“Zəfərin müjdəsi” – Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi” – “Aktual-Xəbər”in xətti ilə

8 Noyabr – Azərbaycanın şanlı tarixinin ən qürurlu səhifələrindən biri, Zəfər Günü münasibətilə “Zəfərin müjdəsi” adlı möhtəşəm tədbir təşkil olunub.

Tədbir Ictimai xadim, AJB-nin üzvü, Aktualxeber.az xəbər portalının Baş redaktoru və “Legend Company”nin rəhbəri Əfsanə Familqızının birgə təşkilatçılığı ilə baş tutub. Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ruhunu yaşatmaq, şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizə və onların ailələrinə ehtiram göstərmək məqsədi daşıyan tədbir yüksək mənəvi dəyəri və səmimi ab-havası ilə yadda qalıb.

Tədbirdə 100 nəfərdən çox qonaq – şəhid ailələrinin üzvləri, qazilər, jurnalistlər, müxtəlif peşə sahibləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bir araya gələn qonaqları birləşdirən əsas amal Vətən sevgisi, milli birlik, həmrəylik və tarixi Zəfərimizə olan sonsuz qürur hissi olub.

Tədbir boyunca 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz birlik, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin canı və qanı bahasına əldə edilən tarixi Qələbənin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, Zəfər Günü sadəcə təqvimdə qeyd olunan bayram deyil, xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin və müstəqilliyə olan bağlılığının təntənəsidir.

Çıxışlarda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların ailələrinə dərin hörmət və minnətdarlıq ifadə olunub. Vətən uğrunda sağlamlığını itirən qazilərimizin fədakarlığı yüksək qiymətləndirilib. Qeyd olunub ki, şəhid ailələrinə və qazilərə diqqət, qayğı və ehtiram göstərmək hər birimizin mənəvi borcudur.

Tədbirin ən diqqətçəkən məqamlarından biri də qonaqlar üçün ehsan süfrəsinin təşkil edilməsi olub. Bu nəcib təşəbbüs həm şəhidlərimizin ruhuna ehtiramın, həm də qonaqlar arasında qardaşlıq, birlik və paylaşma ənənələrinin gözəl nümunəsi kimi dəyərləndirilib.

Aktualxeber.az İnformasiya Xəbər Portalı və “Legend Company”nin rəhbəri Əfsanə Familqızının təşkilatçılığı ilə keçirilən bu tədbir bir daha göstərdi ki, milli-mənəvi dəyərlərin qorunması, şəhid ailələrinin və qazilərin daim diqqət mərkəzində saxlanılması cəmiyyət olaraq ən mühüm vəzifələrimizdəndir.

Belə tədbirlər yalnız bayram əhval-ruhiyyəsi yaratmaqla kifayətlənmir, eyni zamanda, insanları ortaq dəyərlər ətrafında birləşdirir, gənc nəslə Vətən sevgisini, qəhrəmanlıq tariximizi və şəhidlərimizin müqəddəs əmanətinə sahib çıxmağın vacibliyini aşılayır.

“Zəfərin müjdəsi” tədbiri iştirakçıların yaddaşında səmimiyyəti, yüksək təşkilatçılıq səviyyəsi və mənəvi məzmunu ilə iz qoyub. Bu gözəl təşəbbüsün ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür düşür. Çünki Zəfərimizin qəhrəmanlarını unutmadığımız, şəhid ailələrinə sahib çıxdığımız və qazilərimizə ehtiram göstərdiyimiz müddətcə milli birliyimiz daha da möhkəmlənəcək.

Zəfərimiz daim olsun! Şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağlam olsun! Qarabağ Azərbaycandır!

Əfsanə Nəbiyeva

İctimai aktuvist, AJB-nin üzvü, Aktualxeber.az xəbər portalının Baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir