YYSİB sədrinin müavini, ictimai fəal, teleekspert, blogger, sayt rəhbəri, həm də şair Ramal Əliyev: ömrünün 44 uğurlu ili

Bu gün onun ad günüdür…

İstedadlı şair-publisit, TV ekspert, ictimai aktivist, blogger, sahibkar Ramal Əhədulla oğlu Əliyev 1982-ci il iyulun 4-də Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsində anadan olub. İlk təhsilini Həbib Bağırov adına  qəsəbə tam orta məktəbində alıb. 1999-cu ildə Bakı Avrasiya  Universitetinin (o zaman Ali Diplomatiya Kolleci adlanırdı) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub. 2003-cu ildə oranı uğurla bitirmiş, bakalavr dərəcəsini aldıqdan sonra Odlar Yurdu Universitetinin hüquq fakültəsində magistr təhsilini davam etdirmişdir. 2005-ci ildə akademik məzüniyyət göturərək Dövlət Sərhəd Xidmətinin Sahil Muhafizəsində həqiqi hərbi xidmət keçmişdir. 2007-ci ildə hərbi xidmətini başa vurduqdan sonra 2008-ci ildə magistratura təhsilini uğurla başa vurduqdan sonra Rusiya Federasiyasının Surqut şəhərində əmək fəaliyyətinə başlamışdır. “Surqutprod” və “Suzan” şirkətlərində müxtəlif vəzifələrdə çalışmış, sonralar özünün şəxsi biznesini qurmuşdur. Xaricdə 5 il uğurlu diaspor fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan həqiqətlərini Rusiya ictimaiyyətinə çatdırmağa çalışmışdır.

Azərbaycana qayıdandan sonra öz fərdi biznesini yaratmış, paralel olaraq ictimai işlərdə fəallıq göstərməyə başlamışdır. Tələbəlik illərində ictimai fəal kimi tanınan Ramal Əliyev paralel olaraq idmanın karate növləri ilə ciddi məşğul olmuş və respublika səviyyəsində müxtəlif yarışların əsas mükafatlarına layiq görülmüşdür. Hələ gənc yaşlarında bədii yaradıcılığa meyl göstərib. İstedadlı gənc olaraq  yazdığı lirik şeirlərlə dövri mətbuat səhifələrində vaxtaşırı çap olunmağa başlayıb. Hələ tələbəykən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Xarici əlaqələr şöbəsinin müdüri kimi mədəniyyətlə, ədəbiyyatla, incəsənətlə bağlı çoxsaylı tədbirlərin təşkilində birbaşa iştirak etmisdir. YYSİB-nin təşkilatçılığı ilə 13 dəfə keçirilən Bakı Kitab Bayramlarının əlaqələndiricisi kimi ictimai-mədəni aktivist olaraq hazırda təşkilatın sədr müavinidir.

Paralel olaraq Vətəndaş Cəmiyyəti Alyansının İdarə Heyətinin üzvü, Kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın Redaksiya Heyətinin məsul əməkdaşı, yenimedia.net və yenimediatv.az sosial-analitik portallarının rəhbərliyində təmsil olunur, “Hesabat.info” adlı İnternet TV-nin / saytın təsisçi və baş redaktordur.

VCA və YYSİB kimi təşkilatların sıralarında peşəkarlaşmış ictimai fəal olaraq respublikamızın aparıcı televiziya kanallarında analitik-ekspert kimi ardıcıl olaraq çıxışlar edir, cəmiyyətimizin maariflənməsində, xüsusən də politologiya, geosiyasət, mədəniyyət, mənəviyyat, sosiologiya, ilahiyyat elminin və İslam bilgilərinin gənclərə çatdırılmasında xüsusi xidmətləri vardır. 2020-ci ilin Tovuz savaşı və II Qarabağ müharibəsi zamanı ictimaiyyətin nümayəndəsi olaraq Qarabağa tez-tez səfərlər etmiş, xeyriyyə aksiyaları keçirmiş, müxtəlif fondlara ianələr köçürmüş, hərbiçilərə maddi və mənəvi dəstək göstərmişdir.

Evlidir, 4 övlad sahibidir, bir sıra uğurlu iş/biznes layihələrinin müəllifidir.

Bir sıra təşkilatların mükafatları, diplomları, eləcə də Ədliyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. Ramal Əliyevin həyatda devizi budur: “İnkişaf etmiş vətən, intellektual cəmiyyət, sağlam milli ailə və kreativ fərd!”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi olaraq, dəyərli Ramal bəyi ad günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, can sağlığı və həyatda uğurlar arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir