Zamanın səhifələrini vərəqləyən gənclik: Camal Babazadə. – Leyla Məcidova yazır

Xəzərin qoynunda yerləşən, hər daşı, hər yarpağı tarix qoxuyan Lənkəranda hər gün yeni bir hekayə yazılır. Lakin bu hekayələrin içində elələri var ki, onlar sadəcə bir insanın ömür yolu deyil, bütöv bir nəslin, gənc bir ziyalılığın və dövlətçiliyə sadiqliyin işıqlı simasıdır. Bu gün mən sizə rəqəmlərin dəqiqliyi ilə tarixin sirlərini öz gənc çiyinlərində böyük bir məsuliyyətlə daşıyan, Lənkəran gəncliyinin qürur mənbəyi olan bir mütəxəssisdən Babazadə Camal Yəhya oğlundan bəhs etmək istəyirəm.
Camal bəy 1993-cü ilin mülayim mart günündə, təbiətin oyandığı, baharın nəfəsinin duyulduğu bir vaxtda dünyaya göz açıb. Elə o,gündən bəri taleyi Lənkəranın ruzi-bərəkətli aurası ilə yoğrulub. Onun uşaqlıq illəri, ilk addımları Lənkəran şəhər 5 nömrəli orta məktəbin sinif otaqlarında keçib. 2010-cu ildə həmin məktəbi bitirəndə onun gözlərində gələcəyə dikilmiş böyük bir idrakın, elmə olan sönməz bir həvəsin qığılcımları görünürdü. Bu həvəs onu doğma limanlardan uzaqlara Ukraynanın qədim elm məbədlərindən olan Xarkov Milli İqtisadiyyat Universitetinə qədər apardı. Rəqəmlərin, iqtisadiyyatın, “uçot-audit” elminin dərinliklərinə baş vuran bu gənc, xarici ölkədə təkcə diplom deyil, həm də vətəninə layiqincə xidmət edə biləcək mükəmməl bir dünyagörüşü qazandı.
Camal bəyin şəxsiyyətində və fəaliyyətində məni ən çox valeh edən cəhət onun gənc yaşında göstərdiyi sarsılmaz məsuliyyət hissidir. Hələ 2013-cü ildə tələbəlik illərinin coşqun vaxtında o, Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialında fond mühafizəçisi kimi əmək fəaliyyətinə başlayır. Arxiv sözünün arxasında saralmış vərəqlər, tozlu rəflər və ən əsası, zamanın donmuş nəfəsi dayanır. Gənc bir insanın rəqəmlərin soyuq dünyasından gəlib tarixin bu canlı yaddaşına ürəklə bağlanması onun qəlbinin zənginliyindən xəbər verir.
O, illərlə hər bir sənədə, hər bir vərəqə millətin keçmişinin bir parçası kimi baxdı, onları göz bəbəyi kimi qorudu. Əməli ilə göstərdi ki,budur əsl fədakarlıq bu zəhmət, bu sadiqlik əlbəttə ki, yerdə qala bilməzdi. Dövlətimiz onun bu daxili nizamını, peşəkarlığını yüksək qiymətləndirərək 2023-cü ilin may ayında onu həmin filialın direktoru vəzifəsinə təyin etdi. Bu gün Camal müəllim gənc bir rəhbər, bir mütəxəssis kimi Lənkəranın qədim yaddaş xəzinəsinə rəhbərlik edir, keçmişlə gələcək arasında möhkəm bir körpü salır. Onun bu uğuru həm də Yeni Azərbaycan Partiyasının Lənkəran şəhər Gənclər İdarə Heyətinin fəal bir üzvü kimi cəmiyyətə, dövlətə verdiyi töhfələrin məntiqi nəticəsidir.
Ancaq Camal müəllimin şəxsiyyətini anlamaq üçün onun köklərinə nəzər salmaq kifayətdir. O, Azərbaycanın ictimai xadimi professor Yaşar Rzayevin, qardaşı ictimai xadim Rafael Rzayevin nəvəsidir. Rzayevlər nəsli Lənkəranın və ümumən Azərbaycanın tarixində öz dərin izini qoymuş, dövlətçiliyə və xalqa həmişə fədakarlıqla xidmət etmiş köklü və tanınmış bir sülalədir. Camal müəllim,məhz belə bir əzəmətli nəslin davamçısı olaraq, babalarından ona miras qalan yüksək vətənpərvərlik duyğularını və xalq sevgisini özündə cəmləşdirib. O, arxivin qapısından içəri daxil olan hər bir insanla son dərəcə mülayim, nəzakətli və yüksək etik normalara uyğun davranır, hər bir vətəndaşa təmkinlə və hörmətlə yanaşır.
Camal müəllim gənc olmasına baxmayaraq, özündən əvvəl arxiv müdiri olmuş babasının ona ötürdüyü zəngin təcrübəni sevə-sevə, böyük həvəslə yeni nəslə ötürür. Lənkəran Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasının tələbələri, həmçinin Lənkəran Pedaqoji kollecinin tələbələri hər il istehsalat təcrübəsi üçün arxivə gəlirlər. Gənc mütəxəssis tələbələr üçün heç vaxt sıxıcı və ya əlçatmaz olmur. Əksinə, o, tələbələri sənədləşmələrlə şəxsən tanış edir, arxiv işinin incəliklərini öyrədir və onların maraqlandırdığı bütün suallara böyük səbirlə cavab verir. Sıxılmadan, bezmədən köhnə illərin qızıl arxiv sənədlərini gənclərə təqdim edən Camal müəllim, onlara əsl vətənpərvərlik və dövlətçilik dərsi keçir.
Camal Babazadə keçmişin tozlu rəflərindən gələcəyin işıqlı sabahına boylanan, gəncliyin enerjisini tarixin müdrikliyi ilə birləşdirən rəhbərdir.
Mənim nəzərimdə Babazadə Camal Lənkəranın yetişdirdiyi o, işıqlı, təmizqəlbli, dövlətinə və xalqına sadiq gənc mütəxəssislərin ən gözəl nümunəsidir.
O, Xəzərin dalğaları qədər coşqun gənclik enerjisini, babalarından süzülüb gələn o, təmkinli müdrikliklə elə gözəl birləşdirib ki, bu gün onun arxivdə atdığı hər bir addım gələcək nəsillərə bələdçilik edir. Çünki yaddaşı qorumaq gələcəyi inşa etmək deməkdir. Mən bir tarixçi və muzeyşünas kimi qürurla qeyd edə bilərəm ki, Lənkəranın tarixi yaddaşı Camal Babazadə kimi etibarlı, nəsilli-nəcabətli və nizam-intizamlı bir gəncin əllərində tam əmindədir.Keçmişə ehtiramla yanaşan, bu günü uğurla idarə edən və Rzayevlər nəslinin layiqli davamçısı kimi fəaliyyət göstərən bu gəncə rəhbərlik etdiyi şərəfli yolda yeni-yeni zirvələr arzulayıram.
İnanıram ki, onun imza atacağı uğurlar hələ çox silsilə məqalələrin, gözəl əsərlərin mövzusu olacaq.
Yolun açıq, zirvələrin fəth olunası olsun, gənc həmkarım!

Leyla Qadir qızı Məcidova

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin
Direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir