“Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı” layihəsinin icrasına başlanıldı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “ Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı ” layihəsinin icrasına başlayıb.
2026-ci ilin 01 may ayında başlayan, 2 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə Azərbaycandakı möhtəşəm təbiət hadisəsi sayılan, aktiv fəaliyyətdə olan palçıq vulkanları daxili və xarici turizm, xüsusən də ekoturizm üçün çox maraqlı obyektlər sayılır.
Ölkəmizə səyahət edən, xüsusən də Bakıya gələn turistləri palçıq vulkanlarına səyahətə cəlb etmək məqsədilə hazırlanan layihə müxtəlif maraqlı palçıq vulkanlarını əhatə edən turist marşrutları təklif etmək üçün onların daha yaxından araşdırılması, geniş kütlələr arasında populyarlaşdırılması, tanıdılması, kreativ xidmət və mədəni sənayenin bir hissəsi olaraq ölkəmizi dünyada tanıtmaq baxımından böyük maraq kəsb edir. Azərbaycanın palçıq vulkanlarının beynəlxalq ekoturizmə cəlb olunması bu günün tələblərinə uyğundur və onların mühafizəsi ilə yanaşı, eko-turizm obyekti olaraq yeni iş yerlərinin yaranmasına təsirini də tədqiq etmək məqsədəuyğundur.
Azərbaycanda fəaliyyətdə olan bir çox palçıq vulkanları daxili və xarici ekoturizm subyektləri olaraq araşdırılacaq. Palçıq vulkanları, xüsusən onların ölkəmizdə daxili və xarici ekoturizmin inkişafı baxımından tədqiq edilməsinə təkan vermək üçün elmi-yaradıcı şəxslərdən ibarət qrup formlaşdırılacaq.
Əsasən əhali arasında ekoturizm və palçıq vulkanları ilə bağlı tanıtım tədbiri təşkil olunacaq.
İqbal Rüstəmli

