Şərəfli müəllim ömrü: disent Asif Qasımov. – Leyla Məcidova yazir
Hər bir xalqın cəmiyyətində onun mənəvi sütunu olan, öz varlığı, əxlaqı, vicdanı və fədakarlığı ilə ətrafına işıq saçan nadir insanlar vardır. Bu gün sadəcə təqvimdə adi bir gün deyil, bu gün böyük mənəviyyat sahibi, zadəgan xarakterli, milli ruhlu, təmizqanlı azərbaycanlı, elmin və təhsilin fədakar nümayəndəsi, əsl müəllim, dosent Asif Qasımovun təvəllüd günüdür.
Cənub mirvarisi olan Lənkəranın füsunkar Tütəpəştə kəndində dünyaya göz açan Asif müəllim, uşaq yaşlarında atasını itirməyin ağır nisgilini yaşasa da, hər zaman məğrurluğunu, əyilməz iradəsini və mərdliyini qoruyub saxlamışdır. Bütün çətinliklərə sinə gərərək boya-başa çatan bu böyük insan dostluqda sədaqəti, xeyirxahlığı və hər kəsin dar günündə yanında olması ilə ətrafındakıların dərin sevgisini və hörmətini qazanmışdır.
O, illərdir ki, Şürük kənd orta məktəbində kimya fənnini yüksək peşəkarlıqla tədris edir. Asif müəllim şagirdlərinə və abituriyentlərinə nəinki kimya elminin incəliklərini öyrədir, eyni zamanda onları əsl vətənpərvər ruhda, torpağına, dövlətinə və milli dəyərlərinə bağlı gənclər kimi yetişdirir. Onun yanına gələn hər bir gənc üçün Asif müəllim təkcə bilik mənbəyi deyil, həm də həqiqi bir mənəviyyat və həyat məktəbidir. Bu zəngin daxili dünyanı tamamlayan doğma ocağı sevimli ömür-gün yoldaşı Şölə xanım və iki oğul övladı bu ailənin mənəvi ucalığının və sevgisinin bariz təcəssümüdür.
Dəyərli Asif müəllim! Sizi ad gününüz münasibətilə qəlbən təbrik edir, möhkəm cansağlığı, uzun və bərəkətli ömür, ailə səadəti və şərəfli fəaliyyətinizdə tükənməz uğurlar arzulayıram. Yaxşı ki,varsınız, yaxşı ki bizim ziyalı dünyamızı öz varlığınızla işıqlandırırsınız!

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

