Azərbaycan U-15 millisi qələbədən-qələbəyə: Famil Xəlilovun yetirmələrindən inamlı çıxış

Gənc futbolçularımızın uğurları Azərbaycan futbolunun gələcəyinə olan inamı artırır

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı maraqlı qarşılaşmalarla davam edir. Turnirdə iştirak edən Azərbaycan U-15 milli komandası uğurlu çıxışı ilə diqqət çəkir. Baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi yığma həm mübarizə əzmi, həm də qələbə ruhu ilə seçilir.

Azərbaycan millisi turnirdəki ilk görüşündə Şərqi Timor komandasını 6:0 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb. Bu nəticə gənc futbolçularımızın potensialını və komandanın qarşılaşmaya hazırlıq səviyyəsini nümayiş etdirib.

Millimiz bu gün növbəti matçında Andorra ilə qarşılaşıb. Saat 12:45-də başlayan görüşün taleyini bir qol həll edib və Famil Xəlilovun yetirmələri minimal hesablı qələbəyə seviniblər. Bu nəticə komandamızın turnirdəki uğurlu çıxışını davam etdirdiyini göstərir.

Azərbaycan yığmasını bu gün daha bir ciddi sınaq gözləyir. Komanda günün ikinci matçında saat 19:30-da Avstraliya seçməsi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma Hövsan Yarış Kompleksində keçirilir.

Famil Xəlilovun əməyi və gənc futbolçuların inkişafı

Yeniyetmə futbolçuların yetişdirilməsi böyük məsuliyyət, səbir və peşəkarlıq tələb edən bir prosesdir. Bu yaşda futbolçuların texniki bacarıqlarının inkişaf etdirilməsi, taktiki hazırlığının gücləndirilməsi, meydanda intizamlı və mübariz komanda kimi formalaşdırılması məşqçinin üzərinə mühüm vəzifələr qoyur.

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilovun rəhbərliyi altında əldə olunan uğurlu nəticələr gənc futbolçularımızın gələcək inkişafı baxımından sevindiricidir. Şərqi Timor üzərində 6:0 hesablı qələbə və Andorra ilə qarşılaşmada qazanılan nəticə komandanın turnirdəki çıxışına əlavə inam verir.

Gənc nəslin futbola cəlb edilməsi, istedadlı idmançıların üzə çıxarılması və onların gələcəkdə əsas milli komandaya qədər yüksəlməsi Azərbaycan futbolunun inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Məhz bu baxımdan, yeniyetmə futbolçularla çalışan məşqçilərin əməyi xüsusi qiymətləndirilməlidir.

Qeyd edək ki, Famil Xəlilov Ictimai xadim, AJB-nin üzvü, Aktualxeber.az xəbər portalının Baş redaktoru Əfsanə Famil qızının dayısı oğludur. Portalın rəhbəri üçün doğmasının idman sahəsində fəaliyyət göstərməsi və Azərbaycan futbolunun gənc nəslinin yetişdirilməsində iştirak etməsi, şübhəsiz ki, qürurverici məqamdır.

Aktualxeber.az informasiya xəbər portalı olaraq Azərbaycan U-15 milli komandasına, baş məşqçi Famil Xəlilova və bütün futbolçularımıza gələcək oyunlarda uğurlar arzulayırıq. İnanırıq ki, gənc futbolçularımız qazandıqları təcrübə, əzmkarlıq və birlik sayəsində yeni nailiyyətlər əldə edəcək, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəklər.

Azərbaycan futbolunun gələcəyi olan gənclərimizə uğurlar! Qələbələriniz bol olsun!

Əfsanə Nəbiyeva

AJB-nin üzvü, Aktualxeber.az xəbər portalının Baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir