“Təəssüf ki, ərə getmək məsələsi hələ də qız uşaqları üçün “uğur” kimi təqdim olunur”… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan sərt fikirlər
Cəlilabadda 15 yaşlı qızla nikaha daxil olan şəxsin həbs edilməsi erkən nikah problemini yenidən gündəmə gətirib. Hadisə bir daha göstərdi ki, qanunvericilikdə tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, bəzi hallarda azyaşlıların hüquqlarının pozulması ilə nəticələnən erkən evliliklər hələ də baş verir. Bəs bu cür halların yaranmasına səbəb olan əsas amillər hansılardır və problemin qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Erkən nikahların qarşısını almaqda ən böyük problem nədir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında YYSİB sədri, ictimai və mədəniyyət xadimi, kulturoloq Aydın Xan Əbilov bildirib ki, qanunvericilik dəyişsə də, Azərbaycanda həm gizli, həm də açıq şəkildə erkən nikahlar baş verir.
Onun sözlərinə görə, təkcə erkən nikahlar deyil, qohumluq nikahları da mövcuddur:
“Söhbət, əlbəttə ki, yaxın qohumlar arasında bağlanan nikahlardan gedir. Amma istənilən halda, əgər qanunvericilikdə bu istiqamətdə dəyişikliklər edilibsə və cəmiyyət də buna çağırış edirsə, insanlarımız bu iki məsələ ilə bağlı daha diqqətli olmalıdırlar.
Biz bu qanunları gələcək nəsillərin sağlamlığı, millətin demoqrafik və tibbi durumunun yaxşılaşdırılması istiqamətində atılmış mühüm addımlar kimi qiymətləndirir və hər zaman təşviq edirik. Erkən nikahlara da, yaxın qohumlar arasında bağlanan nikahlara da “yox” deyirik.
Cəlilabadda baş verən hadisə bir daha göstərdi ki, bu mübarizə hələ başa çatmayıb. İnsanların şüurunda bu məsələlərin aktuallığı hələ də lazımi səviyyədə formalaşmayıb. Təəssüf ki, bəzi insanlar bu məsələyə kifayət qədər məsuliyyətlə yanaşmırlar.
15 yaşlı qızla evlənmək və həmin yaşda olan uşağın ailə qurmağa məcbur edilməsi bir çox ölkədə, eləcə də Azərbaycanda uşaq hüquqlarının kobud şəkildə pozulması və pedofiliya əlamətləri daşıyan əməl kimi qiymətləndirilir. Fərqi yoxdur ki, bunu kim edib və hansı məqsədlə edib.
Təəssüf ki, Azərbaycanda erkən evliliklərlə, xüsusən də qız uşaqlarının hüquqlarının pozulması ilə bağlı hallar hələ də qalmaqdadır. 15 yaşlı qız məktəblidir. Onun təhsil hüququ, gələcəkdə ailə qurmaq hüququ, xoşbəxtlik hüququ, sağlamlıq hüququ, ailə mühitində yaşamaq, yeniyetməlik dövrünü başa vuraraq gəncliyə keçmək və digər hüquqları birbaşa pozulur.
Hüquq-mühafizə orqanlarının həmin qızla evlənən şəxsi həbs etməsi çox düzgün addımdır. Təkcə həmin şəxs deyil, əgər toy keçirilibsə, qanun pozuntusunda məsuliyyəti olan digər şəxslərin də əməllərinə hüquqi qiymət verilməlidir. Toyda iştirak edən, qanun pozuntusuna şərait yaradan şəxslər, o cümlədən şadlıq evinin məsul əməkdaşları, qanunsuz dini kəbin kəsən şəxs, həmçinin valideynlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşımalıdırlar. Bu nikaha vasitəçilik edən şəxslər də inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmalıdırlar ki, belə hallar bir daha təkrarlanmasın.”
Ekspert əlavə edib ki, erkən nikahların səbəbləri çoxdur:
“Burada etnik və milli dəyərlərdən, keçilən tarixi yoldan, yaxın keçmişə qədər bu hallara normal yanaşılmasından tutmuş, indiki sosial-iqtisadi vəziyyətə, qız uşaqlarının saxlanılmasında, geyindirilməsində, təhsil almasında, sosial və mədəni həyatının qurulmasında çətinlik çəkən valideynlərin iqtisadi və mənəvi sıxıntılarına qədər bir çox amilləri sadalamaq olar.
Amma bunların hamısı bəhanədir. Biz dəfələrlə demişik: əgər bir övladı dünyaya gətirirsənsə, sən valideyn olaraq bütün imkanlarını səfərbər etməli, ətrafdakıların, ictimai təsisatların və dövlət qurumlarının dəstəyi ilə həmin övladı gənclik yaşına qədər sağlam şəkildə yetişdirməlisən.
Ümumiyyətlə, Azərbaycanda və dünyada belə bir yanaşma formalaşmalıdır ki, qız uşaqları ali təhsil alana və işə düzələnə qədər, oğlan uşaqları isə ali təhsil alıb işə düzələnə və ya könüllü hərbi xidmət keçənə qədər evlənməməlidirlər.
25 yaşa qədər insanların tibbi, psixoloji, mənəvi, sosial və iqtisadi baxımdan formalaşması, gələcək həyata hazırlanması üçün mühüm dövr hesab olunur. Məhz 25 yaşdan sonra gənclərin evlənməsi və nikaha daxil olması daha məqsədəuyğun hesab edilə bilər.
Biz hazırda 15 yaşlı qızı müəyyən mənada xilas etmək üçün bu hadisəni alqışlayırıq. Amma ictimai münasibətlərdə, dini kəbinlə, daha çox icma daxilində və yaxın qohum-əqrəba arasında baş verən hallar, qızların öz iradəsi ilə və ya iradəsindən kənar münasibətlərə cəlb edilməsi, ailələrin müxtəlif səbəblərlə qızları məcburi şəkildə ərə verməsi kimi problemlər də mövcuddur. Altı aydan, bir ildən sonra həmin qız böyüyüb vəziyyəti dərk etdikdə ayrılma halları da baş verir. Bütün bunlar ayrıca ciddi problemdir.
Yəni bu qədər böyük problemlərin olduğu bir vaxtda erkən nikahların hələ də baş verməsi Azərbaycan cəmiyyəti üçün biabırçı haldır. Dövlət daha nə etməlidir? Hər ailənin, hər qız və oğlan uşağının yanında polis dayanmalıdırmı, yaxud hər evə müşahidə kamerası quraşdırılmalıdırmı ki, insanlar bu qanunsuzluqlara və mənəvi aşınmaya yol verməsinlər?
Əslində XXI əsrdə belə hadisələrin baş verməsi normal qarşılanmır. Bu cür halların müasir cəmiyyətdə yeri yoxdur.
Erkən nikahlarla bağlı maarifləndirmə işləri gücləndirilməlidir. Kütləvi informasiya vasitələri də düşünməməlidir ki, bu problem artıq həll olunub. Bir fakt belə varsa, onunla mübarizə aparmaq üçün aksiyalar, kampaniyalar, sosial reklamlar və xüsusi maarifləndirici tədbirlər həyata keçirilməlidir. Bu prosesdə televiziya, mətbuat, xüsusilə internet resursları, sosial media istifadəçiləri, bloqerlər və digər ictimai şəxslər fəal iştirak etməlidirlər.
Erkən nikahlarla bağlı qanunvericiliyin pozulması faktları dərhal araşdırılmalı, qanunun tələbləri qətiyyətlə tətbiq edilməlidir. Valideynlər də inzibati məsuliyyətə cəlb olunmalı, oğlan tərəfinin məsuliyyətə cəlb edilməsi normal qarşılanmalıdır.
İllər keçir, dövran dəyişir. Qız uşaqları elmdə, texnologiyada, təhsildə və biznesdə böyük uğurlar qazanmalı, öz potensiallarını reallaşdırmalıdırlar. Amma təəssüf ki, bəzi hallarda qızların əsas məqsədi hələ də yalnız ərə getmək kimi təqdim olunur. Xüsusilə rayon yerlərində bu hallara daha çox rast gəlinir. Bəzi valideynlər də onları bu istiqamətdə yönləndirərək təhsildən və inkişafdan uzaqlaşdırırlar.
İnanıram ki, yaxın gələcəkdə bu hallar tamamilə aradan qalxacaq və biz bir daha belə biabırçı faktlarla qarşılaşmayacağıq.
Dünyanın müxtəlif ölkələrində qadınlar kosmik missiyalarda iştirak edir, elm, təhsil, texnologiya və biznes sahələrində böyük uğurlar qazanırlar. Bizdə isə təəssüf ki, bəzi hallarda ərə getmək məsələsi hələ də qız uşaqları üçün əsas məqsəd və hətta “uğur” kimi təqdim olunur.
Bununla bağlı cəmiyyət, dövlət qurumları, aidiyyəti hüquq-mühafizə orqanları və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ciddi fəaliyyət göstərməlidirlər” , – deyə o fikrini tamamlayıb.

