Əlişah. Bir söhbətin hekayəsi. Cəfər Şıxcanov
Böyükbazarın hündür, qoşa qapılı darvazasından içəri keçən hər kəsin ilk gözünə dəyən piştaxnaların arasındakı meydançada – əlil arabasında oturmuş o adam olardı.
Hündür gövdəsi, iri başı, yay-qış əynindən çıxartmadığı soldat buşlatı, uclarını çənəsinin altına bağladığı qulaqlı papağı və gülməlı görkəmi ilə ətrafdakılardan fərqlənən bu kişınin adı Əlişah idi. Daha doğrusu hamı onu belə çağırırdı.
Dizlərinin üstünə saldığı köhnə odyal parçasının yırtıqlarından arabir balaca sallaq ayaqlarındakı toxunma corablar görünərdı.
O, həmişə yanından ötüb keçənləri qəribə bir təbəssümlə süzər sanki kimisə axtarırmış kimi iri domba gözləri ətrafı dolanardı.
Tələbəlik illəri idi.
Dərsdən sonra arada imkan tapıb, həm vaxt keçirmək, həm də ucuz bir şey alıb qarnımızı doldurmaq üçün otaq yoldaşım Vaqiflə bazara çıxardıq. Və əlbəttə, izdihamın arasında, uzaqdan Əlişahın qulaqlı papağının arasında sıxılmış iri, armuda oxşar başı görünərdi. Yenə də həmin iri yöndəmsiz başını sağa-sola döndərə-döndərə kimisə axtarırdı. Nabələd adam üçün anlaşılmaz olan bu qəribə səhnənin səbəbini biz artıq bilirdık.
Bazarda meyvə, tərəvəz, paltar və daha nələr -nələr satan alverçilər kimi Əlişah da müştəri axtarırdı. Ancaq onun müştəriləri heç də başqalarına bənzəmirdi .
Məsələ belə idi.
Şəhərdə kiminsə-kiminlə, ya zarafatı varsa, ya da xoşu gəlmirdisə, sakitcə Əlişaha yaxınlaşar ovucuna üçdən-beşdən qoyub lazım olan adamın, ya adını deyər, – əgər Əlişah onu tanıyırsa, – ya da uzaqdan göstərib oradan uzaqlaşardı. Və bir az keçincə də, mərəkə qopardı. Əlişah da nişan verilmiş adamı yanına çağırar ya da uzaqdan ən natəmiz söyüşlərlə söyməyə başlayardı.
Arada çox qəribə mənzərələrin şahidi də olurduq.
Olduqca səliqəli geyinmiş orta yaşlı bir kişinin Əlişahın onu söyməyə başladığını görüncə, yaxınlaşıb ovucuna pul basbığını və ya yaşlı buxara papaqlı birinin var gücü ilə arabanı təpıkləyib Əlişahın yerı yıxıldığını görmüşəm
Əlişah isə alacağı pulun müqabilində yzandığı yerdə belə dayanmadan söyərdi. Onun söyüşləri isə əsasən ata, ana və nənə olardı
Məsələn, “Sənin ananın povorodunu!” və ya “Nənənin puskavoyunu və dədənin filan-filan yerini…
Və belə idi Əlişahın işi, sənəti..
Sentyabr ayını axırları, bazar günü idi. Vaqiflə bazarda ayın-uyun alıb evə qayıdirdıq. O zaman biz Lənkəranın Qala adlanan məhəlləsində kirayədə qalırdıq.
Darvazanın taxta qapısını açıb içəri ayaq basanda heyrətdən donub qaldıq. Az qala həyətin yarisını örtmüş iri, qol budağlı armud ağacının altındakı stolun arxasında ev sahibəsi Əlişah ilə üzbəüz oturub çay içirdi. Doğrusu, bir az çaşdıq da… Və elə bildik ki, bu heyvərə indi də bizi başlayacaq söyməyə.
Tələsik mənzilin qapısından özümüzü içəri atdıq. Rahatlanmağa hazirlaşırdıq ki, qəfildən ev sahibəsinin kiçik nəvəsinin səsi yenidən əhvalımızı pozdu:
– Vaqif əmi, nənəm sizi çağırir
Vaqif daha dözmədi. İçəridə bərkdən çığırdı.
– Neyləyir bizi nənən?
– Bilmirəm, – dedi, – gəlsinlər çay içək..
Qadın çox xəsis adam idi. O səbəbdən təəəccüb etdik. Ancaq əlac qalmamışdı. Uzaqdan bizi görən Əlişah əl eləyıb stola dəvət etdi.
– Ə, bura gəlin.
Vaqif bərkdən:
– Bax söyüb eləmə ha, yoxsa pis olar…
Əlişah Vaqifin hədəsini eşitmişdı. O səbəbdən biz ona yaxınlaşan kimi köhnə tanışlar tək hər ikimizlə görüşdü və. Əli ilə ,”Oturun,” – işarəsi verərək, şaqqanaq çəkib gülməyə başladı.
Əlişah l:
– Ə, mən pulsuz heç kəsi söymürəm. Arxayın olun.
Ev sahibi durub getmişdu, Əlişah tək qalmışdı. Əlişah:
– Xalam nəvəsidir, – arada gəlib yoxlayıram .
Onun iri bədəsinə uyğun olmayan balaca ayaqları əlıl arabasından asılıb qalmışdı.
Hər ikimiz onunla üzbəüz oturmuşduq.
Əlişah:
– Harda oxuyursuz, – onun ilk sualı belə oldu.
– Pedaqoji məktəbdə, – mən dilləndim
-Deməli, müəllim olacasız.
– Elədir.
– Ədəbiyyat müəlliminiz kimdir ?
– Mir Haşım Talışlı.
– Əlişah, bu adı eşidən kimi gülümsündü.
– Böyük alim, gözəl insan, – sonra sözünə davam etdi.
– Heç bilirsiniz nə qədər nadürüst adamlar mənə pul vermək istəyiblər ki, o kişini söyüm… Ancaq heç birinin pullarını götürməmişəm. Neyləyim, mənim də müştərilərim namərdlər və qorxaqlar olur. Üzünə cəsarət edib söyə bilmədikləri adamları mənə pul verib söydürürlər. Ancaq hər adamin da qiyməti var. Adam olub yüz manata söymüşəm. Mənim də işim belədir.
Birdən Vaqif mənə sarı baxıb göz vürdu və gözlənilmədən soruşdu:
– Əlişah, “pavarod” nədi, “puskavoy” nədi?
Bunu eşidən Əlişah elə bərkdən güldü ki, səsi ətrafa yayıldı.
Sonra o, ev sahibəsini adı ilə çağırmağa başladı:
– Vəsmə, ay Vəsmə, gəl, gör, uşaqlar nə soruşur?
Ancaq Vəsmənin səsi gəlmədi
Əlişah:
-Deyəsən, hər ikiniz siqaret çəkirsiniz?
Və böyründəki zənbili götürüb qucağına qoydu. Oradan çörək, kolbasa, konfet və bir neçə qutu “Opal” siqaretini çıxarıb stolun üstünə düzdü.
– Bu sizindir. – Götürün, – dedi
Vaqif etiraz etmək istəsə də, Əlişah əlini yuxarı qaldırıb onu sakitləşdirdi.
Sonra əlini cibinə salıb bir büküm pul çıxartdı. Onların çoxu sarı manatlıq idi.
– Götürün, tələbə adamsız…
Ancaq heç birimiz pulu almadıq.
Nədənsə onun gözləri dolmuşdu: doluxsunmuş halda soruşdu :
– Niyə almırsiniz? Götürün…
Sonra bir andaca özünü ələ alıb üzünü mənə tutdu
– Deyirsiz Mirhaşım müəllim sizə dərs deyir?
– Elədir, – dedim.
Əlişah:
– Mənim bir sualımı müəllimə çatdırasınız. Nə cavab versə, gəlib deyərsiz.
– Nə sualdır elə? – dedim.
Müəllimdən soruşarsınız o nədir ki:
Min dərdlinin bir dərdi var,
Bir dərdlinin də min dərdi var,
Bir dərdin min dərmanı var,
Min dərdin bir dərmanı var.
Doğrusu, biz cəsarət edib Mirhaşım müəllimdən heç nə soruşa bılmədik.
Bir müddət sonra da bizə məlum olmayan səbəbdən sevimli müəllimimizi pedaqoji məktəbdən uzaqlaşdırdılar.
Bazara gedəndə isə çalışırdıq Əlişahın gözünə görünməyək.

