Bayramdan sonra səməniləri nə etməli? – Ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov izahını verdi
“İllərdir ki, Azərbaycan xalqı, millətimiz Novruz bayramı, çərşənbələr, eyni zamanda Novruz mərasimləri ilə bağlı çox maraqlı inanc sistemi yaradıb”.
Bu fikirləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, xalqımız müdrik xalqdır, onların bildiyini biz hələ indi tətbiq edirik: “Xalq əgər deyirsə ki, hər hansı bir bayram atributunu yandırmaq, oda atmaq və ya zibilə atmaq olmaz, deməli bu belə də olmalıdır.
Ümumiyyətlə bayramdan sonra bütün dünyada olduğu kimi ölkəmizdə də xeyli vaxtı keçmiş simvollar, əşyalar, qida məhsulları olur. Təbii ki, bunları saxlamağa ehtiyyac yoxdur. Amma xalqın inancında məhz səmənini atmaq olmaz kimi fikir var. Bir çox kəndlərimizdə, həmçinin cənub zonasında səmənini heç zaman çölə atmazlar.
Onu sadəcə dama atarlar və bu zaman bir arzu tutarlar. Səməni ona görə çölə atılmaz ki, biz onu buğdadan hazırlayırıq. Buğda əsrlər boyu bizim əsas qida mənbəyimiz olub və ölkəmizdə taxıla, çörəyə müqəddəs nemət kimi baxılır. Çörəyi yerdə gördüyümüz zaman təmizləyib, öpüb gözümüzün üstünə qoyuruq. Bu inanclar bir çox türk xalqlarına məxsusdur. Çörəyə olan hörmət səmənidə də özünü göstərib.
Səmənini atmaq əvəzinə ondan səməni halvası, səməni suyu hazırlamaq olar ki, səməni suyu bir çox mineralları özündə birləşdirir və bunun xeyirləri təbiblər tərəfindən təsdiqlənib. Səmənini çölə atmaq ona görə günah sayılır ki, səməni çörəyi təmsil edir, həmçinin o yeni ilin, yaşıllığın rəmzi sayılır. Belə bir inanc var ki, səmənini atdığımız zaman dilədiyimiz arzular gerçəkləşməyə bilər. Bolluq, yaşıllıq, var-dövlət, bayram, firəvanlıq rəmzi olan səməninin atılması düzgün deyil”.
Abutel İlhamqızı – https://sia.az/az/news/interesting/940000.html

