Cənub bölgəsinin – Lənkəranın ədəbi mayakı: “Şəfəq” jurnalının yubileyi. – Leyla Məcidova yazır
Əziz ədəbi dostlar bizim üçün sözün həqiqi mənasında bir bayramdır. Lənkərandan doğan və 35 illik ömrü ilə bütöv bir ədəbi məktəbə çevrilən “Şəfəq” jurnalının yubileyini qeyd edirik. Azərbaycanın görkəmli yazıçısı, dramaturqu və publisisti Məmmədhüseyn Əliyev Lənkəranın zəngin ədəbi-mədəni mühitinin formalaşmasında və mətbuat tarixində çox mühüm rol oynamış ziyalılardandır.
Onun təsisçiliyi və baş redaktorluğu ilə işıq üzü görən “Şəfəq” jurnalı bölgədə yaradıcı gənclərin yetişməsində, lirik və publisistik fikrin inkişafında əvəzsiz bir körpü olmuşdur. Məmmədhüseyn müəllim həm özünün bədii yaradıcılığı,maraqlı dram əsərləri və nəsr nümunələri ilə, həm də regional mətbuatın qurucularından biri kimi Azərbaycan mədəniyyəti tarixində dərin iz qoyub.
Bu fədakar ziyalının və onun əsasını qoyduğu mətbu orqanın irsini qorumaq, araşdırmaq və gələcək nəsillərə ötürmək bu gün də çox böyük tarixi və mənəvi əhəmiyyət kəsb edir.
Onun vəfatından sonra,ltifat Saleh bu gözəl ənənəni davam edib. Allah hər iki ziyallını rəhmət eləsin.
Jurnalın ilk nömrəsindən etibarən neçə-neçə gənc qələmə ümid, inam və yaradıcılıq ruhu bəxş etdi. “Şəfəq” təkcə bir jurnal olmadı, həm də bölgə ədəbiyyatının nəfəsinə çevrildi.
Daha sonra Yazıçılar Birliyinin sədri seçilən Qafar Cəfərli bu müqəddəs yolu davam etdirərək jurnalın fəaliyyətini yenidən canlandırdı, ona yeni nəfəs verdi. Beləliklə, “Şəfəq” jurnalı 35 il boyunca yorulmadan, usanmadan oxucularına dəyərli yazılar, sanballı fikirlər və ədəbi zövq təqdim etdi.
Bu jurnal neçə-neçə istedadlı qələm sahibinin ilk ünvanı, ilk sevinci, ilk uğuru oldu. “Şəfəq” bu illər ərzində təkcə səhifələrində yazılar çap etmədi, həm də sözə, sənətə və mənəviyyata xidmət etdi.
Bu əlamətdar yubiley münasibətilə jurnalın bütün yaradıcı heyətini, müəlliflərini və oxucularını ürəkdən təbrik edir, “Şəfəq”ə daha uzun ömür, daha böyük uğurlar arzulayıram . Qələmin işığı heç vaxt sönməsin!
Leyla Qadir qızı Məcidova
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru dosent

