IX Qlobal Bakı Forumu keçirildi: İlham Əliyevin çıxışı. Prezident Şuşadakı beynəlxalq konfransın iştirakçılarına məktubu

Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib.

Möhtəşəm tədbirdə Gürcüstanın Prezidenti Salome Zurabişvili, Albaniya Prezidenti İlir Meta, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç və digər ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirlər.

Forum çıxışlarla davam edib. 

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu uğurla davam edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Prezident Forumda çıxış edir.

Ailə fotosunun çəkilişindən sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti İsmail Serageldinin moderatorluğu ilə təşkil olunan açılış mərasimində Azərbaycan Prezidenti çıxış edəcək. Daha sonra Yüksək Səviyyəli Açılış Paneli olacaq. İsmail Serageldinin moderator olacağı paneldə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç, Albaniya Respublikasının Prezidenti İlir Meta, Gürcüstanın Prezidenti Salome Zurabişvili, Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, Ərəb Dövlətləri Liqasının baş katibi Ahmed Aboul Gheit çıxış edəcək. İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın mesajını çatdıracaq, Monteneqro Prezidenti Milo Dukanoviçin və Latviya Respublikasının Prezidenti Egils Levits (videomesaj) videomesajları olacaq, Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskinin videomüraciəti səsləndiriləcək. Yüksək Səviyyəli Açılış Panelində 2016-2018-ci illərdə Türkiyə Respublikasının Baş naziri, 2018-2019-cu illərdə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın çıxışı, BMT baş katibi yanında Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinosun videomüraciəti, BMT-nin Qlobal Təhsil üzrə Xüsusi Elçisi, ÜST-nin Qlobal sağlamlığın maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunun onlayn çıxışı da olacaq.

Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olunacaq.

Qeyd edək ki, 16,17 və 18 iyun tarixlərində keçiriləcək IX Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma”, “Qlobal təhükəsizlik strukuruna və sülh perspektivlərinə təkrar baxış”, “Enerji təhlükəsizliyinə cari təhlükələr: Onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları”, “Qlobal səhiyyənin idarə edilməsi”, “Cənubi Qafqaz, sülh, əməkdaşlıq və inteqrasiya”, “Dəyişən Avropa və Qərbi Balkan regionunun təhlükəsizliyi”, “Yaxın Şərq, ərəb və müsəlman dünyasında sülh, sabitlik və inkişaf axtarışında”, “Qloballaşma və artan bərabərsizliklər”, “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar”, “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” və “Gənclər danışsın, biz dinləyək” mövzularında panellər təşkil olunacaq.

Forumda ümumilikdə 53 ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edir.

Prezident Şuşadakı beynəlxalq konfransın iştirakçılarına məktub ünvanladı

Prezident İlham Əliyev “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi – “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.

Bir il əvvəl – 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.

Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun – Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir.

Ətraflı

Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir.

Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir, eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Qürurverici haldır ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər.

Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, iki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır.

Əminəm ki, xalqlarımızın sarsılmaz etimadını qazanmış Yeni Azərbaycan Partiyasının və Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda müttəfiqliyimizin daha da gücləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacaq, faydalı təkliflər irəli sürüləcəkdir. Həmçinin ümidvaram ki, konfrans Türk dünyasında həmrəyliyin, dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi işinə də öz layiqli töhfəsini verəcəkdir.

Sizi bir daha ürəkdən salamlayır və fəaliyyətinizdə uğurlar arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir