Azərbaycan və İran qoşunları arasında toqquşma. Təbrizdə HƏRBİ VƏZİYYƏT

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.

Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.

Yazının əvvəli 2 avqust 2024-cü ildə Medianews.az saytında dərc olunub.

Beləliklə, Qəvam koalisiya kabinetinə son qoyaraq, İran Xalq Partiyasının bir çox təşkilatlarını və həmkarlar ittifaqlarını darmadağın edərək, demək olar ki, bütün demokratik qəzetləri bağlatdırdı və hökumət qoşunlarının Azərbaycana daxil olması üçün “mənəvi” və maddi ilkin şərtləri hazırladı. İngilislərin və amerikalıların dəstəyi ilə şah qüvvələri Azərbaycana qoşun yeritmək qərarına gəldilər.

M.C.Bağırov bu gedişatın geridönməz nəticələrə yol açacağını anlayaraq  yenidən Stalinə müraciət edir.

ARPİİİSSA F № 1, siy. № 89, iş № 112

ÜİK(b)P MK

STALİN YOLDAŞA

Təbrizdən alınmış informasiyanı Sizə təqdim edirəm.

Dekabrın 4-də İran qoşunları Zəncan rayonundan Miyanə istiqamətində hərəkət etməyə başlayıblar. Azərbaycan və İran qoşunlarının ön hissələri arasında bir neçə saat davam edən döyüş baş verib. İran qoşunları tanklar, səhra topları və minomyotlardan istifadə edirlər. Döyüş nəticəsində gözətçi xidməti çəkən Azərbaycan partizan dəstələri Rəcəin kəndi və dəmiryol stansiyasını tərk edərək, yeni müdafiə mövqelərinə çəkiliblər.

Azərbaycanlıların Miyana qruplarının komandiri Daneşyan Pişəvərinin adına göndərdiyi teleqramda tank pulemyotları və ixtisaslı zabitlərlə yardım göstərməyi xahiş edib. Daneşyanın digər bir teleqramından görünür ki, İran qoşunları həmçinin Xalxala hücum etmək və Ərdəbili ələ keçirmək üçün Tzeron və Ərməğan  Xətə kəndləri ətrafında cəmləşir.

Pişəvəri radio vasitəsilə əhalini İran qoşunlarının Azərbaycana hücumu barədə xəbərdar edib.

Təbrizdə  hərbi vəziyyət elan olunub.

Azərbaycanın hər yerindən kəndlilər müdafiə olunmaq üçün silahlandırmaq xahişi ilə Demokrat Partiyasının Mərkəzi Komitəsinə müraciət edirlər. Amma silah olmadığından rəhbərlik bu xahişləri yerinə yetirə bilmir.

Azərbaycan Demokrat Partiyasının rəhbərliyi bir daha onlara heç olmasa minimal həcmdə yardım göstərməyi: 16 top, 5 min tüfəng, 20 tank əleyhinə silah və müvafiq miqdarda mərmi və patron verməyi xahiş edir.

M.C.Bağırov

5 dekabr 1946-cı il

Amma Moskva susurdu!

M.C.Bağırov bu dəfə bütün riskləri gözə alaraq yenidən Stalinə  həm  sərt, həm də inadkar şəkildə müraciət edir.

MOSKVA, ÜİK(b)P MK

STALİN YOLDAŞA

İran Azərbaycanındakı vəziyyətlə bağlı məni qəbul etməyinizi  xahiş edirəm.

M.C.Bağırov

5 dekabr 1946-cı il

Amma Stalin M.C.Bağırovun bu hikkəli müraciətinə əsəbi reaksiya verir, onu qəbul etmir və 9 dekabr 1946-cı ildə Qəvamın Bəyannaməsi nəşr olunur. O, Bəyannaməsində İran hökumətinin nəyin bahasına olursa-olsun İranın suverenliyini və ərazi bütövlüyünü təmin etmək yolunda Azərbaycan demokratlarına qarşı gedəcəyini bəyan edirdi. Qəvam azərbaycanlıları hökumət qoşunları ilə əməkdaşlığa çağırır, bu halda onlara qarşı səxavətlə davranılacağını bəyan edir. Baş Qərargahın Azərbaycanda olan zabitlərə müraciəti də dərc olunur.  Baş Qərargah onları hökumət qoşunlarının tərəfinə keçməyə çağırır, əks halda onlarla silahlı üsyan qaldırmış insanlar kimi davranacaqları ilə hədələyirdi.

İran təyyarələri Azərbaycan səmasında əhalini hökumət qoşunları ilə əməkdaşlığa, demokratlara qarşı qiyam qaldırmağa və hakimiyyəti əlindən almağa çağıran vərəqələr atırlar.

