Vüsal Quliyev: QHT sahəsində Türkiyə ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Qeyri-hökumət təşkilatları ilə iş sahəsində təcrübənin öyrənilməsi

Vüsal Quliyev: QHT sahəsində Türkiyə ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir – VİDEO

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə sürətlə inkişaf edir. Qeyri-hökumət təşkilatları ilə iş sahəsində təcrübənin öyrənilməsi də vacibdir.

Bu fikirləri Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev QHT sahəsində Türkiyə ilə əməkdaşlıq imkanlarını və onun əhəmiyyətini şərh edərkən ifadə edib.

Səfər çərçivəsində Türkiyə QHT-lərinin fəaliyyəti ilə yaxından tanış olduqlarını diqqətə çatdıran Vüsal Quliyev deyib ki, Azərbaycanın da bu sahədə zəngin təcrübəsi var. Bu, Türkiyə üçün də maraqlıdır. Biz qarşılıqlı əməkdaşlıq çərçivəsində fəal təcrübə mübadiləsi aparmalıyıq.

Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşdü

Ankarada səfərdə olan QHT Agentliyinin rəhbərliyi Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla görüşüblər.

Qonaqları salamlayan Fahrettin Altun Agentliyin Türkiyəyə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. F.Altun iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının ortaq fəaliyyətləri barədə fikirlərini bölüşərək,  2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığının gücləndirilməsi və onlar arasında ortaq fəaliyyətin çox vacib olduğunu qeyd edib.

Agentliyin rəsmisi Vüsal Quliyev Fahrettin Altuna qəbula görə təşəkkürünü bildirərək, Türkiyənin vətəndaş cəmiyyəti təsisatları ilə çalışan aidiyyəti dövlət qurumları və QHT-lərin əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. V.Quliyev Azərbaycan və Türkiyə QHT Platformasının yaradılması barədə fikirlərini bölüşərək, bu təşəbbüsün iki qardaş ölkənin vətəndaş cəmiyyəti qurumları və onların birgə fəaliyyətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Qeyd edək ki, görüş barədə məlumat Türkiyə Respublikası Prezident Administrasiyasının Komunikasiya İdarəsinin veb saytında yerləşdirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi icraçı direktoru Aygün Əliyeva çıxışı

Azərbaycan və Türkiyənin bütün sahələrdə səmərəli əməkdaşlığına uyğun olaraq Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi yaranandan sonra ilk beynəlxalq təcrübənin öyrənilməsinə məhz Türkiyədən başladıq. Nümayəndə heyətimiz səfər çərçivəsində Agentliyin fəaliyyəti ilə eyni funksiya daşıyan qurumların işi ilə tanış oldu, bir sıra görüşlər keçirdi, səmərəli müzakirələr aparıldı.

Bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi icraçı direktoru Aygün Əliyeva ifadə edib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla keçirilən görüşdə konkret olaraq görüləcək işlərin, eləcə də QHT-lərə dair vahid platformanın yaradılması barədə səmərəli fikir mübadiləsinin aparıldığını diqqətə çatdıran A.Əliyeva əminliklə deyib ki, Türkiyədə QHT-lərin iş təcrübəsinin öyrənilməsi və icra olunan layihələr barədə məlumatların əldə olunması böyük əhəmiyyətə malikdir.

QHT Agentliyi və Vəqflər Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanacaq

Məlum olduğu kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb.
Səfər çərçivəsində Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və Agentliyin departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti  Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi cənab Burhan Ersoyla görüşüblər. 
QHT.az-ın Türkiyə mənbələrindən  əldə etdiyi məlumata görə, görüşdə Vəqflər Baş İdarəsi ilə QHT Agentliyi arasında imzalanması planlaşdırılan Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu üzərində işlərə başlanması razılaşdırılıb.

QHT Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

28 yanvar 2022-ci il tarixində Ankarada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkiatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunu Agentlik tərəfindən icraçı direktor Aygün Əliyeva və Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən isə Vətəndaş Cəmiyyəti ilə əlaqələr üzrə baş idarənin rəisi Erkan Kılıç imzalayıb.

Bu Anlaşma Memorandumunun məqsədi Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, sosial əhəmiyyətli müştərək layihələrin və proqramların reallaşdırılmasına dəstək verərək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verməkdir.

QHT Agentliyinin nümayəndə heyəti Türkiyənin ən böyük ictimai təşkilatını ziyarət edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri davam edir.
QHT Agentliyinin rəhbərliyi günün sonunda  Türkiyə Kızılay Cəmiyyətində görüş keçirilib. Cəmiyyətin rəhbəri İbrahim Altan qonaqlara rəhbərlik etdiyi təşkilatın tarixi, iş prinsipi, layihə və proqramları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib. 
Bildirib ki, Cəmiyyət Türkiyənin ən böyük ictimai təşkilatıdır.

QHT Agentliyinin rəhbərliyi Türkiyə Böyük Millət Məclisində və Xaricdə Yaşayan Türklər Baş İdarəsində olub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri çərçivəsində sonuncu görüşlərini keçirib.
Qonaqlar əvvəlcə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsində olublar. İdarənin sədr müavini Abdulhadi Turus qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək QHT Agentliyi ilə bir çox sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.
QHT Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və qurumun icraçı direktoru Aygün Əliyeva səmimi görüşə görə təşəkkür edərək, iki qardaş ölkənin vətəndaş cəmiyyəti təsisatlarının birgə əməkdaşlığının vacibliyini vurğulayıblar. Təklif olunub ki, hər iki qurumun təmsilçilərindən ibarət işçi qrup yaradılsın və birgə fəaliyyət planı hazırlansın. Razılaşmaya əsasən, qısa müddətdə işçi qrup öz işinə başlayacaq.
Sonra nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisdə olub və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb. O, Agentlik rəsmilərinin Türkiyə səfərindən məmnun olduğunu, birgə əməkdaşlığın faydasını vurğulayıb. Şamil Ayrım hər iki ölkənin vətəndaş cəmiyyəti təsisatları ilə bağlı qanunvericiliyi sahəsində təcrübə mübadiləsinə ehtiyac olduğunu qeyd edib.

Azərbaycan və Türkiyə QHT-ləri bir Platformada – VİDEO

Vüsal Quliyev: QHT sahəsində Türkiyə ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir – VİDEO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir