Zamanın qızıl səhfəsi: Mirzə Abdullayev. – Leyla Məcidova yazır
Cəmiyyətdə elə insanlar var ki, sadəcə öz peşəsi ilə deyil, varlığı ilə, malik olduğu mənəvi ucalıq, qəlb genişliyi və zadəgan nəzakəti ilə işıq saçarlar. Onlar söhbət edəndə sözün hörməti artar, dinləyəndə qarşısındakı insan özünü dünyanın en dəyərli həmsöhbəti hiss edər. Dinləmək mədəniyyətini bir mənəvi sənət səviyyəsinə qaldıran, davranışı ilə nəcabət və aristokratlıq mücəssəməsi olan belə şəxsiyyətlər hər dövrdə elin-obanın söykəndiyi etibarlı dağ, arxalandığı möhkəm sütun olurlar. Lənkəran torpağının yetişdirdiyi, ömrünü halal əməyə, dövlətimizə, vətənimizə sədaqətlə xidmətə həsr etmiş dəyərli ziyalımız Abdullayev Mirzə Rəhim oğlu məhz belə unudulmaz, işıqlı simalardandır.
1950-ci ilin gözəl bir iyun günündə Lənkəranın füsunkar Girdəni kəndində dünyaya göz açan Mirzə müəllim, zəhmətkeş və xeyirxah bir ocağın tərbiyəsini alaraq böyümüşdür. Atası Rəhim kişi və anası Rəfiyyə xanımın ailəyə aşıladığı halal zəhmət, vətən sevgisi və insanpərvərlik prinsipləri onun bütün hayat yolunun mayakına çevrilmişdir. Girdəni kəndində başlayan təhsil yolu, Gəncə Kənd Təsərrüfatı Akademiyasında alacağı yüksək aqronomluq təhsili ilə davam etmiş, o, gənc yaşlarından doğma torpağa, bərəkətli cənub elinə canla-başla xidmət etməyə başlamışdır.
Çay briqadirliyindən başlayaraq Lənkəran Aqrar-Sənaye Birliyində, “Kimya” birliyində məsul vəzifələrdə çalışan, Girdəni kənd sovxozuna rəhbərlik edən və Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsində baş mütəxəssis kimi fəaliyyət göstərən Mirzə müəllim hər zaman təşkilatçılığı, ədaləti və insanlara olan tükənməz mərhəməti ilə seçilmişdir. 1968–1970-ci illərdə Çexoslovakiyada şərəflə keçdiyi hərbi xidmət illərindən tutmuş, II dərəcəli dövlət qulluqçusu, əmək və müharibə veteranı kimi qazandığı bütün uğurların təməlində onun sarsılmaz dövlətçilik təfəkkürü durur. Müstəqil Azərbaycanın demokratik bünövrəsinin bərqərar olmasında, xüsusən məsuliyyətli seçki kampaniyalarında uzun illər 20 saylı seçki məntəqəsinin sədri kimi nümunəvi, qərəzsiz və ləyaqətli fəaliyyəti onun el-oba arasındakı böyük nüfuzunun bariz göstəricisidir.
Mirzə müəllimin qəlbindəki ən böyük xəzinə isə onun insanlığı və dostluq sədaqətidir. O, dostluğu adi bir münasibət deyil, müqəddəs bir əhd, mənəvi bir körpü sayan insandır. Onun insanı hövsələ ilə, diqqətlə, dərin ehtiramla dinləmək bacarığı, hər kəsin qəlbinə yol tapmaq qabiliyyəti məhz daxili aristokratlığından və ali mərhəmətindən xəbər verir. Ömür-gün yoldaşı, mərhum həkim Südabə xanımla birlikdə qurduğu nümunəvi ailə ocağında cəmiyyətimiz üçün yüksək mənəviyyatlı, ali təhsilli, vətənpərvər övladlar yetişdirmişdir.
İnsan var kəsdirər ömrünü yarı,
İnsan var yaşadar xeyri, ilqarı.
Nəcib qəlbi ilə, mənəvi varı,
Elin hörmətini qazanar insan.
Dinləyər hər kəsi səbrlə, ramla,
Sözünü bəzəyər ləyaqət, kamla.
Xalqına xidməti müqəddəs qanla.
Dövlətə, vətənə bağlanar insan.
Mirzə müəllim kimi ziyalılarımızın ömür yolu gənc nəsil üçün əsl mənəviyyat və vətənpərvərlik məktəbidir. Onun keçdiyi şərəfli yol, dövlətimizə sarsılmaz sədaqəti, insanlara göstərdiyi həssaslıq və qayğı cənub bölgəsinin salnaməsində həmişə ehtiramla, qürurla xatırlanan canlı bir nümunədir. Mirzə müəllimə möhkəm can sağlığı, uzun, mənalı ömür və ailə səadəti arzulayır, xalqımıza və dövlətimizə xidmət yolunda tükənməz enerjisinin davamlı olmasını diləyirəm.

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

