VCA və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov: “Kəsilən hər bir ağac planetin sonunun gəlməsini sürətləndirir”
“21-ci əsrin ən böyük problemi ekoloji mühitlə bağlıdır. Platenimizi əhatə edən aktual olan bu problemin həlli ilə bağlı demək olar ki, bəşəriyyət və bəşəriyyətin düşünən beyinləri çoxdan həyəcan təbili çalırlar. Artıq dünya anlamalıdır ki, ölən hər bir kəpənək, kəsilən hər bir ağac, yandırılan hər bir təndir belə bu planetin sonunun gəlməsini sürətləndirir. Bu baxımdan insanlar baş verə biləcəkləri nə qədər tez dərk etsələr və ekoloji maarifçilik nə qədər tez müddət ərzində təsir edərsə, problemin həlli də bir o qədər tezləşə bilər. Azərbaycanda bununla əlaqədar bir çox dövlət layihələri həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın xan Əbilov bildirib.
Onun sözlərinə görə, görülən işlər Azərbaycan dövlətinin də ekoloji problemin aktuallığını və necə bir bəla olduğunu dərk edir və bütün vətəndaşlarını ekologiyanın qorunması ilə bağlı işlərə cəlb etməyə çalışır: “Bu gün ölkəmizdə müxtəlif ekoloji aksiyalar keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağac kəsənlərə qarşı sərt reaksiyalar verilir. Artıq insanlar dərk edirlər ki, planetin xilası mümkün olmasa da, müəyyən bir müddətə mühafizəsini təmin etmək mümkündür. Buna görə də qlobal mənada forumlar keçirilir, maarifləndirici işlər görülür”.

