Qazaxıstandan gələn tələbələrin Cənub diyarında xoş səyahəti: tarix, təbiət və sevgi dolu unudulmaz günlər. – Leyla Məcidova yazır
Lənkəran Dövlət Universiteti (LDU) ilə Qazaxıstan Respublikasının X. Dosmuxamedov adına Atırau Dövlət Universiteti arasında imzalanmış “Akademik Əməkdaşlıq Protokolu” çərçivəsində 2026–2027-ci tədris ilinin payız semestrində universitetimizdə təhsil alan qazaxıstanlı tələbə qızlarımız — Jadra Miramova və Anar Mubarakova cənub bölgəmizin zəngin tarixini, mədəniyyətini və füsunkar təbiətini kəşf etməyə davam edirlər. Yanvar ayınadək hər həftə onları diyarımızın tarixi və görməli yerləri ilə tanış edəcəyimə dair verdiyim sözə sadıq qalaraq, səyahətlərimizin silsilə xarakterli növbəti mərhələlərini böyük sevgi ilə reallaşdırırıq.
Səyahətimizin ilk günündə qonaqlarımızı Lənkəranın zəngin tarixi və mədəni irsi ilə tanış etdik. Sütəmurdov kəndini Lənkəranın mərkəzi ilə birləşdirən, 1929–1932-ci illərdə almanlar tərəfindən inşasına başlanılmış tarixi körpü, restavrasiya işləri davam edən Dairəvi qala və Lənkəran mayakı haqqında gənclərə ətraflı məlumat verildi. Daha sonra İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü, Mərkəzi kitabxana, musiqi məktəbi, Lənkəran Dövlət Dram Teatrı, Yeni Azərbaycan Partiyasının binası və Dostluq parkındakı milli qəhrəmanlarımızın büstləri ziyarət olundu. Xocalı parkındakı “Ana harayı” heykəli və memorial kompleksi önündə ehtiram duruşu edildikdən sonra, “Mirvari” restoranında nahar etdik.
Günün yekununda isə el arasında “Xan evi” kimi tanınan, XX əsrin əvvəllərinə aid Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində çay süfrəsi arxasında səmimi həmsöhbət olaraq tariximizin varislik ənənələrindən söhbət açdıq.
Şənbə günü, oktyabrın 17-də isa səyahətimizin ikinci möhtəşəm mərhələsinə qədəm qoyduq. Bu dəfə komandamıza LDU-ya təşrif buyuran, meşəçilik ixtisası üzrə təhsil alan savadlı tələbəmiz Mədinə xanım da qoşuldu.

Səyahətimizə cənub diyarının mehribanlığı ilə tanınan, Gülbani nənənin həyətindən başladıq. Sitrus bağında ağacdan limon, mandarin və feyxoa dərmək qızlar üçün əsl möcüzəyə çevrildi. Qazaxıstanda bazarlarda satılan mandarinlərə öyrəşən qonaqlarımız feyxoa ağacını ilk dəfə görür, hətta limonla mandarini fərqləndirməkdə çətinlik çəkirdilər. Gülbani nənənin səmimi xeyir-duasını alan qızlar bu həyətdən ayrılmaq istəmirdilər, biz də söz verdik ki, yaxın zamanlarda yenidən nənənin ocağına qayıdıb onun əlləri ilə bişən dadlı təamların dadına baxacaqlar.
Səyahətimizi Astara parkı və İranla sərhəd ərazilər istiqamətində davam etdirdik. Xəzər dənizinin əsrarəngiz mənzərəsi qızları valeh etdi. Onlar Xəzərin bir ucunun da doğma Qazaxıstan sahillərinə qovuşduğunu xatırlayaraq dənizə daha böyük sevgi və doğmalıqla tamaşa etdilər. Daha sonra anamın doğulduğu cənubun gözəl Ərçivan torpağına yol aldıq. Təbiətin nadir möcüzələrindən olan kükürdlü “Yanar bulağı” ziyarət etdik. Sudan qalxan alovu görəndə heyrətlərini gizlədə bilməyən qızlar bulağın suyundan daddılar və özləri ilə aparmaq üçün bir bidon su götürdülər. “Yeddi gözəl” istirahət mərkəzində nahar etdikdən sonra, Çayoba kəndində cənub çayçılığının rəmzi olan böyük samovarın önündə xatirə şəkilləri çəkdirdik.
Qonaqlarımızın mənəviyyat ocaqlarına olan marağı ilə XIV–XV əsrlərə aid Maşxan ocağına təşrif buyurduq. Qədim qəbirlər və ocağın tarixi barədə məlumat verdikdən sonra, Lənkəran Dövlət Universitetinin unudulmaz alimləri Zərbi müəllim, Vəliağa müəllim və Fərman müəllimin məzarlarını ziyarət edərək ruhlarına dualar oxuduq, onların elmi irsi haqqında məlumat verdim.
Səyahətimizin növbəti dayanacağı Xanbulan çay dərəsi oldu. Ətrafdakı meşəliklərdə göbələk yığan insanları izləmək, dağların yaşıl örtüyünə tamaşa etmək qonaqlarımıza xüsusi zövq verdi. Çünki onların öz məmləkətində dağlıq zonalar daha çox qumsallıq və ağacsız ərazilərdən ibarətdir. Ardınca Hirkan Milli Parkına gəldik. Burada parkın ekspertləri ilə çox maraqlı, elmi söhbətlər aparıldı. Meşəçilik ixtisasında təhsil alan Mədinə xanım öz sahəsinə uyğun dərin suallar verdi, hətta geyimindəki gerbin mənasını və tərcüməsini yüksək natiqlik bacarığı ilə izah etdi. Ekspert bu savadlı yanaşmadan məmnunluğunu bildirərək, LDU-da belə bilikli gənclərin yetişdirməsini xüsusi vurğuladı.
Günün sonunda doğma kəndimiz Səpnəkərana gələrək həyətimizdə ətirli cənub çayının dadını çıxartdıq. Səfərin sonunda qonaqlarımıza payladığımız hədiyyələrlə onları LDU-nun yataqxanasına yola saldıq.
Məqsədimiz qardaş Qazaxıstandan gələn bu gənclərə zəngin tariximizi, adət-ənənələrimizi və təbiətimizi sevdirmək, eyni zamanda Lənkəran Dövlət Universitetinin beynəlxalq əlaqələrini, təhsilin yüksək səviyyəsini və qonaqpərvərliyimizi əyani şəkildə nümayiş etdirməkdir. Jadra, Anar və Mədinə xanımın simasında gənclərimizin elmə, mədəniyyətə və mənəvi dəyərlərə göstərdiyi maraq bizi son dərəcə qürurlandırır. Bu gözəl ənənəmiz yanvar ayına qədər davam edəcək!

Leyla Məcidova,
LDU-nun dosenti
#LənkəranDövlətUniversiteti #LDU #Qazaxıstan #AtırauUniversiteti #BeynəlxalqƏməkdaşlıq #Lənkəran #Astara #HirkanMilliParkı #XəzərDənizi #Mədəniİrs #TəhsilVəTarix

