Ermənistan 102-ci rus hərbi bazasını münaqişəyə cəlb edə bilmədi – HƏRBİ EKSPERT

Mövcudluğu ilə Rusiyaya borclu olan Ermənistan üçün 102-ci hərbi bazanın əhəmiyyətini xüsusi qeyd etməyə zərurət yoxdur. Rusiyanın 102-ci hərbi bazası, 1995-ci ildə Moskva ilə İrəvan arasında imzalan dövlətlərarası müqaviləyə uyğun olaraq Ermənistanın Gümrü şəhərində yerləşdirilib. Bazanın şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyi aparır.

Rusiya Federasiyası və Ermənistan 20 avqust 2010-cu ildə bazanın yerləşdirilməsinə dair müqavilənin müddətini 2044-cü ilə qədər uzadıb. Protokol həm də coğrafi və strateji məsuliyyət sahəsinin genişləndirilməsini təmin edir. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır.

Bu baza Rusiyanın imkanlarından həm NATO-ya (daha doğrusu Türkiyəyə), həm də tez-gec ərazilərini azad etməyə başlayacaq Azərbaycana qarşı çəkindirmə vasitəsi kimi istifadə etmək məqsədi daşıyır. Lakin bazanın bu istiqamətdə yerləşən TSQ-nin 3-cü Ordusundan dəfələrlə zəif olması, onun Türkiyəyə qarşı paritetit təşkil etməsinə imkan vermir.

Bu baza həm Tovuz hadisələrində, həm də hazırda davam edən əməliyyarlarda Ermənistanın Rusiyanı münaqişəyə cəlb etməsindən ibarət olan yeganə çıxış yolu kimi nəzərdə tutulurdu, lakin İrəvanın bu ideyanı gerçəkləşdirilməsi hələ də mümkün olmayıb.

Bu baza Ermənistan gündəmində daha çox səs-küylü cinayətlər, “razborka”lar və qalmaqallarla yadda qalıb. Məsələn, 2018-ci ilin 2 dekabr tarixində Gümrüdəki Mayakovski küçəsində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu Andrey Razgildeyev, spirtli içki təsiri altında Gümrü sakini Culyeta Qukasyanı başından sonra bədəninin müxtəlif hissələrindən xəsarət yetirməklə döyüb, daha sonra hadisə yerindən qaçmışdı. Qukasyan aldığı xəsarətlərdən həmin gün Gümrü Tibb Mərkəzində öldü. Hadisənin araşdırılması tam başa çatmayıb. Bu il iyulun 4-də Ermənistanın Gümrü şəhərində olan mənzillərdən birində 102-ci hərbi bazanın hərbi qulluqçusunun meyiti tapıldı. Baş verənlərə qədər isə bazada xidmət edən Permyakov bir erməni ailəsinin bütün üzvlərini xüsusi qəddarlıqla öldürmüşdü.

Qəribədir ki, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya hərbi bazasına girmək hüququna malik deyil. 102-ci hərbi bazasının hərbi qulluqçuları burada aylarla saxlanıla bilir.

Ermənistandakı Rusiya hərbi bazasının rəsmi vəzifəsi Rusiyanın cənub cinahının (?) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın müdafiəsini təmin etməkdən ibarətdir.

Baza strateji çəkindirmə vəzifələrini yerinə yetirməklə bərabər hava hücumundan müdafiə sistemlərinin döyüş növbətçiliyinin yerinə yetirilməsində və Rusiya FTX-nin Ermənistandakı regional sərhəd idarəsinin sərhəd dəstələrinə kömək edir.

10 oktyabr 2013-cü il tarixində “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə baza komandiri polkovnik A.Ruzinski belə bir bəyanat vermişdi: “Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində yurisdiksiyanı güc vasitəsilə bərpa etmək barədə qərar qəbul edərsə, hərbi baza Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində öhdəliklərinə uyğun olaraq silahlı qarşıdurmaya girə bilər”. Belə bir bəyanat Ruzinskinin sonradan, erməni ailənin onun əsgəri tərəfindən öldürülməsi bəhanəsi ilə vəzifəsindən azad edilməsinə səbəb oldu.

Bütün bunlara baxmayaraq, Azərbaycanı muzdluların xidmətindən yararlanmaqda günahlandıran Ermənistan, rus bazasını strateji obyekt kimi öz ərazisində saxlamaqla, həm də sərhədlərini, həm də hava limanındakı sərhəd keçid məntəqələrini Rusiya sərhədçilərinə etibar etməkdə davam edir.

Qərbmeyilli Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldikdən sonra ölkənin xarici siyasət vektorunun Rusiyadan NATO-ya dəyişməsi ilə çoxları bu bazanın statusunun dəyişəcəyini düşünürdü. Lakin bəzi şəxslər bu prosesi müvəqqəti də olsa ertələyə bildi. Baş verən son hadisələr fonunda isə Paşinyan Rusiya və onun bazası olmadan nəfəs belə ala bilməyəcəyini anladı. Ermənilərin də bu bazaya münasibəti əməliyyatlar başalayana qədər birmənalı deyildi. Baza ərazisində I Nikolaya heykəl qoyulanda və rus hərbçilərin qətllər törətdiyi zaman Ermənistanda etirazlar daha da artmışdı. Nəticədə həbslər və xəsarət alanlar oldu.

102-ci hərbi bazanın tərkibi

102-ci hərbi bazanın döyüş və təminat hissələri İrəvan və Gümrü qarnizonlarında yerləşir. Baza əsasən zabit və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komplektləşdirilir. Şəxsi heyətinin ümumi sayı 5000 nəfərə yaxın olan bazanın qarnizonlarının tərkibi aşağıdakılardan ibarətdir:

İrəvan qarnizonunun tərkibinə Ermənistan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqəni təşkil edən və həyata keçirən RF Silahlı Qüvvələrinin Döyüş idarəetmə qrupu, 123-cü motoatıcı alay, 3624-cü avia eskadrilya, hospital, mənzil istismar hissəsi, qarnizon məhkəməsi, Federal Poçt Xidmətinin bölməsi, qarnizon məhkəməsi və BKİ-nin radio mərkəzi daxildir.

Gümrü qarnizonunun tərkibinə isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alayı, 988-ci zenit raket alayı, 992-ci artilleriya alayı, həmçinin əlahiddə tank, kəşfiyyat, təmir və bərpa, mühəndis-istehkam, maddi texniki təminat, kimyəvi və bakterioloji mühafizə, tank əleyhinə, radioelektron mübarizə taborları, tibb bölüyü, komendant bölüyü, hospital, mənzilin istismar hissəsi, Federal Poçt Xidmətinin stansiyası, FTX şöbəsi, prokurorluq, sanitariya və epidemioloji stansiya, qarnizon zabitlər klubu, televiziya mərkəzi, maliyyə müfəttişliyi, bank, qrup tabeliyində olan əlahiddə rabitə taboru və mühəndis sursat anbarı daxildir.

102-ci hərbi bazanın əsas döyüş vahidlərinin tərkibi aşağıdakılardan ibarətdir:

128-ci motoatıcı alayının tərkibinə 1 BMP-2 taboru, 1 BTR-80 taboru və 1 avtomobil taboru daxildir. Alayın zenit divizionu BRDM kəşfiyyat və patrul maşını bazasında yerləşən ZSU-23-4 “Şilka” və “Strela-1” özüyeriyən zenit qurğusu ilə təchiz edilir. Özüyeriyən artilleriya divizionu isə “Qvozdika” haubitsaları ilə, artilleriya divizionu D-30 topları ilə, tank bölüyü isə T-72 tankları ilə silahlanıb. Şəxsi heyətin sayı 750 nəfərə yaxındır.

123-cü və 124-cü və motoatıcı alayların tərkibi 128-ci motoatıcı alayının tərkibi ilə eynidir.

988-ci zenit raket alayı “Kub” zenit raket kompleksi ilə silahlanan üç batareyadan və S-300 -V mobil çoxkanallı zenit raket kompleksi ilə silahlanan iki batareyadan ibarətdir. Təminat bölmələri də mövcuddur. Zenit alayı MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində hava məkanının müdafiəsi üçün döyüş növbətçiliyinə cəlb edilib. Qarnizonun havadan mühafizəsi də 988-ci zenit raket alayına həvalə edilib. Alayın 5 batareyasından biri S-300, digərləri isə “Kub” ZRK ilə silahlanıb. S-300 batareyası hər biri dörd raketə malik olan iki atıcı qurğudan və tank bazasında dörd istiqmətləndiriciyə malik atıcı nəqliyyat qurğusundan ibarətdir. Şəxsi heyətin sayı təxminən 300 nəfərdir.

992-ci artilleriya alayı D-30 topları ilə silahlanan 3 batareyadan ibarət artilleriya divizionundan və 122 mm-lik BM-21 “Qrad” ilə silahlanan reaktiv diviziondan ibarətdir. Təminat bölmələri də mövcuddur. Şəxsi heyətin sayı təxminən 150 nəfərdir.

Tank taboru T-72 tankları ilə silahlanan 3 tank bölüyündən ibarətdir. Şəxsi heyətin sayı təxminən 250 nəfərdir.

Tank əleyhinə taborun 2 batareyası 100 mm çaplı MT-12 tank əleyhinə toplarla, 3-cü batareyası isə “Fagot” və “Konkurs” TƏİRK ilə silahıb.

3624-cü aviasiya eskadrilyasında 18 ədəd MiQ-29 qırıcısı yerləşir. MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemi daxilində hava məkanının qorunması və müdafiəsi üçün 2 ədəd MiQ-29 daim döyüş növbətçiliyindədir.

Struktur olaraq avia eskadrilya 102-ci bazaya, operativ olaraq Şimali Qafqaz Hərbi Dairəsinin 4-cü Hava Ordusuna tabedir. Təxminən 200 nəfərlik şəxsi heyətə malikdir. Qalan əlahiddə taborların şəxsi heyəti 50 ilə 150 arasında dəyişir. Lakin bəzi istisnalar da mövcuddur. Məsələn, kimyəvi və bakterioloji mühafizə taborunda cəmi 12 nəfər şəxsi heyət xidmət edir.

Bazanın texnika sayı hardasa şəxsi heyətin sayından çoxdur. Tankların sayını nəzərə almasaq, buradakı texnikanın sayı motoatıcı diviziyanın sayına bərabərdir. Tankların az olması, onların erməni tərəfinə verilməsi ilə bağlıdır. Piyada döyüş maşınlarının sayı isə daha çoxdur, çünki 2003-cü ildə Rusiyanın Axalkalakidə yerləşən 62-ci hərbi bazası da Gümrüyə köçürüldü və 124-cü motoatıcı alayın tabeliyində saxlanma bazası yaradıldı.

Ümumilikdə, hazırda 102-ci bazada təxminən 150 piyada döyüş maşını, təxminən eyni sayda zirehli personal daşıyıcısı, yüzə yaxın T-72 tankı mövcuddur.

102-ci hərbi bazanın sərəncamında üç təlim mərkəzi (poliqon) də yer alır. Birincisi İrəvandan 25-30 km məsafədə yerləşən “Nubaraşen”, ikincisi Gümrüdən 15-17 km məsafədəki “Kamxud”, sonuncusu isə Artik qəsəbəsindən 15-10 km məsafədə yerləşən “Alagöz” təlim mərkəzidir. “Nubarashen” hər növ atıcı silahlardan, tank, BMP və ZSU-23-4 və minaatan atəş təlimi üçün istifadə olunur. “Kamhud” yalnız atıcı silahlar üçün nəzərdə tutulur. “Alagöz” poliqonu isə isə top, reaktiv artilleriya və tankdan atəş təlimləri keçirmək üçün hazırlanıb.

Hərbi baza 13 əsas döyüş hissəsindən və 17 maddi texniki təminat bölməsindən ibarətdir. 102-ci bazanın havadan mühafizəsinin təşkili bazanın tərkibinə daxil olan 988-ci zenit raket alayının, qurudan mühafizəsi isə komendant və motoatıcı bölüklərin imkanları ilə təmin edilir.

Struktur olaraq 102-ci hərbi bazanın hərbi hissələri Ermənistan Silahlı Qüvvələri ilə 2017-ci ildə yaradılan Birləşmiş Qoşun Qruplaşmasının (BQQ) bir hissəsidir. Qruplaşmanın komandanı vəzifəsini Ermənistan Müdafiə nazirinin müavini yerinə yetirir. BQQ iki hərbi qrupdan ibarətdir: VQ-1 (102-ci hərbi bazanın komandiri tərəfindən idarə olunur) və VQ-2 (Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusunun komandiri tərəfindən idarə olunur). BQQ sərhədin Ermənistan-Türkiyə hissəsini də mühafizə edir. Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin bölmələri də BQQ-nin tərkibinə daxildir.

Azərbaycan atəşkəsə riayət etməklə erməni ordusunun qoyub qaçdığı mövqeləri və yaşayış məntəqələri bir-bir ələ keçirir, Ermənistan isə yeganə çıxış yolu kimi 102-ci Rusiya hərbi bazasını münaqişəyə cəlb etməyə çalışır, lakin buna nail ola bilmir.

Azərbaycan bir neçə dəfə Ermənistan ərazisinə iddia etmədiyini və Rusiya ilə münasibətləri yüksək dəyərləndirdiyini bildirib. Azərbaycanı narahat edən yeganə məsələ Rusiya ərazisindəki oliqarx ermənilərin müxtəlif əyri yollarla Ermənistana silah göndərməsindən ibarətdir.

Zaman amili isə tamamilə Azərbaycanın xeyrinə işləyir. Hər an Ordumuz əraziləri işğaldan azad edir. Erməni ordusu isə nəzarət edə bildiyi mövqelərin heç olmasa bir hissəsini əldə saxlamaqla, itkilərinin artmasını önləməyə çalışır. Rəsmi İrəvan ümid edir ki, bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar Ermənistanın “göz yaşlarına” növbəti dəfə inanacaqlar. Lakin bunun da baş vermə ehtimalı hələ ki, çox azdır.

Beləliklə, Ermənistan 102-ci hərbi bazanı həm də Qarabağın işğal faktının mövcudluğunun qarantı olaraq görürdü. Bazanın Ermənistanda yerləşməsini Rusiyanın geopolitik ambisiyaları ilə əlaqələndirmək istəməyən Ermənistan bu dəfə Rusiya bazasını münaqişəyə cəlb edə bilmir. Lakin yenə də Ermənistan üçün bu baza mövcudluq məsələsidir. Əvvəlki Ermənistan səlahiyyətliləri bunu daha yaxşı anlayırdılar və buna görə bazadan istifadə etdiyi üçün Rusiyadan kirayə pulu almırdılar, əksinə rusların bazada qalması üçün xərcləri qarşılayırdılar. Yeri gəlmişkən belə bir praktika yalnız Ermənistana məxsusdur.

Bu gün baş verən münaqişədə Moskvadan gözlədiyi birbaşa dəstəyi ala bilməyən, yəni 102-ci bazanın şəxsi heyətini Azərbaycana qarşı əməliyyatlara cəlb edə bilməyən Ermənistanın sadə vətəndaşları artıq bu bazanın təyinatı barədə daha dərin təsəvvürə malik oldu. Artıq hər bir erməni anlayır ki, Azərbaycan ərazisini işğal edərək 102-ci hərbi bazanın mövcudluğu barədə müqaviləni əsas gətirib, Kremlin arxasında gizlənmək mümkün olmayacaq. Bunun üçün ən azı Ermənistan eyni zamanda 3 stulda oturmalı deyildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir