana bağlandı və bu kitabxanalardakı işçilərin bir çoxu işsiz qaldı. İndiki zamanda, yəni zavod və fabriklərin artıq robot və süni intellektin əlinə verildiyi bir vaxtda xidmət və kreativ sahələrdə işsizlik daha böyük bir sosial böhranə çevrilir. Mədəniyyət Nazirliyi belə bir vaxtda attestasiya keçirdi. 50, 30 ilin kitabxanaçısından kompüter biliklərini, internetdə axtarışları tələb etmək kimi çox qeyri-məntiqli bir attestasiya əlbəttə ki, kitabxana sahəsində böyük narazılığa səbəb olacaqdır. Azərbaycan kitabxanalarında böyük problemlər var. Bunu heç kim dana bilməz. Elə kitabxanalar var ki, kitabı yoxdur, amma kitabxanaçı ştatı var və bələdiyyələrin, icra məmurlarının qohum-əqrabaları orada maaş alır. Onlarla bağlı Mədəniyyət Nazirliyinin yanında ictimai şura və komisiya yaradılmalıdır. Həmin kitabxanalar bir-bir gəzilməlidir. Onların sayı çox da deyil. O kitabxanaların bəziləri birləşdirilməli, bəzi kitabxana binası bağlanmalı, satılmalı, əvəzinə avtobuslar və yaxud uyğun nəqliyyat vasitələri alınıb təkərli kitabxana yaradılmalıdır. Eyni zamanda, əlbəttə ki, bəziləri ixtisara düşməklə və yaxud pullu xidmətlərə keçilməklə kitabxanaları dirçəltmək lazımdır”.
A.X.Əbilovun sözlərinə görə, o, çoxdandır, Azərbaycanda kitabxanaların hibrid formatda inkişafı ilə bağlı bir nəzəriyyə irəli sürüb. “Yəni həm muzey formatında ənənəvi kağız daşıyıcılarda olan kitabların kitabxanalarda qorunması və oxuculara xidmət etməsi istiqamətində yeniliyə ehtiyac var. Mən eyni zamanda internet kitabxanalar və yaxud elektron kitabxanalar qismində onların inkişaf etdirilməsini, sosial mediada və sosial şəbəkələrdə, o cümlədən internetdən ayrılmayan, mobil telefonları əlindən buraxmayan şəxslərə birbaşa kitabxanaların onlayn, oflayn formada təsiri ilə cəmiyyətin intellektual-estetik tələblərini ödəmək və səviyyəsini inkişaf etdirmək üçün bu proqramın həyata keçirilməsini və dövlət tərəfindən dəstəklənməsinii təklif etmişdim. Təəssüf ki, bu dinlənilmədi. İndi isə başqa bir təkliflərimiz də var. O cümlədən kitabxanaların özlərinin həm də pullu xidmətlərə keçirilməsi, görüş otaqlarına çevrilməsi təklifini irəli sürürəm. Nə mənada görüş otağı? Yəni kitabxanaların kafe kimi fəaliyyət göstərməsi, elektron xidmətlər göstərməsi lazımdır . Onsuz da ayrı-ayrı şəxslər bunu edirlər. Niyə kitabxana binalarından istifadə etməyək? Hətta mən təklif edərdim ki, kitabxanaların əvəzində o boş otaqlarda iyirmi-otuz nəfər şagirdi hazırlayan müəllim-repetitorlara imkan yaratmaq lazımdır. Onlar gəlib oranı kirayə götürüb həm kitabxanaçıların iştirakı, həm kitabxananın iştirakı ilə repetitorluq fəaliyyəti ilə də məşğul olsunlar ki, biz kitabxanaları bağlamayaq, kitabxanaçıları ixtisara salmayaq, büdcəyə yük olmadan kitabxanaları yaşadaq. Eyni zamanda kitabxanalar özləri mini muzeyə, mini kitab teatra, hətta mini xalq teatrlarına çevirmək mümkündür. Bizim şagirdləri, məktəbliləri, hətta tələbələri ora cəlb edib onların asudə vaxtını səmərəli keçirmək, onların dərs oxumasını motivasiya etmək mümkündür. Əvvəltə bütün bu təkliflər qırağa atıldı və birdən-birə Mədəniyyət Nazirliyinin məmurlarının yanına düşdü ki, kitabxanalarda işçilərin sayı çoxdur, onları ixtisar etmək lazımdır. Yaxşı, bu qədər ixtisar edilir. Bəzi dövlət qurumlarında, iş yerlərində ixtisarlar getdi. Başa düşürəm, optimallaşdırma, büdcə vəsaitlərini qənaət etmək lazımdır. Amma bu qədər işsizi bəs biz hara yığaq? Bu işsizlər narazılığa çevrilir. Bu işsizlər Azərbaycandan kənara getməyə məcbur olur. Muhacir, qaçqın insanlar olaraq. Gedə bilməyənlənlər isə çoxları fiziki qüsurlu, fiziki məhdudiyyətli, əlilliyi olanlardır, pensionerlər, işləməyi bacarmayan tənbəllər və ümumiyyətlə anadan müəyyən mənada sağlamlıqda problemi olan şəxslərdir. Onlar qalırlar.
Məsələn, bununla biz hansısa kənd təsərrüfatı və yaxud sənaye, ya da xidmət sahələrini inkişaf etdirə bilərikmi? Edə bilmərik.
Bu baxımdan da birdən-birə 20-30 il kənd kitabxanalarında işləyən kitabxanaçıya informasiya texnologiyaları ilə bağlı texniki suallar verib onu ixtisara salmağın məntiqini tuta bilmirəm”-deyə A.X.Əbilov qeyd etdi.
İradə SARIYEVA

