Dağların səssiz zirvəsindən sözün əbədiyyətinə: Hacıməmməd Quliyev. – Leyla Məcidova yazır
İnsan ömrü təqvim vərəqlərinin ardıcıllığı deyil, ruhun zaman və məkan daxilində buraxdığı dərin izlərin məcmusudur. Elə insanlar var ki, onların həyat yolu doğulduqları torpağın xarakterini, havasını və ucalığını özündə təcəssüm etdirir. Lerik rayonunun dumanlı, vüqarlı dağlar qoynunda yerləşən Dico kəndində başlayan bir ömür yolu,Hacıməmməd Hacıbaba oğlu Quliyevin həyatı məhz belə bir ucalığın, fədakarlığın və ziyalılığın hekayəsidir.
O, yalnız bir müəllim, bir jurnalist və ya yazıçı deyil,o, doğma yurdun mənəvi coğrafiyasını bədii sözün qüdrəti ilə canlandıran, ömrünü elm və zəka işığına pərvanə edən bir mədəniyyət xadimi idi.
1951-ci ilin iyun ayının 2-də sadə bir kəndli ailəsində dünyaya göz açan Hacıməmməd müəllimin taleyi lap erkən yaşlarından elmlə, kitabla möhürlənmişdi. Onun təhsil illəri sanki bir bilik karvanının dayanmadan irəliləməsini xatırladır. Dico kənd ibtidai məktəbindən başlayan cığır, Tikəbənd kənd səkkizillik məktəbinə, oradan isə Çayrud kənd orta məktəbinə qədər uzanır. 1967-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurması, onun daxilindəki böyük potensialın və elmə olan sarsılmaz sevginin ilk parlaq təzahürü idi.
Hərbi xidmət (1970–1972) və Lənkəran Hava Limanında keçən mühafizəçi illəri (1972–1975) onun xarakterini bir polad kimi bərkitdi, ona vətənpərvərlik, məsuliyyət və intizam aşıladı. Lakin ruhundakı söz və yaradıcılıq eşqi onu daha uzaqlara, elm ocaqlarına səsləyirdi.
1976-cı ildə tale onu Rusiyanın uzaq Altay diyarına, Barnaul Dövlət Pedaqoji İnstitutuna apardı. Burada filologiya və jurnalistika fakültəsində aldığı mükəmməl təhsil, onun gələcək yaradıcılığının elmi-nəzəri bünövrəsini qoydu. Ali təhsildən sonra bir müddət Altay diyarının Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi çətin və məsuliyyətli bir vəzifədə çalışması, onun insan psixologiyasını dərindən öyrənməsinə, həyatın sirlərinə və dramlarına yaxından bələd olmasına şərait yaratdı. Bu təcrübə sonradan onun roman və hekayələrində bədii personajların xarakter dolğunluğunda özünü büruzə verəcəkdi.
Lakin vətən həsrəti və doğma torpağın çağırışı onu 1985-ci ildə yenidən Lerikə qaytardı. Divə kəndində başlayan pedaqoji fəaliyyət, 1987-ci ildən etibarən 2010-cu ilə qədər doğma Dico məktəbində direktorluq missiyası ilə davam etdi.Bir millətin gələcəyi onun təhsilindən asılıdır, prinsiplərinə sadiq qalan Hacıməmməd müəllim, rəhbərlik etdiyi təhsil ocağında minlərlə gəncin qəlbinə elm, zəka və insanlıq toxumları səpdi.
Mətbuat fədaisi və sözün sehrkarı
Hacıməmməd Quliyevin yaradıcılığı çoxşaxəli və zəngindir. Tələbəlik illərindən başlayan bədii axtarışlar mütəmadi olaraq dövri mətbuatda öz əksini tapırdı. O, təkcə yazmırdı, həm də regional və respublika mətbuatının inkişafına birbaşa rəhbərlik edirdi.
“Şəfəq” jurnalının redaktoru kimi milli təfəkkürün formalaşmasına xidmət etdi.
1999-cu ildən “Məşəl” ədəbi-bədii, elmi-publisistik jurnalının və “Bizi era” qəzetinin baş redaktoru olaraq bölgənin ədəbi mühitini canlandırdı, gənc qələm sahiblərinə mayak oldu.
Onun Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunmuş pyesləri, teatr və dramaturgiya sahəsindəki uğurları onun estetik dünyasının nə qədər geniş olduğunu sübut edir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olması onun peşəkar mühitdəki yüksək statusunun göstəricisi idi. Təsadüfi deyil ki, o, yaradıcılıq fəaliyyətinə görə milli mətbuatımızın atası sayılan Həsən bəy Zərdabinin adını daşıyan diplomla və “Qızıl qələm” mükafatı ilə təltif olunmuşdur.
Hacıməmməd Quliyevin qələmindən çıxan əsərlər fəlsəfi dərinliyi və bədii bütövlüyü ilə seçilir. 1998-ci ildə işıq üzü görən “Ayrılıq” romanı və həmmüəllifi olduğu “Elm və zəka işığında” kitabı, həmçinin sonrakı illərdə nəşr olunan “Bəyaz saçların yaşıl işığında” fundamental əsərləri onun həm bədii nəsr ustası, həm də publisist-alim kimi portretini tamamlayır.
Onun əsərlərində insan taleyi, ayrılıqların fəlsəfəsi, elmin ucalığı və xeyirlə şərin əbədi mübarizəsi poetik və elmi harmoniyada birləşirdi.
Ölüm bir köçdür fani dünyadan,
Ruhun öz taxtına ucalmasıdır.
Geridə qoyulan təmiz bir adsa,
İnsanın ölümə qalibiyyətidir.
2010-cu ildə Hacıməmməd müəllim bu fani dünyanı tərk edərək haqqa qovuşdu. Lakin həqiqi sənətkarın ömrü fiziki varlığın bitdiyi yerdən başlayır. Onun vəfatından sonra işıq üzü görən, rəmzi ad daşıyan “Qəm qapısı” roman, povest və hekayələr kitabı sənətkarın oxucularına son mənəvi töhfəsi, onun qəmli, lakin işıqlı dünyasının bədii aynası oldu.
Bu gün Hacıməmməd Quliyev cismən aramızda olmasa da, onun qurduğu məktəb, yazdığı əsərlər, rəhbərlik etdiyi mətbu orqanlar yaşayır. Ən əsası isə, onun ocağını davam etdirən ailəsi 2 oğlu, 2 qızı və babalarının adını, irsini qürurla daşıyan 9 nəvəsi var.
Hacıməmməd Quliyev Lerik dağlarının yetirdiyi elə bir büllur çeşmə idi ki, o çeşmənin suyu ədəbiyyatımızın, mətbuatımızın və təhsilimizin çaylarına qarışaraq əbədiləşdi. O, bəyaz saçlarının yaşıl işığında hələ uzun əsrlər boyu gələcək nəsillərin yoluna nur saçmağa davam edəcəkdir. Ruhun şad olsun, Böyük Müəllim və Söz Ustadı!
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi nin direktoru

