Medianın Rəşad Dağlı cinayətinə aşırı diqqət ayırması yüksək peşəkarlıq göstəricisi sayılırmı?.. Aydın Xan Əbilov və ekspertlərin rəyi
Məlum olduğu kimi, tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) 1979-cu il təvəllüdlü qonşusu İsgəndər Mehdiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı barəsində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu öz yerində. Məsələ burasındadır ki, üç gündür telekanallar, sosial şəbəkələr, media orqanları, saytlar R.Dağlının törətdiyi məlum olaya böyük yer ayırıb, bu məsələni geniş şəkildə müzakirəyə çıxarıb. Əlbəttə, R.Dağlını ittiham etmək, yaxud ona bəraət qazandırmaq bizim səlahiyyətlərimizə daxil olan hal deyil, bu məsələ ilə birbaşa dövlətin aidiyyəti qurumları məşğul olur, qərarı da onlar verəcək. Bizi maraqlandıran bu məsələnin bir neçə gündür gündəmdə saxlanılmasıdır. Təbii, bu da sıradan bir cinayət hadisəsidir, Azərbaycanda və dünyanın istənilən yerində bu cür ağır cinayətlər törədilə bilir.
Medianın, TV-lərin, saytların Rəşad Dağlı ilə bağlı olaya bu qədər yer ayırması nə qədər doğrudur?
- Vüsalə Ağabəyli: “Bu olayın mətbuatın gündəmində bu qədər saxlanılması doğru deyil”
Filologiya üzrə fəsləfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu cinayət olayının yerli medianın əsas xəbərinə, ölkə gündəminə çevirilməsi, mətbuatın buna geniş yer ayırması qətiyyən düzgün deyil. V.Ağabəylinin sözlərinə görə, bütün hallarda media bu olayı bu qədər gündəmdə saxlamalı deyildi. “Bu olayın mətbuatın gündəmində bu qədər saxlanılması doğru deyil. Amma təəssüf ki, bizim media neçə gündür bu məsələyə geniş yer ayırır. Bilirsiz, adamın sənətini müsbət mənada təbliğ etmək olar, lakin cinayətini yox. Cinayətkar kimi tənqid olunmalıdır ki, millət daşıdığı statusdan asılı olmayaraq hər bir kəsin qanun qarşısında bərabərhüquqlu olduğuna az da olsa inana bilsin.
Bu nəyin təbliğatıdır? Narkotikə “yox” deyib, qatilliyi təbliğ edirik? Rəşad Dağlı həmin adamı narkoman olduğu üçün öldürməyib, şəxsiyyətinə toxunan söyüş söydüyü üçün, öz nüfuzunu üstün bildiyi üçün öldürüb! Efirlər, aparıcılar, reytinqpərəstlər hadisəyə necə rəngli don geydirməyə çalışsalar da, bu, cinayət hadisəsidir…”-deyə alim vurğuladı.
- Azər Həsrət: “…Bu, sıradan bir cinayət hadisəsidir”
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət də bu olayın bu şəkildə mediada tirajlanmasının əleyhinədir. A.Həsrət hesab edir ki, media bu məsələyə bu formada yer ayırmalı deyildi: “Açığını deyim ki, buna çox heyrətlənirəm. Şəxsən mən sizin sualınıza görə ilk dəfədir bu məsələ barədə danışıram. Nə paylaşımlara rəy yazmışam, nə hanısa formada buna münasibət bildirmişəm, nə müzakirələrdə iştirak etmişəm. Düşünürəm ki, şəxsən mənim üçün bu, sıradan bir cinayət hadisəsidir. Təbii ki, bu olayın bu qədər geniş müzakirə olunmasına heç bir zərurət yoxdur. Amma təəssüflər olsun ki, cəmiyyət içində həqiqətən də bizi heyrətləndirəcək dərəcədə bu məsələyə diqqət göstərilir. Bu, Azərbaycan cəmiyyəti üçün heç də yaxşı hal deyil. Hansısa meyxanaçının, konkret bir cinayət əməlində ittiham olunan şəxsin cəmiyyət üçün hər hansısa formada diqqət çəkməsi yaxşı göstərici deyil. Hesab edirəm ki, hadisə baş veribsə, təbii, onun yaxınları, qohumları, dostları, cəmiyyət də ilgilənə, narahat ola bilər. Amma gündəmdə bu qədər məsələlər olduğu halda bu məsələyə bu cür diqqət ayırmaq, açığını deyim ki, heyrətləndirir, təəcübləndirir. Bizim daha önəmli məsələlərimiz var, ümumiyyətlə, Azərbaycanın müzakirə ediləcək o qədər həyati vacib məsələləri var ki, bunların fonunda bu məsələ gözə görünməməli idi. Amma baxıram ki, vacib məsələ arxa plana keçib və buna köklənilib…”
- Aydın xan Əbilov: “Rəşad Dağlı çox yaxşı bir sənətkar idi, meyxananı inkişaf etdirən şəxslərdən idi, amma onunla bağlı olayın gündəmi tutması düzgün deyil”
Analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov da digər ekspertlərin fikrinə şərik olduğunu qeyd etdi. “Bütün dünyada klassik media cəmiyyətin, ictimai düşüncənin, həyatda baş verən hadisələrin güzgüsü sayılır. Media sadəcə elə-belə hansısa nəticənin əksini göstərən alət deyil, eyni zamanda ölkədə, dünyada baş verən hadisələri süzgəcdən keçirib həm müasir, həm də gələcək nəslə ötürən təchizat sayılır. Təəssüflər olsun ki, bu,Ş Azərbaycanda bir qədər fərqlidir. Azərbaycan televizya-radiosunu, yazılı və elektron KİV-ləri, sosial medianı, sosial şəbəkəsini araşdıran bir mütəxəssis kimi deyə bilərəm ki, bizdə hər şeyə üzdən yanaşılır. Bu istiqamətdə sarı mediaya doğru bir istiqamət oldu. Təəssüflər olsun ki, bu da ciddi qəzetçilik ənənələri olan Azərbaycan milli mətbuatının inkişafına mənfi təsir göstərdi. Biz son vaxtlar internetin, televiziyanın, radionun, sosial şəbəkələrin, yeni medianın, saytların ənənəvi medianı, yazılı mətbuatı məğlub etdiyini görürük…Çox təəssüflər olsun, mətbuat bir sıra hallarda az ictimai əhəmiyyəti olan məlumatlarla doludur. Meyxanaçı ilə bağlı olayın da mediada bu şəkildə yer alması təəssüf doğurur. Təkcə bu məsələ deyil, ondan əvvəl də bəzi müğənnilərin, meyxanaçıların müəyyən cinayətlərdə adları hallanıb. Biz narkotik, müəyyən cinayətlər üstündə həbs edilən bir neçə müğənni gördük. Amma cəmiyyətin buna reaksiyası sıfır oldu. Camaat demədi ki, “sevimli müğənnimdir”, “toyumda iştirak edib”, “qohumumdur”. Çox təəssüf ki, mediada bəzi müğənnilərin, meyxanaçıların xoşagəlməz davranışları ilə bağlı yeni tendensiyalar ortaya çıxdı. Bu baxımdan, Rəşad Dağlı olmasın başqası olsun, əgər bu hala yol veribsə, bu, cinayət hadisəsidir. Bunu tanınmış adam edibsə, bu, yeni nəslə mənfi təsir göstərir. Rəşad Dağlı çox yaxşı bir sənətkar idi, meyxananı inkişaf etdirən şəxslərdən idi, amma onunla bağlı olayın gündəmi tutması düzgün deyil. Rəşad Dağlının çox güclü fanat qrupu vardı, toylarda savadlı, yaxud savadsız insanları öz təsiri altına ala biləcək söz adamı, meyxana ustası idi…Kiminsə yazısında oxudum ki, hansısa yazıçılar da Rəşad Dağlıya fanatlıq edib. Belə bir adam hansısa cinayət törədibsə kimlərinsə buna bəraət qazandırması çox dəhşətli haldır”-deyə A.X.Əbilov vurğuladı.
A.X.Əbilov hesab edir ki, onun əməllərini media, sosial şəbəkə istifadəçiləri müzakirə edib qiymət verməli deyil, bunun üçün hüquq-mühafizə orqanları, məhkəmələr var və hər şey məhkəmənin qərarı zamanı məlum olacaq.
Leyla QARAXANLI,

