Yazıçı, I Qarabağ veteranı Hacı Qəni Camalzadə ilə Siyəzəndə növbəti unudulmaz görüş…
İyunun 14-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon Mərkəzi Kitabxanasında AYB-nin üzvü, tanınmış yazıçı, publisist, Qarabağ müharibəsinin iştirakçısı, Prezident təqaüdçüsü, ədəbiyyat həvəskarlarının sevimlisi Hacı Qəni Camalzadə ilə növbəti görüş keçirilib.
Tədbirdə həmçinin Bakıdan gələn qonağımız Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının rəhbəri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov, kitabxananın əməkdaşları, oxucular iştirak edirdi.

Görüş zamanı söz verilən Hacı Qəni Camalzadə özünün fərdi yaradıcılığı, ədəbi-publisistik fəaliyyəti və sənət baxışları, eləcə də kitab və mütaliə mədəniyyəti, estetik-mənəvi məsələlər barədə geniş fikirlərini bölüşdü.
Daha sonra Aydın Xan Əbilov yazıçının həyat və fəaliyəti haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi təsisatlar – Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi ilə kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalı mütaliə və ədəbiyyatın təbliğ olunması istiqamətində belə silsilə tədbirlərə hər zaman dəstək verir.

Oxucularla səmimi müzakirələr sual-cavab formatında – fikir mübadiləsi şəraitində keən tədbirin xüsusi əhəmiyyəti olduğu vurğılandı.
Görüşdə Qəni müəllimin müxtəlif illərdə qələmə aldığı əsərləri, xüsusilə, Vətənə, xalqımıza, tariximizə və mənəvi dəyərlərimizə həsr olunmuş yazıları haqqında geniş məlumat verildi. Kitabxana oxucuları və tədbir iştirakçıları yazıcıya dərin təşəkkürlərini bildirdilər.

Sonda xatirə şəkilləri çəkildi. Belə görüşlərin davamlı olması arzulandı: bildirildi ki, ədəbiyyat ruhumuzu yaşadır, belə maraqlı görüşlər isə bu ruhun qidalandığı mənbələrdəndir…