Vərəqələrdə silahı olan azərbaycanlıları silahı yerə qoymağa çağırılır və bundan sonra onların əfv olunacağına söz verilirdi. Vərəqələrdə həmçinin xəbərdarlıq edilirdi ki, azərbaycanlılar bunu etməsələr, onlarla silahlı quldur kimi davranacaqlar.

M.C.Bağırovu bu proseslərdən uzaqlaşdırmaq üçün Vyaçeslav Molotovun göndərdiyi məxfi qrup 10 dekabr 1946-cı il tarixində Azərbaycan Demokrat Partiyasının bürosunun gizli iclasın keçirir və S.C.Pişəvərini vəzifəsindən azad edir. Azərbaycan Demokrat partiyasının sədri postuna Məhəmməd Biriyanı gətirilir. Bununlada Kreml M.C.Bağırovu Cənubi Azərbaycandakı hadisələrə təsir göstərmək imkanından məhrum edir!

V.Molotovun tərtib etdiyi mətn əsasında M.Biriya Azərbaycan Demokrat Partiyasının  adından müraciətlə çıxış etdi. Bu müraciətdə deyilirdi: “Şah qoşunları Azərbaycana gəlir və İran Məclisinə seçkilərə nəzarət edəcək. Seçkilər keçirilməli və nəticələri İran Məclisinə təqdim olunmalıdır”.

M.Biriya bu xəyanətinə görə, Bakıya mühacirət etdikdən sonra M.C.Bağırovun qəzəbindən yaxa qurtara bilmədi: həbs olunub Sibirə sürgün edildi.

O günlərdə  baş verən hadisələrlə bağlı Bağır Seyidzadənin qeydləri olduqca əhəmiyyətlidir: “1946-cı il dekabrın 11-də Təbriz radiosu xəbər verirdi ki, Azərbaycan hökuməti qan tökülməsinin və qardaş qırğınının qarşısını almaq üçün Tehranın əmrlərinə tabe olmaq barədə fövqəladə iclasında qərar qəbul edib.  Müvafiq teleqramlar general-qubernator doktor Cavid və vilayət əncümənin  sədri Şəbüstari tərəfindən Qəvama  göndərilmişdi. Müqavimətin başa çatması ilə bağlı teleqramları aldığını bildirən Qəvam Tehranda çıxış edərək bu qərarı ağlabatan adlandırır və bildirir ki, qoşunlara “yalnız  Azərbaycanda asayişi, əmin-amanlığı və xalqın azadlığını təmin etmək tapşırılıb”. Qavam daha sonra bildirdi ki, “bu məqsədlərin həyata keçirilməsində köməklik göstərəcək insanların xidmətləri nəzərə alınacaqdır”.

1946-cı il dekabrın 10-da şah ordusunun hissələri üç yerdən Azərbaycana hərəkət etdi. 11-də onlar Mianaya daxil oldular. Dekabrın 12-13-də qoşunlar Təbrizə, dekabrın 14-17-də isə Sərab, Mərənd, Xoy, Məka, Rezaye, Culfa və Astaraya daxil oldular. İşğal olunmuş bütün şəhərlərdə hərbi vəziyyət elan edildi, hərbi məhkəmələr yaradıldı, Azərbaycan Demokrat Partiyasının komitələri, demokratik qəzetlərin redaksiyaları darmadağın edildi.

İranın Təbrizdəki ekspedisiya qüvvələrinin komandiri general Haşimi Təbrizdə bir bildiriş dərc etdirərək, demokratların rəhbərlərini, fədailəri, idarə etmə qurumlarının işçilərini və mühacirləri silahları təhvil verib təslim olmalarına çağırış edirdi. Həm Təbrizdə, həm də Azərbaycanın bölgələrində ADP-nin üzvülərinin sığına biləcəyi evlərin sahiblərinə xəbərdarlıq edilirdi ki, əgər gizlənən partiya üzvülərini təhvil verməsələr, onlarda ciddi məsuliyyətə cəlb olunacaqlar. İran hərbi məcəlləsinin 114-cü maddəsi əsas gətirələrək, həbs olunan və təqsirləndirilən şəxslərin heç birinə apellyasiya şikayəti vermək hüququ verilmirdi.

Qəvam dekabrın 18-də Tehran radiosundakı çıxışında ilk dəfə açıq şəkildə Azərbaycan demokratlarını avantürist adlandırdı, onları qanunları pozmaqda, günahsız insanları öldürməkdə, əhalinin malını talamaqda, fars dilini təqib etməkdə ittiham etdi. General Haşimi Təbrizdə İran hökumətinin Azərbaycan demokratları ilə bağladığı müqavilələrin ləğvi barədə rəsmi şəkildə əhali nümayəndələrinə məlumat verdi”.

Ardı var…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir