May ayında evliliklər uğursuz olur? YYSİB sədri, ictimai və mədəniyyət xadimi, kulturoloq Aydın Xan Əbilovdan maraqlı açıqlamalar
May ayının ilk günlərini yaşayırıq. Təqvim dəyişsə də, ölkədə illərdir formalaşmış sosial stereotip hələ də öz təsirini saxlayır: “May ayında toy olmaz”.
Əslində, bu fikir daha çox xalq arasında yayılmış köhnə inanc və adət-ənənələrin müasir dövrə daşınmış formasıdır.
Bir çox ailələr və xüsusilə yaşlı nəsil mayı “uğursuz”, “xeyirsiz” və ya “yas ayı” kimi qəbul etdiyi üçün bu dövrdə toy və şənlik mərasimlərinə ehtiyatla yanaşır. Nəticədə, ilin digər ayları ilə müqayisədə may ayında toy sifarişlərinin və şənliklərin sayında müəyyən azalma müşahidə olunur. Halbuki müasir dövrdə bu cür yanaşmalar artıq daha çox simvolik xarakter daşıyır. Gənc nəsil üçün tarix seçimi daha çox şəxsi imkanlar, məkanların boşluğu və uyğun logistika ilə bağlıdır. Buna baxmayaraq, bəzi bölgələrdə və ailələrdə “may ayı düşərli deyil” düşüncəsi hələ də qərarların verilməsində müəyyən rol oynayır.
Sosioloqlar bu fenomeni keçmişdən gələn mədəni qorxuların və xalq yaddaşının bir hissəsi kimi izah edirlər. Yəni bu, dini və ya elmi əsasdan çox, uzun illər formalaşmış kollektiv inanc modelidir.
O da məlumdur ki, may ayında toy edilməməsi inancı qədim dövrlərə qədər uzanır. Bir versiyaya görə, “may” sözü qədim Romada yaz ilahəsi Maia ilə bağlıdır və bu ayda şənlikdən çox rituallar, anım mərasimləri üstünlük təşkil edirdi. Hətta “Lemuriya” adlanan günlərdə evlilik mərasimləri dayandırılır, insanlar ölüləri yad edib dua edirdilər. Bu da mayın “toy ayı deyil” kimi yadda qalmasına səbəb olub.
Başqa bir xalq etimologiyası isə mayın uğursuzluğu ilə bağlıdır: yasəmən çiçəyi və “ya sən, ya mən” kimi yozulan simvolik ifadələr bu ayı sanki taledə riskli göstərib. Amma bu, daha çox lətifə və folklor qatıdır, real tarixi əsasdan uzaqdır.
Maraqlı bir detal da var: bəzi bölgələrdə bu inancın yayılmasını sonradan rus və erməni mühitindəki oxşar miflərlə bağlayırlar. Halbuki statistik baxış göstərir ki, məsələn, Rusiyada may ayında nikahların azalması yox, əksinə, bəzi illərdə artım belə qeydə alınır.
Tibbi izahlar da əlavə olunur: yazın sonuna doğru orqanizmdə hormon və əhval dəyişiklikləri həm yüksəliş, həm də eniş yarada bilir. Amma bu da elmi olaraq “toy üçün təhlükəli ay” demək deyil, daha çox ümumi mövsümi adaptasiya prosesidir.
Bəs hazırda ölkəmizdə vəziyyət necədir? Restoranlar may ayında toy sifarişləri qəbul edirlərmi?
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov qeyd edib ki, Azərbaycan xalqı həmişə etnik qruplara, millətlərə hörmətlə yanaşıb.
O, hesab edir ki, əsas fikirlərdən biri də ermənilərdə hansısa bir tayfanın mayı ağır ay kimi elan etməsi və toy edilməməsi ilə bağlı məşhur yanaşmadır:
“Bu fikir geniş yayılıb. Amma ümumiyyətlə, may ayı təbiətin oyanış ayı kimi, orqanizmdə gedən proseslərin mürəkkəbliyi ilə həmişə seçilib. Bu dövrdə qan dəyişikliyi gedir, orqanizmdə müxtəlif dəyişikliklər baş verir. Eyni zamanda kənd təsərrüfatının ən qızğın dövrünə təsadüf edir. Əkilmiş bitkilərə, tərəvəzlərə, ağaclara qulluq etmək lazımdır. İnsanlar yorğun olur, qışdan çıxmış vəziyyətdə yazın sonuna doğru orqanizmdə vitamin və mineral çatışmazlığı hiss olunur. Həm də havaların stabil keçməməsi mayın bir qədər ağır ay olmasına dəlalət edir. Məhz bu səbəblərdən deyilir ki, may “qan qaynayan” aydır və evlilik üçün o qədər də məqbul sayılmır.
İnsanların sağlamlıq vəziyyəti, orqanizmdə gedən proseslər, ümumi yorğunluq, bütün bunlar müəyyən təsirlər yaradır. Son vaxtlar belə fikirlər də səslənir ki, guya may ayında toy etməmək sovet dövründə formalaşmış yanaşmadır. Amma əvvəllər belə bir söhbət olmayıb. Bizim milli-mənəvi dəyərlərimizə görə toylar daha çox payızda edilirdi. Çünki artıq taxıl, digər kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz yetişirdi, satılırdı və ailələr iqtisadi baxımdan toya hazır olurdu. Digər ailələrin də “nəmər” vermək imkanı olurdu. Payızın əvvəlindən ortalarına qədər toylar daha çox keçirilirdi. Hava nə çox isti, nə də çox soyuq olurdu, qida bolluğu olurdu. Ümumiyyətlə, söhbət daha çox orta və kasıb təbəqənin etdiyi toylardan gedir.
May ayında toy edilməməsi ilə bağlı hələ də müxtəlif fərziyyələr irəli sürülür. Bu ayda xəstəliklər bir qədər ağır keçir, xroniki xəstəliklərdən əziyyət çəkən insanlar çətinliklərlə üzləşir. Təzyiq, qan dövranı problemləri artır. Eyni zamanda bitkilərin tozlanması ilə bağlı allergiyalar geniş yayılır. Bütün bunlara görə may ayında evlilik sağlamlıq baxımından məqbul sayılmır.
Digər tərəfdən, Azərbaycanda xristian albanları və xristian türklər də yaşayır. Onlar Pasxa bayramını qeyd edirlər. Pasxa adətən aprel-may aylarına təsadüf edir və bu dövr həm oruc, həm də dini baxımdan kədər və anım dövrü sayılır. İsa peyğəmbərin yad edildiyi bu mərhələdə toy etmək uyğun hesab olunmurdu və azərbaycanlılar da bu dövrdə toy etməməyə çalışırdılar. Ümumiyyətlə, aprel və may ayları həyatın yenidən canlandığı, təbiətin bərpa olunduğu dövrdür. Bu zaman insanlar daha çox təsərrüfat işlərinə yönəlirdi. Hətta bəzi hallarda müharibələr belə bu dövrdə dayandırılırdı.
Bir məqam da var ki, may ayında evlənənlər 9 ay sonra, qış aylarında uşaq sahibi olurdular. Keçmişdə isə qış çox çətin keçirdi – soyuq, ərzaq qıtlığı, tibbi imkanların zəifliyi və s. Bu da ailə üçün əlavə çətinliklər yaradırdı. Bütün bunları xalq böyük dəqiqliklə müşahidə edib və həyat təcrübəsi kimi formalaşdırıb. O dövrlərdə indiki kimi elmi biliklər olmasa da, insanlar bu bilikləri milli-mənəvi dəyərlər və həyat təcrübəsi vasitəsilə qoruyub saxlayıblar. Bu gün isə vəziyyət dəyişib. Komfort var, tibbi imkanlar genişdir, insanlar xəstəliklərlə mübarizə apara bilir. Ona görə də may ayında toy etməmək artıq bir qədər mübahisəli görünür. Amma yenə də bir məqam var: xalq heç nəyi səbəbsiz adətə çevirmir. Əgər bu ənənə formalaşıbsa, deməli, onun arxasında müəyyən həyat təcrübəsi və məntiq dayanır. Ona görə may ayında toy etməmək məsələsi bu gün də həm ənənə, həm də düşüncə olaraq yaşamaqda davam edir”.
Hazırladılar:
Daşqın Nəzərov
YeniMedia.net
Xalidə Gəray,
https://musavat.com/news/may-ayinda-evlilikler-ugursuz-olur-sok-aciqlamalar_1257981.html

